Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

«Qaz bu qış da olmayacaq»


Azərbaycanda ixrac qazı ilə vətəndaşlara satılan qaz eyni qiymətədir

Azərbaycanda ixrac qazı ilə vətəndaşlara satılan qaz eyni qiymətədir

Bakıda yaşayanlar təbii qazla təminatdan yenə də şikayətçidirlər. Paytaxtın mərkəzində yaşayanlar axşam saatlarında su gələn zaman təbii qazın təzyiqinin azalmasından, Bakı kəndlərində yaşayanlar isə günlərlə, hətta aylarla davam edən fasilələrdən gileylidirlər. Suraxanı rayon sakini Vahid Qədimov deyir ki, yaşadıqları torpaqlar «Suraxanıneft» Neft-Qaz Çıxarma İdarəsinin ərazisi olsa da, əhaliyə qaz verilmir. Sayğaclaşmadan sonra isə şam kimi yanan qaz yerli-dibli yoxsa çıxıb:

«SAYĞACI ÇIXARDIM, QAZ GƏLDİ»


- 1993-cü ildə ərizə yazıb qaz xəttini bağlatmışam. Ötən il gəlib sayğac qoydular ki, qaz gələcək. Ancaq gəlmədi. Magistral xətdə isə qaz var. Sayğacı çıxarandan sonra evə qaz gəlir. Ancaq o da böyük fasilələrlə. Elə olur ki, 2 ay qazı tamam kəsirlər. Qaz idarəsindən də gəliblər, özüm sayğacı çıxardığımı göstərmişəm. Qaz gələnda ayda 10 manat elə qəbzsiz-filansız qaz idarəsinin işçilərinə verirəm. Ancaq xəbərdarlıq ediblər ki, noyabrda sayğacı yenidən bağlayacağıq. Mən də deyirəm ki, qaz verin, sonra sayğacı qoyun yerinə. Qışın günündə qaz gəlməsə, yenə sayğacı çıxaracam.

Vahid Qədimov onu da deyir ki, təbii qaz olmadığı üçün elektrik enerjisindən çox istifadə edirlər. Bu isə onların ailə büdcəsinə ziyan vurur.

QAZ BALONLARI HAZIR DURUMDA

Maştağa kəndinin sakini Mərziyə Orucova isə deyir ki, apreldən kəsilən qaz oktyabrın sonlarından aşağı təzyiqlə və fasilələrlə də olsa gəlməyə başlayıb:

- Oktyabrın 27-dən qaz gəlir. Təzyiq azdır, mətbəxdə dördgöz «plitə»ləri işlətmək mümkün deyil. Ancaq hamam və evdəki qaz sobalarına qaz gəlir. Bircə külək olmaya. Külək oldu, qaz olmayacaq. Qaz idarəsindən səbəbini soruşanda deyirlər ki, təmir gedir. Ötən qış da demək olar qaz yox idi. Ona görə də işimizi ehtiyatlı tuturuq - 2 qaz balonumuz var, həmişə dolu saxlayırıq.

İlham Şaban
Maştağa sakini onu da deyir ki, kənddəki məktəblər də qızdırılmır. Bir neçə məktəb üçün yeni qazanxanalar tikilib, ancaq o qazanxanalara qaz gedib çıxmayıb.

AZƏRBAYCAN QAZININ GÜRCÜSTAN VƏ RUSİYA PLANLARI


Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban isə həm paytaxtın, həm də regionların qazlaşdırılması ilə bağlı ciddi informasiya qatlığının olduğunu bildirir. Onun sözlərinə görə, «Azəriqaz» 2009-cu il iyulun 1-dən ARDNŞ-ın tabeliyinə veriləndən yalnız bir dəfə mətbuat üçün açıqlama verilib. ARDNŞ-ın saytında isə qazlaşdırma ilə bağlı şirkətin Gürcüstanda gördüyü işlərdən danışılır:

- Azərbaycanla bağlı heç bir rəqəm səsləndirilmir ki, ölkənin, paytaxtın neçə faizinin qazlaşdırıldığı aydın olsun. Bu gün Azərbaycanda ixrac qazı ilə vətəndaşlara satılan qaz eyni qiymətədir. Bununla belə, abunəçilərin qaz təchizatı problemlidir. Bakıdakı yeni tikililərin çoxunda qaz yoxdur. Kəndlərin illərlə qalaqlanan probleminin çözümü də görünmür. 2010-cu il yanvarın 1-dən Rusiyaya gündə 1,1 milyon kubmetr qaz verilməsi planlaşdırılır. Bu, Azərbaycanda yarım milyona qədər insanın qaz ehtiyacını ödəyəcək həcmdir. «Azəriqaz» rəhbərliyi bildirir ki, Lerikin, Gədəbəyin ucqar kəndlərinə qaz çəkilir. Paytaxtın tam mərkəzində - Nərimanov, Nəsimi və Yasamal rayonlarının sakinləri qazsızlıqdan əziyyət çəkərkən bu nə dərəcədə inandırıcıdır? Bu işlər əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün deyil, sadəcə, statistikanı genişləndirmək üçün vacibdir.

TƏMİR HƏLƏ DAVAM EDİR

«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə deyir ki, qazlaşdırma ilə bağlı işlər görülsə də, problemlərin bütünlüklə çözümü hələlik mümkünsüzdür:

- Bakı kəndlərinin bir çox ərazilərində işlər görülür, uzun illər qaz almayan qəsəbələrə təbii qaz verilişinə başlanıb. Ancaq fasilələr mümkündür. Bu isə aparılan təmir işlərilə bağlıdır. Ölkədə qaz qıtlığından söhbət gedə bilməz. Problemlər daha çox çatdırma ilə bağlıdır.

Kamandar Eyvazlının sözlərinə görə, təmir işləri qış boyu davam edəcək. Bu arada artıq Bakının Əzizbəyov və Nəsimi rayonlarında smartkart tipli sayğacların quraşdırılmasına başlanıb. Sözçü deyir ki, bu, yığım faizinin yaxşılaşmasına səbəb olacaq. Yığım faizi yüksəldikcə, vətəndaşların təbii qazla təchizatı da yaxşılaşacaq.

Şərhləri göstər

XS
SM
MD
LG