Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

Fransanda korrupsiya qalmaqalları


Prezidentliyi Sarkoziyə təhvil verəndən sonra Şirak immuniteti itirib

Prezidentliyi Sarkoziyə təhvil verəndən sonra Şirak immuniteti itirib

«Vaşinqton Post» qəzeti Fransanın keçmiş hakimiyyət nümayəndələrinin sensasion məhkəmə işlərinə dair reportaj dərc edib.

Qəzet yazır ki, bir çox Fransa rəsmiləri, o cümlədən keçmiş prezident Jak Şirak səlahiyyət həddini aşmaqda və pul mənimsəməkdə ittiham olunurlar. Oktyabrın 30-u Şiraka rəsmi ittiham elan olunub.

İttiham olunanlar arasında Fransanın keçmiş baş naziri Dominik de Vilpen və keçmiş daxili işlər naziri Şarl Paskua da var. Keçmiş dövlət rəsmiləri silah alverlərində, çirkli maxinasiyalarda və rəqiblərindən qisas almaq üçün səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılırlar.

82 yaşlı Paskua yeniyetməlik dövründə faşist Almaniyasına qarşı mübarizə aparmış bir şəxsdir. Oktyabrın 27-də məhkəmə ona bir illik həbs cəzası kəsib. O, 90-cı illərdə Anqolada vətəndaş müharibəsi iştirakçılarına qanunsuz silah satışında təqsirli bilinib. Müttəhimlər arasında keçmiş prezident Fransua Mitteranın oğlu Jan-Kristof Mitteran da var idi. Məhkəmə ona iki il şərti həbs cəzası kəsib və yarım milyon dollar cərimələyib. O, atasının prezidentliyi dönəmində həm də onun Afrika üzrə məsləhətçisi işləyirmiş.

Ağsaçlı keçmiş diplomat və Şirakın himayəçisi Dominik de Vilpen keçən ay məhkəməyə verilib. Səbəb onun öz siyasi rəqiblərini, o cümlədən hazırkı prezident Nikola Sarkozini ləkələmək üçün yaydığı saxta siyahıdır. Həmin siyahıda adıçəkilən şəxslərin guya qeyri-qanuni bank hesabları öz əksini tapıb. Altı həftəlik məhkəmədən sonra qərar verilib ki, yekun hökm yanvar ayında çıxarılsın.

«Vaşinqton Post» yazır ki, Vilpen bu məhkəmə işindən siyasi karyerasını dirçəltmək üçün istifadə etməyə çalışır. Qəzet eyham edir ki, 2012-ci ildə prezident seçkisində hazırkı prezident Sarkozinin rəqibi ola bilər.

Dominik de Vilpen
Vilpen özü isə məhkəməni ona qarşı qisas cəhdi kimi qiymətləndirir:

«Prezident and içmişdi ki, məni qəssab qarmağından asacaq və öz sözünün üstündə durdu da».

Qəzet yazır ki, hazırkı məhkəmə işləri Sarkozi və onun hazırkı kabinet üzvlərinə toxunmasa da, ümumilikdə, Fransa hökumətinin nüfuzuna zərbə vurur. Məhkəmə işləri Fransa əhalisində dövlət koridorlarında korrupsiyanın çiçəkləndiyinə dair çoxdan mövcud olan fikirləri gücləndirir.

«Vaşinqton Post» onu da yazır ki, Fransanın Beşinci Respublikasının tarixində ilk dəfə keçmiş prezidentin mümkün həbsi heç də birmənalı qarşılanmır. Prezident Sarkozinin özü bu barədə şərh verməkdən imtina edib.

2007-ci ildə Sosialist Partiyasının prezidentliyə namizədi olmuş Seqolen Royal deyir ki, keçmiş prezidentin dinc təqaüd haqqı var və onu hakim qarşısına çıxarmaq Fransanın imici üçün yaxşı deyil, hətta o, buna layiq olsa belə.

Sarkozinin prezidentliyə namizədliyini irəli sürmüş Xalq Hərəkatı Birliyinin sədri Ksavye Bertran isə deyir ki, məsələlərin üstünə dönə-dönə qayıtmaq yaxşı deyil.

O ki qaldı keçmiş prezident Jak Şiraka o, 1977-1995-ci illərdə Parisin meri olduğu dövrdə ictimai vəsaiti mənimsəməkdə və səlahiyyət həddini aşmaqda ittiham edilir.

O, habelə Paris Şəhər Administrasiyasında saxta iş yerləri («ölü canlar») saxlamaqda təqsirləndirilir. Şirak bu ittihamı qətiyyətlə rədd edir.

J.Şirakın Parisdə merlik etdiyi dövrə aid ittihamların indi ortaya çıxmasının səbəblərinə toxunan qəzet yazır ki, 1995-2007-ci illərdə o, Fransanın prezidenti olduğu üçün bu ittihamlara qarşı hüquqi immunitet sahibi idi. Prezidentliyi Sarkoziyə təhvil verəndən sonra isə o, bu immuniteti itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG