Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Bakıda «Əsəd bəyin kəşfi» sərgisi açıldı


Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid
Bakıda-- M.F.Axundov adına Milli Kitabxanada «Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid: «Əli və Nino» əsərinin müəllifi kimdir?» adlı sərgi açıldı. Sərgi Almaniyanın Azərbaycandakı səfirliyinin «Azərbaycanda Almaniya həftələri--Almaniya ilə tanışlıq»devizi altında keçirilən silsilə tədbirlərindən biri idi. Milli kitabxananın direktoru Kərim Tahirov açılış mərasimində ilk söz söylədi. O, çıxışında uzun illərdir haqqında mübahisələr, çəkişmələr gedən Qurban Səiddən danışdı və onu «Azərbaycan mühacirət ədəbiyyatının gözəl nümunələrini yaradan bir yazıçı» kimi dəyərləndirdi. Yazıçının Azərbaycandakı tədqiqatçılarından danışdı. Xüsusilə prof. Eldar İsmayılovun son illərdə onun romanlarının azərbaycanca və rusca nəşri sahəsində sponsorluq fəaliyyətini alqışladı.

TOLERANT BAKIDA YAŞAMAQ ƏSƏD BƏYƏ QİSMƏT OLMADI

Almaniyanın səfiri Per Stankina Azərbaycanın hər zaman tolerantlıqla məşhur olduğuna diqqət çəkdi. O, bunu Bakıda yaşayan istənilən avropalının qarşılaşdığı ən xoş təzahürlərdən biri sayır:

«Təəssüflər olsun ki, «Əli və Nino»nun müəllifi belə bir şəhərdən Sovetlərin üzündən qaçmağa məcbur oldu».

Per Stankina Qurban Səidin bioqrafiyasına ümumu nəzər saldıqdan sonra bu sərginin təşkilində adı və zəhməti keçən şəxsləri xatırlatdı. Onlardan birinin--Jasmin Böllinqin burda olmasını vurğuladı. Məşhur yazıçı barədə film çəkən rejissor Ralf Maşallekin açılış mərasimində iştirakına diqqət çəkdi və hamını axşam Kapellhausda filmin tamaşasına baxmağa səslədi.

Qurban Səidin vətəndəki araşdırıcılarından sayılan prof. Həsən Quliyev Avropa tədqiqatçılarını bu məsələdə azərbaycanlıların da fikrini, münasibətini dəyərləndirməyə çağırdı.

ANASI AZƏRBAYCANLI--JASMİN BÖLLİNQ

Almaniyanın səfiri Per Stankina Azərbaycanın hər zaman tolerantlıqla məşhur olduğuna diqqət çəkdi
Sərginin açılışından sonra Jasmin Böllinq Qurban Səid haqqında mühazirə söylədi. Bu sərginin Lev Nussimbaumun doğma Bakısında keçirilməsindən qürur duyduğunu vurğuladı. Özü haqqında bilgi verdi. Anasının azərbaycanlı--Bakıdan İrana köç etmiş mühacir ailəsindən olduğunu diqqətə yetirdi və alqışlandı. İki il öncə Gürcüstanda Höte İnstitutunda təcrübə zamanı bu ölkə ilə Almaniya arasında ədəbiyyat sərgisi keçirmək ideyası ağlına gəlib. «Əli və Nino» romanını seçib:

«Bu roman həm Azərbaycanda, həm Gürcüstanda milli epos kimi sevilir və Almaniya və Qafqaz arasındakı əlaqələri işıqlandırmaq üçün ideal vasitədir».

Hazırda Mayns Universitetində təhsilini davam etdirən xanım Jasmin bu romanı həm də «savaş qurbanlarının xatirəsinə bir anım» kimi qiymətləndirdi.

SƏRGİYƏ KİMLƏR YARDIMÇI OLDULAR?

Xanım Jasmin ötən il Berlində Əsəd bəyin tanınmış araşdırıcısı Tom Raysla «Şərqşünas» kitabının təqdimat mərasimində tanış olduğunu və Tom Raysın ona sərgi ilə bağlı hər cür kömək göstərdiyini bildirdi. Sərgidə nümayiş olunan foto-sənədlər və mətnlər də Tom Raysın sayəsində əldə olunub. Xanım Jasmin Berlindəki Müasir Şərq Mərkəzi ilə də əlaqə yaradıb. Bu mərkəz Lev Nussimbaum haqqında tədqiqatları ilə məşhurdur. Berlində Lev Nussimbauma aid ən unikal arxivi mərkəzin təmsilçisi professor Herhard Höpp toplayıbmış. Lev Nussimbaumun həm Əsəd bəy, həm Qurban Səid olduğunu dərk edən də Herhard Höpp olub. O, hər zaman Tom Raysın məsləhətçisi imiş, «Şərqşünas» əsərinin yazılmasında ona kömək edibmiş. Təəssüf ki, kitabın çapdan çıxmasına az qalmış (2003) vaxtsız vəfat edib...Və nəhayət, sərginin düzənlənməsi üçün 3-cü tərəf--səfir Per Stankina işə dəstək verib. «Əsəd bəyin kəşfi» adlanan sərgi bu ilin yazında Berlində, yayında Tiflisdə, payızında --Əsəd bəyin doğulduğu ayda (20 oktyabr) Bakıda açılıb... Mühazirənin sonunda Əsəd bəyin yaradıcılığı, milliyyəti barədə müzakirələr də oldu.

BİTMƏK BİLMƏYƏN FİLM

Sərginin açılışından sonra Jasmin Böllinq Qurban Səid haqqında mühazirə söylədi
Axşam Kapellhausda Ralf Maşallekin uzun illərdir haqqında söz açılan «Aslanın izi ilə» filminin tamaşası oldu. Film hələ tam hazır deyil. Rejissor söylədi ki, filmin üzərində bu qədər işləyəcəyini ağlına gətirməzmiş. Amma Əsəd bəy haqqında tez-tez dəyərli faktlar üzə çıxdığından, filmi tamamlaya bilmir. Filmin həm rejissoru, həm də ssenari müəllifi olan Ralf Maşallek Əsəd bəy barədə fikirlərini də toplaşanlarla bölüşdü.

MƏHƏMMƏD ƏSƏD BƏY AŞIQ OBRAZINDA?

Rejissor özü söylədi ki, «filmdən elmi analiz gözləməyin. Mənim istəyim film vasitəsilə ilkin təəssürat yaratmaqdır. Alman dilində olduğuna baxmayaraq, məncə azərbaycanlı seyrçilər «ilkin təəssürat» ala bildilər».

Filmdə Məhəmməd Əsəd bəyin ömrünü keçirdiyi 3 şəhər göstərilir. Bakı--uşaqlığının və ilk gəncliyinin şəhəri, Berlin--onu yazıçı kimi formalaşdıran şəhər və nəhayət --İtaliyanın Pozitano şəhəri--son günlərini keçirdiyi, dəfn olunduğu şəhər...Filmin adı «Aşıq, Əsəd bəyin təzahürləri»dir. Niyə «Aşıq» adı qoyduğunu rejissor belə izah etdi:

«Filmdə onu aşıq obrazında təsvir etmişəm. Kim onda olan bu xüsusiyyəti anlamırsa, demək, o, Əsəd bəyi tanımır!».

BAŞDAŞI GÖZÜMÜZÜN ÖNÜNDƏ ÜZÜ QİBLƏYƏ DƏYİŞDİRİLDİ...

Köhnə Bakının həm foto, həm sənədli görüntü ilə təsviri, bu halda aşıq musiqisinin səslənməsi nə qədər qəribə görünsə də, maraqlı idi. Berlində onun yaşadığı evə xatirə lövhəsinin vurulmasının anbaan təsviri də izlənməli kadrlardan hesab oluna bilərdi. Ancaq ən kədərli anlar Pozitanoda, onun məzarı başındakı görüntülərdi... Xüsusilə, onun başdaşının üzü qibləyə dəyişdirilməsi (bütün proses kadrda idi) izləyənləri həyəcanlandırmışdı. Filmə baxanlar bununla bağlı iradlarını da rejissora çatdırdılar...

BU SON ŞƏKİL, BU SON VİDA...

Ralf Maşallek 10 il ərzində 19 kitab yazan, cəmi 36 yaşında qan xəstəliyindən vəfat edən həmyerlimizin son şəklini də özü ilə gətirmişdi:

«Son şəklinə baxsaz, onun nələr çəkdiyini bilərsiniz».

Amma bizlər--Kapellhausda, soyuq və yağışlı oktyabr gecəsində filmi seyr edənlər qızmar Pozitano yayında son mənzilə uğurlanan həmyerlimizin nələr çəkdiyini baxdığımız filmdən də anlamışdıq...
XS
SM
MD
LG