Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Qış qapının ağzını kəsdisə, qaz kimi işıq da yoxa çıxır....


Qışa hazırlıqla bağlı keçirilən müşavirələrdə məmurlar bölgələrdə vəziyyətin ildən-ilə yaxşılaşdığını bildirirlər

Qışa hazırlıqla bağlı keçirilən müşavirələrdə məmurlar bölgələrdə vəziyyətin ildən-ilə yaxşılaşdığını bildirirlər

«Qışda çox çətindir. Çox da məmurlar danışanda tərifləyir, ancaq hamı bilir ki, istilik sistemi Bakıda 80 faiz işləmir. Ona görə hamı elektrikdən istifadə etməyə məcburdur, o da yoxdur...»

Bakının Yasamal rayon sakini Sevda Əliyeva deyir ki, baxmayaraq ki, o şəhərdə yaşayır, işıq problemindən əziyyət çəkir. Deyir ki, bir neçə gün əvvəl Bakıda hava birdən-birə soyuyandan sonra yaşadığı binada qonşularının elektrikdən necə istifadə etdiklərinin şahidi olub, nəticədə xətlər yüklənib və partlayış olub:

«Artıq üzü qışa gedirsə, demək problemlər yaxınlaşır» –deyə evdar qadın dərindən ah çəkir.

«İSTƏMİRİK QIŞ GƏLSİN»

Bakı ətrafı kənd və qəsəbələrində yaşayanlar isə elektrik problemini daha çox hiss edir. Buzovna sakini Əhməd Tağıyev deyir ki, istiliklə, işıqla bağlı indidən onu qara qayğı alıb:

«Düzdü, hələ ki, indi işıqlar qışda olduğu kimi sönmür, arabir sönür. Ancaq keçən qış çox əziyyət çəkdik. Bu qış da belə olacağından qorxuruq».

Maştağa sakini Sahib Məmmədov isə deyir ki, yaşadığı məhəllədə külək əsən kimi işıq sönür:

«Həftədə 2-3 dəfə işıq sönməlidir. Bunsuz olmaz. Yoxsa darıxarıq...»

«BU QIŞ ƏVVƏLKİLƏRDƏN FƏRLİ OLACAQ»

«Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyir ki, hələ ki, elektriklə bağlı heç kimdən şikayət eşitməyib:

Tanrıverdi Mustafayev
«Burda darıxıram, gözləyirəm, kimsə zəng vurub problemi haqqında desin. Ən çox Bakı ətrafı kənd və qəsəbələrdə yenidənqurma işləri aparılır. Çox gözəl yarımstansiyalar tikilir, 1000-dən artıq yeni transfarmotorlar quraşdırılır. Üç il ərzində 4300 meqavatdan artıq güc artırılıb».

Tanrıverdi Mustafayev deyir ki, bu ilki qış əvvəlki qışlardan xeyli fərqli olacaq:

«O mənada ki, son 3 ildə aparılan işlər öz nəticəsinin bu qış göstərəcək. Abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Problem pulunu vaxtında ödəməyən abonentlə yarana bilər. Abonent pulu vaxtında ödəməyəndə problem yaranacaq, işıq olmayacaq, pulunu ödəyən 24 saat elektrik enerjisi ilə təmin olunacaq».

BÖLGƏLƏRDƏ QADINLAR TƏZƏK TƏDARÜKÜ GÖRÜR

Bölgələrdə yaşayanlar isə deyirlər ki, onlara heç vəd verən də yoxdur. Xaçmaz sakini Həlimət Babayeva deyir ki, işıq yoxdur, qaz yoxdur, deməkdən dili qabar bağlayıb:

«İşıq yoxdur, söndürürlər, buna baxmayaraq bizdən pul da istəyirlər».

Xaçmazlı 15 yaşlı Bəyrza Məmmədovsa deyir ki, işıq olmadığından məktəblərində zəng də çalınmır:

««Barmek» gedəndən kəndimizdə işığı gündə bir neçə dəfə söndürürlər. 12-də yandırıb 2-də söndürürlər, 5-də yandırıb 7-də söndürürlər. Televizora da baxa bilmirik. Məktəbdə isə həmişə odun yandırıblar».

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, onlara elektrik enerjisi isə bağlı şikayətlər daha çox Bakı kəndlərindən gəlir. Bölgələrindəki vəziyyəti isə öz gözüylə görüb:

«Dünən regionlardan qayıtmışam. 20-yə yaxın kənd məktəbində olmuşam. Saatlının, Sabirabadın kəndlərindəki məktəblərin işıqsız olduğunu gördüm. Muğan rayonlarında meşə də yoxdur, 14-cü əsrdə olduğu kimi qadınlar mal təzəyinin tədarükünü görür. Əhalinin enerjiylə təmin etməyən təchizatçı qurumlar isə ölkə başçısının yanında da istehlakçıların oğru obrazını yaradırlar. Əgər sən istehlakçının hüququnu pozub onu təmin etmirsənsə, o da pul verməyəcək».

Qışa hazırlıqla bağlı keçirilən müşavirələrdə isə məmurlar bölgələrdə vəziyyətin ildən-ilə yaxşılaşdığını bildirirlər.

Şərhləri göstər

XS
SM
MD
LG