Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

Bakının simvolu bərpa olunacaq


Qız Qalası
Qız Qalası
Paytaxt Bakının simvolu hesab edilən Qız Qalası bərpa olunacaq. Bu barədə AzadlıqRadiosunun «Can Bakı» proqramına İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri məlumat verib. Mətbuat katibinin sözlərinə görə, bərpadan öncəki proses - konservasiya işləri Qız Qalasının İsa bəy Hacınskinin mülkünə baxan hissəsində aparılır. Bu, ikinci konservasiyadır.

Birinci konservasiyaya ötən ildə start verilmişdi. Konservasiya işlərini mötəbər xarici şirkətlər həyata keçirir. Almaniyanın «Remmers» və Avstriyanın «Pumer» şirkətləri indiyədək dünyanın ən məşhur tarixi abidələrinin bərpasını gerçəkləşdiriblər. Artıq şirkətlərin yüksək ixtisaslı mütəxəssisləri Bakıdadırlar.

Rahib Azəri deyir ki, əgər siz qalanın yuxarısına baxsanız, müəyyən hissələrdən daşların düşdüyünün şahidi olacaqsınız. «Uzun illərdir ki, yağış sularının daşları yuması nəticəsində qalada çox təhlükəli vəziyyət yaranıb. Yağış suları daşların içərisini dələrək bərkidici məhlulun dayanıqlığına ziyan vurub, onu yuyub aparıb». Aparılan bərpa nəticəsində qalanın görkəmini dəyişmədən dayanıqlığın artırılacağı nəzərdə tutulur.

Qoruğun sözçüsünün dediyinə görə, bu Azərbaycanda, həm də Bakıda bənzəri olmayan bərpa işləri olacaq. «Çünki Qız Qalası bizim nadir incimizdir və onu olduğu kimi saxlamağa çalışmalıyıq ki, gələcək nəsillərə çatdıra bilək». Qoruq İdarəsi bu işləri yüksək səviyyədə, beynəlxalq təcrübə və texnologiyaların tətbiqi ilə başa çatdırmaq fikrindədir.

Hələlik isə, XII əsr Bakısının bu unikal və bənzərsiz abidəsində konservasiya işləri gedir. Bərkidici məhlulların nə qədər dayanıqlı olması yoxlanılır. Bu yoxlamalar noyabrın sonlarında bitəcək, yekun qərar veriləcək və bərpa prosesinə başlanacaq.
XS
SM
MD
LG