Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Mətanət Müslümqızı: «Bizdə xanımların fəallığı azdır»


Rəqsanə Məmmədova və Mətanət Müslümqızı
Rəqsanə Məmmədova və Mətanət Müslümqızı
İki aydır ki, Bakıda Sülh və İnsan haqlarıyla bağlı Cənubi Qafqaz Film Festivalından seçilən sənədli filmlərin nümayişi keçirilir. Festival və filmlər barədə daha geniş bilgi almaq üçün bu tədbirə qatılan Media Hüquqları Mərkəzinin sədri Mətanət Müslümqızını və filmlərin nümayiş olunduğu Norveç İnsan Haqları Evinin koordinatoru Rəqsanə Məmmədovanı «Can Bakı»nın qonağı etdik. Söhbəti həm oxuya, həm dinləyə bilərsiniz.

- Mətanət xanım, lütfən, ilk öncə festival barədə bizə danışın. Harada keçirilir, kimlər dəstək olur, festivalın varlığından necə xəbər tutdunuz?

M.M.: İnternetdə bir elana rast gəldim. Orda Sülh və İnsan Haqları ilə bağlı Cənubi Qafqaz Film Festivalının keçirilməsi xəbəri yer almışdı. Sözün düzü, film və festival sözünün ikisi də diqqətimi çəkdi. Maraqlandım. Öyrəndim ki, Cənubi Qafqazda 4-cü ildir ki, belə film-festival şəbəkəsi fəaliyyət göstərir. Onlara Almaniyanın Henrix Böll Fondu və İsveçrənin Gürcüstandakı səfirliyi ciddi dəstək verir. Hazırda bir neçə partnyor təşkilatlar da qoşulub onlara.

- Festivalın özəlliyi nədir?

M.M.: Festivala çıxarılan bütün filmlər sənədli filmlər olur. Cənubi Qafqazın istənilən bölgəsində kim qalib olsa, donorlar filmləri həmin ölkənin dilinə tərcümə edirlər. Sən o filmləri öz şəhərində, öz evində-ocağında, öz dilində soydaşlarına göstərmək imkanı qazanırsan. Ən önəmlisi budur ki, o filmləri müzakirə edirsən. Çünki bölgələrdə kinoklublar yoxdur, olsa da insanlar kinoya baxmaq üçün kluba getmirlər. Ona görə də, mən düşündüm ki, qalib gəlsəm soydaşlarıma belə bir hədiyyə etmiş olaram. Azərbaycandan seçilən 5 qalibin arasında mən də vardım. Bizi İstanbula dəvət etdilər. Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı Abxaziya, Osetiya kim münaqişə rayonlarından da qaliblər vardı. 40-dan çox nümayəndə iştirak edirdi. Dünyada tanınmış rejissorlarla, ekspertlərlə müzakirə aparırdıq. Bizə 20 film təqdim olundu. İçindən 6-sını seçmək tapşırıldı. Düşündüm ki, elə film seçməliyəm ki, Azərbaycan tamaşaçısına gərəkli olsun. İnsanlar filmi müzakirə edərkən öz problemini digər ölkələrin problemləri ilə müqayisə edə bilsin. Çətin də olsa, 6 filmi seçə bildim.

- Bakıda filmlərin nümayişi, müzakirəsi sizi razı saldımı?

M.M.:
3 gün nümayiş etdirdik filmləri. Xeyli tamaşaçı gəlirdi, müzakirə açırdıq. Mənə ən xoş gələn səmimiyyət idi. İnsanlar film barədə çox rahat danışa bilirdilər. Filmdə gördüklərini öz dərdləri ilə tutuşdururdular. Seçdiyim filmlər arasında «Oskar» almış 8 dəqiqəlik animasiya filmi vardı—«Qonşular» adlı, çox dəyərli filmdir. Müharibənin, münaqişənin insanlara, millətlərə nələr gətirdiyini rejissor 8 dəqiqə içində o qədər təsirli verə bilmişdi ki, ona baxanda göz yaşlarımı saxlaya bilmirdim. Kanadalı rejissor Norman Maklerem çəkib. «Oskar»a veriləndə, filmin bir kadrını çıxarıblar. Bir kişinin qonşu qadının qucağındakı uşağı öldürdüyü səhnəni. Rejissorun təkidi ilə həmin kadr ora yenidən salınıb. Bax, həmin filmi sonuncu gün tamaşaçılara göstərdik. Çox təsirlənmişdilər.

Daha bir film Misirdə, 2005-ci il prezident seçkiləri dönəmində çəkilmiş filmdə 3 xanım, müxtəlif peşə sahibi olan xanım bir araya gəlib «Biz sizi izləyirik» adlı hərəkat yaradırlar. Cihan Nuceym və Şərif Elkatşanın çəkdiyi filmdir. Bu film də çox maraqla qarşılandı. Biz hər dəfə 45-50 nəfəri dəvət edə bilirdik. Bu da az idi. Ağlıma gəldi ki, Norveç İnsan Haqları Evinə müraciət edim. Oranın koordinatoru Rəqsanə xanım bizim baxışlarda iştirak edirdi. Razılaşdılar. Bu qərara gəldik ki, həmin filmləri ayda bir dəfə onların ofislərində göstərək. Artıq oktyabrın 15-də haqqında danışdığım Misir filmini Norveç İnsan Haqları Evində göstərdik.

- Rəqsanə xanım, siz də söhbətə qoşulun. Necə oldu ki, festival filmlərinin baxışını öz ofisinizdə davam etdirmək qərarı verdiniz?


R.M.: Mətanət xanım dediyi kimi, mən də baxışda iştirak etdiyimdən, filmlərin Azərbaycan seyrçisinə verəcəyi mesajları görə bildim. Filmlərdə dünyanın müxtəlif ölkələrində baş vermiş insan haqları ilə bağlı pozuntular yer alsa da, yerli tamaşaçı üçün bu çox önəmli idi. Və bu filmlərə hər gün 45-50 nəfərin baxması haqsızlıq olardı. Daha geniş kütlənin baxa bilməsi üçün yer ayırmaq qərarına gəldik. Əvvəl müəllif hüquqları ilə bağlı problem olub-olmayacağı ilə maraqlandıq. Bütün hüquqların Mətanət xanımda olduğunu biləndən sonra bu işə razılıq verdik. Qərara gəldik ki, qapıları açaq. Nə qədər insan bu filmləri görsə, cəmiyyətin inkişafına bir o qədər fayda verər. Məsələn, Misirdəki prezident seçkiləri ilə əlaqədar başlanmış hərəkatı götürək. Misir deyərkən, düşünürük ki, bir müsəlman ölkəsidir, yəqin ki, orda qadınların hüquqları pozulur, azad sözə qadağalar var və s. Amma filmdəki qadınların müasirliyinə, təcrübəsinə heyran qaldıq. Bizimlə bənzətmələr apardıq, gördük ki, Azərbaycanda da belə qadınlar az deyil. Sadəcə fərq ondadır ki, biz birləşmək hissini itirmişik. Oradakı 3 qadın arxasınca xeyli kütlə apara bilirdi. Hətta onlar polisə üz tutdular ki, biz sizlərdənik. Əslində polis onlara fiziki zor tətbiq etmirdi. Sadəcə, əlində zopa tutmuşdu. Bəlkə də, çaxnaşma olsaydı, bu zopalar işə düşəcəkdi...Mən o kadrlara baxanda təəssüf etdim ki, biz Azərbaycanda kütləvi konsertlər təşkil edəndə , adamları narahat etməkdən qorxmuruq, amma hüququ pozulmuş bir neçə adam hər hansı bir məsələyə münasibət bildirəndə, polisin müdaxiləsi ilə üzləşir. Nə yazıq ki, bizim polis həmin anda vətəndaşını unudur və vəzifəsini düşünür.

Filmdə digər məqam hakimlərin müstəqil olması idi. Elə hakimlər vardı ki, həqiqəti qorumaq yolunda o qədər şücaətli idilər ki, hətta istefa verməkdən belə çəkinmirdilər. Filmə baxa-baxa düşünürdüm ki, görəsən bizdə də belə hakimlər varmı? Bizim hakimlərdən heç olmasa biri haqq-ədalət naminə öz postunu tərk edərmi?

- Filmlərin baxışına daha çox hansı kəsimlər gəlirdi?

M.M.: Biz xüsusilə gənc xanımlara önəm verirdik. Azərbaycanda xanımların fəallığı azdır. Söhbət ictimai-siyasi fəallıqdan gedir. Gələnlər vardı. Mənim fikrimcə, bizdə insanların özündə bu tipli aksiyalara, fəaliyyətə münasibətdə bir bəsitlik var, yanaşmada kasadlıq var. Ona görə də, bizlər nə qədər çox dünya ölkələri ilə bağlı informasiya mübadiləsini fəallaşdırsaq, bir o qədər onların düşüncəsinə təsir edə bilərik. Mən dayanmayacağam. Ayda iki dəfə Norveç İnsan Haqları Evində seçdiyim filmləri göstərəcəyəm. Sonra rayonlara gedəcəyik. Müharibə ilə, sülhlə, miqrasiya ilə, uşaq hüquqları ilə bağlı çox dəyərli filmlər var. Hamısını göstərmək fikrimiz var. Məsələn, Afrikada--Liberiyada diktator oturub prezident postunda, küçələrdəki əli avtomatlılar ölkəni idarə edir. Bu 54 dəqiqəlik filmdə qadınlar nə qədər böyük mücadilə edirlər prezident seçkisində və bir qadını prezident seçə bilirlər.

Mən bu filmlərdən çox böyük zövq aldım. Çünki qəhrəmanlar uydurma deyil, gerçək həyatdan götürülüb. Məsələn, «İşləyən ana» filmi var. İsraildə 15 il işləyən Boliviyalı bir qadının həyatındandır. Bu zavallı qadın 15 il ailəsinin üzünü görmür. Pul göndərir - ev tikilir, pul göndərir-oğul təhsil alır və s. Nəhayət, 15 ildən sonra Vətənə dönəndə, ailə, doğmalar bu adamdan imtina edir...Azərbaycanda nə qədər miqrant qadınlar var? Mən bu filmləri təsadüfən seçməmişəm ki? Bax, elə bu filmə baxanda, nə qədər ağlayan qadın gördüm zalda. Yüzlərlə, minlərlə Azərbaycan qadını həmin taleni yaşamırmı?

Yaxud, qırğız filmi var—«Asıl», uşaq əməyinin istismarından bəhs edir. İnanın, elə bil ki, Azərbaycanda yaşayan, əməyi istismar olunan, hüquqları tapdanan, təhsildən kənarda qalan uşaqların həyatını çəkiblər. O qədər oxşarlıqlar var. Daha bir film Xorvatiyada baş verən müharibədən çıxmış qazilərin həyatındandır, onların etiraflarıdır. 3 münaqişə tərəfinin nümayəndələri 25 dəqiqə ərzində savaşla, sülhlə bağlı etiraflarını danışırlar ekrandan...

Bu Festivalın bir amacı da odur ki, insanlar öz ölkələrində oturub, başqa ölkələrdə baş verənlərlə tanış ola bilsinlər. Festivalın donorları onu da hədəfə alıblar ki, insanlar informasiya mübadiləsində olsunlar. Bu, çox önəmlidir. Məsələn, mən bilmirdim ki, Liberiyada belə qadın hərəkatı olub. Bilmirdim ki, Misirdə belə şahanə hərəkat olub. Amma baxdım –gördüm onlar bunu etdilər, diktatoru taxtdan endirə bildilər. Ancaq biz hələ də ədalətli seçki keçirə bilmirik. Biz də münaqişələrin çözülməsini istəyirik, biz də hüquqi dövlətdə yaşamaq istəyirik, biz də rüşvətsiz təhsil almaq istəyirik...Yəqin ki, festivalın götürdüyü maarifləndirmə işinin bir xətti də budur.
XS
SM
MD
LG