Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35
Ötən həftə Vəcihə Səmədova adına Sərgi Salonunda tanınmış rəssam İsmayıl Əsədoğlu-Məmmədovun «Bakı-Nyu York-Tranzit» sərgisi düzənləndi. «İz» mədəniyyət proqramı olaraq, sərginin qapanış günü salona baş çəkib, həm ekspozisiyaya tamaşa etdik, həm də rəssamla görüşüb söhbətləşdik. Düzü, təəccübləndik. Ekspozisiyada 90-a yaxın yağlı boya, bir o qədər də cizgi rəsmi vardı. Bir rəssam 1 ilə bu qədər çalışa bilərmi? Qısası, bir ayağı Bakıda, o biri ayağı Nyu-Yorkda olan rəssamla söhbətimiz qarşınızdadır. Həm oxuya, həm də dinləyə bilərsiniz. Dinləməyi seçsəniz, həftənin ən son, ən maraqlı mədəniyyət xəbərlərindən də agah olacaqsınız.

- İsmayıl bəy, xoş gördük sizi. Deyirəm, elə sərginin adından başlayaq. Nədən «Bakı-Nyu-York-Tranzit»? Açıqlayın, qoy bilməyənlər də bilsin.

- Ötən ilin sentyabrında Nyu-Yorka gedəndə, burda bəziləri yazdılar ki, İsmayıl birdəfəlik Azərbaycanı tərk edib. Ona görə də, sərginin adını belə qoydum ki, mən vətəni tərk etməmişəm. Bir müddət orda olacam, bir müddət də burda. Orda necə yaşadım, nə çəkdim, burda sizə göstərəcəyəm. İnanıram ki, qəlbinizi xoş hislərlə doldura biləcəyəm.

RƏSSAM SƏRGİ AÇIRSA, QƏLBİ BOŞALIR

- Doğrudan, İsmayıl bəy, sirr deyilsə, niyə bu qərarı verdiniz?

- Keçən ilin mayında yubiley sərgisi açdım. 60 yaşım tamam olurdu. Oğlum 8 ildir Nyu-Yorkda yaşayır. Bir dəfə də olsun ona baş çəkməmişdim. Rəssam da ki, sərgi açdı, qəlbi boşalır. O boşluğu doldurmaq üçün bir müddət vaxt lazımdır. İş elə gətirdi ki, ora gedə bildim və o boşalma müddətini azaltdım. Mən rəssamlıq fəaliyyətinə başlayandan, çox işlərlə məşğul olmuşdum -divar rəsmləri çəkmişdim, kitab qrafikası üzrə çalışmışdım, teatrda 40-a qədər tamaşanın rəssamı olmuşdum, amma yağlı boya ilə işləməyi 2-ci plana keçirmişdim. Bu imkan mənə bir il ərzində «verildi». 90-a yaxın əsəri yağlı boya ilə işlədim, 100-ə yaxın cizgi rəsmi çəkdim. Ürəyimdə də, ancaq o idi ki, bu işləri Bakıya gətirim, tamaşaçılara göstərim.

- Çox məhsuldar işləmisiniz. Yəni bir rəssam 1 ildə bu qədər əsər yarada bilər?

- Rəssam bundan da çox yarada bilər. Keçənilki sərgidə Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da soruşdu ki, 600-ə qədər iş göstərirsən, bu qədər iş necə yaranıb, nə vaxta yaranıb? Dedim ki, mən sutkada 25 saat işləyirəm. Bu 1 ildə ancaq muzeylərə gedəndə işdən ayrılırdım. Gündüz işığında yağlı boya ilə işləyir, axşam şər qarışanda qrafika-cizgi rəsmləri çəkirdim. Arada kompyuterlə də çox ciddi məşğul olurdum. Hətta foto da çəkirdim. Məsələn, Metropoliten Muzeyini çəkdim, «Trend»ə göndərdim, 70-ə qədər fotosessiya oldu. Foto-sərgi də təşkil etmək fikrim var, 2-3 aydan sonra. Hər adamın Metropolitenə getmək imkanı olmur axı, qoy gəlib sərgidə görsünlər.

NYU-YORKDA AZƏRBAYCANIN 20 RƏSSAMI ÇALIŞIR

- Bakı ilə Nyu-York arasında çox böyük fərqlər var. Bu fərqləri aşa bildiniz?

- İş ondadır ki, ingilis dilini bilmədiyim üçün orda yaşayanlarla ünsiyyət qura bilmirdim. Orda Bakıdan gedən yəhudilər, ruslar, ləzgilər var. Onlarla ünsiyyət qurdum. «Novıy rubej» qəzetinin redaktoru Robert Yevdayevlə tanışdım, o qəzetdə haqqımda informasiya getdi. Yazıçı Mariam Kelli var, o da Bakıdandır, indi İsraildə yaşayır, onun hekayələr kitabına illüstrasiya çəkdim. İlk aylar Bakı mövzusunda çox işlədim, çünki əlimin altında cizgi rəsmləri var idi. Sonra Nyu-York mövzusuna keçdim. Rəssam bir şeyi etmək üçün gərək onu qəlbindən keçirsin, iz qoysun, sonra kətana köçürsün. Onda tamaşaçıya çata bilirsən. Hə, ilin 2-ci yarısı mövzum artıq Nyu-York idi. Metropolitendə gördüyüm əsərlərin əsasında 6-ya yaxın rəsm çəkdim. 3 böyük işi Nyu-Yorkda qoydum. Biri 11 sentyabr qurbanlarına həsr olunmuşdu. Fikrim var ki, o tablonu Azərbaycanın adından orda açılacaq Memorial Muzeyinə bağışlayım. Bu ilin martında diaspor rəssamlarının sərgisini təşkil etmişdik. 9 rəssam iştirak edirdi. Kataloq da buraxdıq. Bu işi ənənəyə çevirmək istəyirik. Sən demə, orda 20-yə yaxın rəssamımız yaşayırmış. Gələn il ya Novruzda, ya Cümhuriyyət bayramında növbəti sərgini açmaq fikrimiz var - həm Nyu-Yorkda, həm də Vaşinqtonda. Mənim üçün harda olmağın fərqi yoxdur. Mən həmişə xarici ölkələrdə olanda, Aya-ulduza baxıram. Onlara baxanda, harda olduğunu unudursan. Bir Yer kürəmiz, bir planetimiz var. Ayla-ulduz da hər yerdən göründüyü üçün bizi vətənimizə qaytarır...

NYU-YORKUN GÖYDƏLƏNLƏRİ ADAMI SIXMIR

- Demək, darıxmadınız, bəs 1 il ayrılıqdan sonra Bakı sizə necə təsir bağışladı?


- Çoxusu mənim rəsmlərimə baxanda heyfsilənir. Bizlər 60-70-ci illər Bakısında yaşamışıq -ünsiyyətin bol vaxtında. Mənim rəsmlərimdə o illər əbədiləşib. Bakı dəyişılib. Özüm çox vaxt gəzəndə, elə bilirəm ki, o mənim Bakım deyil. Vaxt keçəcək, göz öyrəşəcək və indiki cavanlar - o illərin Bakısını görməyənlər bu məkana alışacaqlar. Belə baxanda, Bakı gözəlləşir. Məsələn, İçərişəhər, mən oranın baş rəssamı idim, işlər başlamışdıq, indi də davam edir, Qala divarlarının dövrəsi açılıb. Goburnat bağından (Filarmoniya bağının köhnə adı - Qubernator bağı - S.İ.) qalxanda, baxın, görün divarın dövrəsi necə açılıb. Vahidin Poeziya Evinin dövrəsi necə düzəlib. Bağlar gözəlləşib. Yollar, körpülər açılıb. Yavaş-yavaş düzələcək. Amma o illərin təəssüratı qalıb bizim qəlbimizdə, heç vaxt çıxmayacaq...

- İsmayıl bəy, yeri gəlmişkən, son vaxtlar ictimai birliklər Bakıda gedən tikinti, yenidənqurma, bərpa işləri ilə bağlı həyəcan təbili çalırlar. Deyirlər ki, tarixi binalara,memarlıq incilərinə fərqli yamaqlar vurulur. Buna münasibətiniz necədir?


- Vaxtilə mən xəritələri çəkəndə, məşhur memarlar deyirdilər ki, Bakıda bir neçə nöqtə var, yuxarıdan aşağı xətt çəkəndə, gərək gəlib dənizə düşsün. Bu o deməkdir ki, onda bütün amfiteatrı gözlə görmək olur. Əfsuslar olsun ki, şəhərin mərkəzində çox hündür binalar tikildi. Elə bu gün «Torqovı»yla gələndə arxada yeni bir bina gördüm - göbələk kimi, kibrit kimi...Belə binalar şəhərin siluetini dəyişir. Vahid kompleks yoxdur, fikir yoxdur ki, şəhərin üzü itməsin. Nyu-Yorku gəzəndə, baxırsan ki, göydələnlərdir, amma adamı sıxmır. Fikirləşmək lazım idi, özü də əvvəlcədən. Əfsus ki, sonra dəyişmək çətin olur. Ağrı kimi qalır içində...

ORADA DEMOKRATİYA VAR

- Getdiniz, oğlunuzu da gördünüz. Oralar nə dərəcədə xoşunuza gəldi?


- «Çürüyən kapitalizm» bir yalan imiş. Orda demokratiyadır. Orda yaşlılara hörmət gördüm. Avtobuslarda onlara yaxşı rəftar gördüm. Bu 1 ildə küçədə pis hadisə görmədim, kefli görmədim, dilənçi görmədim. Küçədə kim-kimə toxunur min dəfə üzr istəyir. Ən əsası, üzlərdə təbəssüm gördüm. Niyə ən əsası deyirəm? Çünki pis üz görəndə, elədiyin iş də pis alınır. Təbəssümlü üz görəndə, ovqatın yüksəlir, işin də düzəlir...

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG