Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Xəstələnəndə ölməmək hüququ...


Vətəndaşların əksəriyyəti qanunlarla onlara verilən tibbi yardım hüquqlarının təmin olunmadığını deyirlər

Vətəndaşların əksəriyyəti qanunlarla onlara verilən tibbi yardım hüquqlarının təmin olunmadığını deyirlər

«UCUZ ƏTİN ŞORBASI», YA PULSUZ TİBBİ YARDIM?

«Bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur».

Bu elan bütün dövlət xəstəxanalarında elə qapının girişindəcə asılıb. Amma xəstəxanadan çıxan insanlar deyirlər ki, bu elan elə kağız üstündə qalır və əslində səhiyyə müəssisəsində xidmət pulludur. Ümumiyyətlə, vətəndaşların əksəriyyəti qanunlarla onlara verilən tibbi yardım hüquqlarının təmin olunmadığını deyirlər.

AzadlıqRadiosu və «İnternyus Azərbaycan» təşkilatının birgə layihəsi «Hər kəsin haqqı var» verilişində məhz tibbi yardım hüququndan söz açmışıq.

«XƏSTƏLƏR HÜQUQLARINDAN TAM İSTİFADƏ EDƏ BİLİRLƏR»


Əhaliyə zəmanətli tibbi xidmət göstərməli olan xəstəxanaların baş həkimləri hər şeyin qaydasında olduğunu deyirlər. Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, burada dərman və ərzaq təminatı ilə bağlı problem yoxdur:

«Rayon xəstəxanasında müalicə alanlar onlara qanunla verilən bütün hüquqlarından tam istifadə edə bilirlər».

«HEÇ YERDƏ XƏSTƏLƏRİ PULSUZ MÜAYİNƏ VƏ MÜALİCƏ ETMİRLƏR»


İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Dünya Sakit isə bildirir ki, Azərbaycan vətəndaşlarının tibbi yardım almaq hüququ yalnız qanunlarla təmin olunub. Reallıqda indi heç bir dövlət müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil:

«Nə müayinə, nə də müalicə pulsuz deyil. İnkişaf etmiş ölkələrdə səhiyyə bütün vətəndaşlar üçün pulsuz olmur. Bu cür güzəştlər müəyyən qisim insanlar üçün nəzərdə tutulur. Amma həmin güzəştlər doğrudan da tətbiq edilir».

«BÖYRƏK ÇATIŞMAZLIĞI OLANLAR ÖZLƏRİ DƏRMAN ALIRLAR»

Dünya Sakit deyir ki, Azərbaycanda da bir qisim xəstələrin müayinə və müalicəsi dövlət hesabına həyata keçirilməlidir. Amma bu sahədə də ciddi problemlər var:

«Məsələn, böyrək çatışmazlığı olanlar hemodializ üçün uzun növbəyə dayanmalı olurlar. Vaxtın keçməsi isə onlara həyatı bahasına başa gələ bilər. Ona görə də çox vaxt bu xəstələr öz hesablarına müalicə olunurlar.
Musa Quliyev
Yalnız Bakıda şəkərli xəstələrin dərman preparatları ilə təminatına nail olmaq mümkün olub».

«PULSUZ TİBBİ XİDMƏTİN GÖSTƏRİLMƏSİNDƏ PROBLEMLƏR VAR»


Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev də etiraf edir ki, indi hər kəsin pulsuz tibbi xidmət hüququ tam təmin olunmur:

«Bu, bizi də qane edən səviyyədə deyil. Yəqin ki, Səhiyyə Nazirliyinin rəhbərliyi də arxayın deyil ki, bu xidmət tam lazımi səviyyədə həyata keçirilir».

«AVADANLIQ VAR, ONU İŞLƏDƏ BİLƏN HƏKİM YOXDUR»


Musa Quliyev son illər tək Bakıda yox, regionlarda da müasir tibbi diaqnostik mərkəzlərin açıldığını, onların ən modern avadanlıqlarla təchiz olunduğunu deyir:

«Amma bu cihazların çoxunu işlədə bilən həkim kadrlarımız yoxdur. Bu problemin də həlli üçün müəyyən işlər görülməlidir».

«HEÇ DEPUTATLAR DA TİBBİ SIĞORTA MƏSƏLƏSİNİN NƏ YERDƏ QALDIĞINI BİLMİR»


Deputat həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənlikdən də narahatlığını bildirir. Onun sözlərinə görə, ötən il bu sistem pilot rayon olaraq Siyəzəndə tətbiq edilib:

«Amma bilinmədi ki, onun nəticələri nə oldu. Nə ictimaiyyətin, nə də bir millət vəkili kimi bizim bundan xəbərimiz yoxdur».

İCBARİ TİBBİ SIĞORTA MALİYYƏ BÖHRANININ GÜDAZINA GEDİB


Dünya Sakit isə hesab edir ki, Azərbaycan hakimiyyəti qlobal maliyyə böhranına görə bir sıra layihələrin tətbiqini dondurub və onlar sırasında icbari tibbi sığorta da var.

«Sağlamlığa Çağırış» QHT Alyansının rəhbəri Süleyman Cəbrayılov isə tibbi sığorta ilə bağlı məsələdə səhiyyənin kadr probleminin olduğunu düşünür. Onun fikrincə, Səhiyyə Nazirliyində ya bu işləri həyata keçirəcək kadr yoxdur, ya da buna vaxtları çatmır:

«Çünki bu adamlar bəzən bir neçə vəzifə tuturlar, hətta 7-8 vəzifə tuturlar. Əsas problem kadrlar, onların yerləşməsi və bu işi həyata keçirmək üçün lazım olan adamların işə cəlb olunmasıdır».

Şərhləri göstər

XS
SM
MD
LG