Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

Pensiya yaşının artırılmasında qorxulu nə var ki...


Zöhrab İsmayıl və Musa Quliyev
Zöhrab İsmayıl və Musa Quliyev
«İnsanlara fərdi pensiya kapitalı yaratmağa imkan verilməlidir»

Bunu «Panorama» verilişində iqtisadçı Zöhrab İsmayıl dedi.

Millət vəkili Musa Quliyev isə düşünür ki, qanuna dəyişikliklərə islahatların tərkibi kimi baxmaq lazımdır. O deyir ki, «Əmək təqaüdləri haqqında» qanuna edilən son dəyişikliklərdən narahat olmağa əsas yoxdur:

«2006-cı ildə «Əmək təqaüdləri haqqında» qanuna edilən dəyişikliklərə qədər bizdə pensiyalar sovet ənənələrinə uyğun olaraq həmrəylik prinsipi ilə hesablanırdı. Yəni, indi işləyən bir nəsil özündən əvvəlki nəsli dolandırmalı idi. Ancaq bazar iqtisadiyyatına keçid bu prinsiplərə yenidən baxmağı tələb etdi».

Millət vəkilinin fikrincə, pensiya yaşının artırılmasında da qorxulu heç nə yoxdur:

«Biz pensiya islahatlarına gedərkən dünya təcrübəsini nəzərə almışıq. Əsas məsələ odur ki, heç kim sosial müdafiədən kənarda qalmamalıdır. Dövlət başçısının yeritdiyi siyasətdən də bu, açıq görünür. Əks halda, heç kim öz elektoratını incik salmaz».

Zöhrab İsmayıl da deyir ki, əslində, pensiya yaşının artırılması texniki məsələdir. Hərçənd Azərbaycanda rəsmən elan edilən orta yaş həddinə ciddi şübhələr var.

İqtisadçı düşünür ki, əsas məsələ insanlara pensiya kapitalı yaratmağa imkan verilməsidir:

«Mənim Dövlət Müdafiə Fonduna etibarım yoxdur. Nədən qanunvericiliyə edilən dəyişikliklər özəl fondların yaradılmasına imkan verməməlidir. Vətəndaşlar öz vergilərini özəl fondlara qoyarsa, gələcəkdə bu kapitalın üzərinə faizlər gələr. Bu da daha çox pensiya almağa imkan verər. Bir də əsas məsələ burada varislik hüququnun tanınmasıdır. Bəlkə bir şəxs pensiyaya çıxdıqdan 2 il sonra vəfat edəcək. Onda onun uzun illər işləyib, vergi ödəməyinin hansı xeyri olacaq? O, pensiya kapitalının müəyyən hissəsini istədiyi vaxt götürə bilsə və ya öz uşaqlarına vəsiyyət etsə, onda pensiya yaşının artırılmasının da bir elə ziyanı olmaz».

Zöhrab İsmayıl düşünür ki, vacib məsələlərdən biri də sosial vergilərin ləğv edilməsidir.

Millət vəkili Musa Quliyev isə deyir ki, Azərbaycan tədricən bu islahatlara getmək niyyətindədir.
XS
SM
MD
LG