Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:29

Beynəlxalq Respublikaçılar İnstitutu niyə gedir?


Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdan getməsinə səbəb budur ki, bu təşkilat Amerika Beynəlxalq İnkişaf Agentliyi – USAID-nin təklif etdiyi layihələr üzrə yox, özünün müstəqil seçdiyi layihələr üzrə işləmək istəyib. Amma İnstitutun layihələrinə maliyyə ayıran USAID buna razılaşmayıb və Respublikaçılar İnstitutuna maliyyə ayırmayıb. Beləliklə, Respublikaçılar İnstitutu qərar verib ki, Azərbaycandan getsin.

Bunu AzadlıqRadiosuna adının çəkilməsini istəməyən, hadisələri yaxından izləyən qərbli mənbə deyir.

SƏFİRLİYİN MÖVQEYİ

Amerikanın Azərbaycandakı səfirliyi isə bəyanatında deyir ki, Respublikaçılar İnstitutu USAID-ə maliyyələşmə üçün ümumiyyətlə layihə təqdim etməyib.

Səfirliyin sözçüsü Terri Devidsonun bəyanatında deyilir:

Terri Devidson
- ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) həyata keçirdiyi proqramlar üzərində müntəzəm yoxlamaları başa çatdırıb və yeni layihə təklifləri üçün elan verib. Təşkilat daxilində aparılan bu prosesdə Milli Demokratiya İnstitutu (NDİ) və Beynəlxalq Seçki Sistemləri Fondunun - IFES öz layihələrini təqdim ediblər. Ona görə də bu təşkilatlar Amerika səfirliyi ilə əməkdaşlıq etməkdə davam edəcəklər. İRİ bu prosesdə iştirak etməyib və nəticədə Azərbaycanda fəaliyyətini dayandırmaq iqtidarındadır. İRİ Azərbaycanda demokratiyanın gücləndirilməsi istiqamətində bizim səylərimizə əhəmiyyətli töhfə verib.

RESPUBLİKAÇILAR İNSTİTUTU STRATEGİYASINI DƏYİŞİR?


Politoloq Zərdüşt Əlizadə isə bildirir ki, Respublikaçılar İnstitutunun gələn il üçün layihələri var idi, bir ay qabaq o, politoloq Leyla Əliyeva ilə birlikdə İnstitutun Bakı ofisinin rəhbəri Ceyk Consla gələn il üçün layihələrini müzakirə ediblər. Ceyk Consun mövqeyi belə olub ki, İnstitut bundan sonra strategiyasını dəyişir və daha çox vətəndaş cəmiyyəti ilə işləmək istəyir:

- Respublikaçılar İnstitutu siyasətdə yeni qüvvələr və yeni adamlar görürdü və hesab edirdi ki, bu yeni adamlar daha savadlı və bacarıqlıdır, ölkəyə daha çox xeyir verə bilərlər.

ÖLKƏNİ TƏRK ETMƏKDƏ SİYASİ SƏBƏB VARMI?

Söhbət etdiyim başqa politoloqlar Respublikaçılar İnstitutunun Bakıdan getməyində siyasi səbəb görmürlər, əsas arqumentləri budur ki, hal-hazırda iki ölkənin münasibətlərinin bu səviyyədə pisləşməsi üçün ciddi səbəb yoxdur.

Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Cons AzadlıqRadiosunun «USAID-ə layihə təqdim etmisinizmi və strategiyanızda dəyişiklik varmı?» suallarını cavablandırmaqdan imtina edib, media ilə söhbət hüququnun səfirlikdə olduğunu bildirib:

İlqar Məmmədov
- Mən bircə bunu deyə bilərəm ki, Respublikaçılar İnstitutu ölkədə qalmaq üçün əlindən gələni edib və biz mümkün olduğu qədər burada qalmaq istəyirik.

İLQAR MƏMMƏDOV: «OLA BİLSİN Kİ, SƏBƏB BÜDCƏ KƏSİRİDİR»


Başqa bir politoloq İlqar Məmmədov isə deyir ki, o, Respublikaçılar İnstitutunun Azərbaycandan gedəcəyini əvvəlcədən bilirmiş, öz mənbələrindən ona məlum olub ki, USAID Bakıdakı üç İnstitutuna – Milli Demokratiya İnstitutu, Beynəlxalq Seçki Sistemləri Fondu və Respublikaçılar İnstitutuna deyib ki, onlar gələn il üçün birləşib vahid layihə təqdim etsinlər. Amma Respublikaçılar İnstitutu ayrıca layihə təqdim edib və layihəsi keçmədiyində maliyyəsiz qalıb ölkədən gedir. Bəs gələn il parlament seçkisi ərəfəsində USAID niyə layihələri birləşdirmək qərarına gəlib?
İlqar Məmmədovun cavabı:

- Bunu demək çətindir, məncə, bu, daha çox iqtisadi səbəblə bağlıdır, çünki Amerika büdcəsinin kəsiri indi rekord vurub, ola bilsin ki, bununla bağlıdır.

USAID-nin Bakı ofisi məsələyə şərh vermir, suallarımızı ABŞ-ın Bakıdakı səfirliyinə yönəltməyimizi xahiş edir. ABŞ səfirliyinin mətbuat xidmətindən material hazırlanan müddətdə əlavə şərh almaq mümkün olmadı, mətbuat xidməti telefon zənglərimizə cavab vermədi.

ƏLİ ƏHMƏDOV TƏƏSSÜFLƏNİR

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov media forum saytına açıqlamasında İnstitutun bağlanmasını belə şərh edib:

Əli Əhmədov
- İndi hər hansı maliyyə probleminə görə fəaliyyətlərini dayandırırlarsa, biz buna təəssüflənirik. Onların maliyyə problemlərinin nə zamansa həllini tapıb Bakıda yenidən fəaliyyətə başlayacaqlarına ümid edirəm.

Beynəlxalq Respublikaçılar İnstitutu ABŞ-ın mühafizəkar çevrələrinə bağlıdır və hazırda müxalifətdə olan Respublikaçılar Partiyasına yaxın qurum kimi tanınır.

Təşkilat Bakıda fəaliyyətə 1998-ci ildə başlayıb. Cəmi iki il sonra, 2000-ci ilin məhz noyabrında İnstitutun Bakı ofisinə rəhbərlik edən Amerika vətəndaşı, ABŞ-ın Respublikaçılar Partiyasının fəalı Con Elvis müəmmalı şəkildə öldürülüb, cinayətin üstü hələ ki, açılmayıb.

Respublikaçılar İnstitutu Azərbaycana demokratik dəyərlərin gətirilməsi istiqamətində fəaliyyət göstərirdi və müxalifət, vətəndaş cəmiyyəti, o cümlədən, hakimiyyətlə birgə layihələr həyata keçirirdi.

Təşkilatın 2009-cu ildə həyata keçirdiyi ən böyük layihə ölkədə gənc siyasi liderlərin yetişdirilməsi ilə bağlı olub.

Respublikaçılar İnstitutu Azərbaycanın regionlarda da siyasi fəallarla birgə işləyib, demokratiya prinsiplərinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirib.
XS
SM
MD
LG