Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

«Azərbaycan daha artıq qeyri-sabitliklə üzləşə bilər»


Rusiya iqtisadiyyatının nisbətən bərpası Moskvanın Avrasiyadakı mövqeyini canlandırıb
Rusiya iqtisadiyyatının nisbətən bərpası Moskvanın Avrasiyadakı mövqeyini canlandırıb
«ZORAKILIQ DAHA BÖYÜK MÜNAQİŞƏYƏ KEÇMƏYƏ İMKAN AXTARIR»

- Avrasiya regionu parçalanmaqda davam edir. Nə Rusiya, nə də Qərb bunun qarşısını ala bilir. Regionda qeyri-sabitliyin artmasının sübutu - 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, Şimali Qafqazda terror hücumlarının yenidən baş qaldırması, Qərb qüvvələrinin Əfqanıstanda vəziyyəti sabitləşdirmək səylərinin iflasa uğraması, Mərkəzi Asiya rəhbərlərinin yerli klanları və narkotik ticarətçilərini cilovlaya bilməməsi, Ukrayna və Moldovada qanuni yolla seçilmiş hakimiyyətlərin iflic olmasıdır.

ABŞ-ın San-Fransisko Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Andrey Sıqankov belə deyir.

O hesab edir ki, zorakılıq yavaş-yavaş yayılır, daha böyük münaqişəyə keçməyə imkan axtarır. Trans-regional nəqliyyat marşrutları - Rusiyanın Ukrayna, Gürcüstan və Türkmənistanla münaqişəsinə görə tezliklə bağlana bilər.

Professor deyir ki, etiraf etmək lazımdır ki, Qərbin soyuq müharibədən sonra Avrasiyada sabitlik və təhlükəsizlik yaratmaq cəhdləri iflasa uğrayıb.

BJEZİNSKİNİN MƏSLƏHƏTİ


A.Sıqankov xatırladır ki, 90-cı illərin ortalarında amerikalı politoloq Zbiqnev Bjezinski məsləhət görmüşdü ki, ABŞ regionda yeni yaranmış dövlətlər üçün Rusiyanı əvəzləyən və müdafiə edən siyasət aparsın. Bir qədər tərəddüd edəndən sonra Birləşmiş Ştatlar və digər Qərb ölkələri bu məsləhəti həyata keçirdilər.

Buna baxmayaraq, Avrasiya sabitlik əldə etməyib və parçalanmaqda davam edir.

A.Sıqankov deyir ki, Vaşinqton və Brüsseldə bürokratlar anlamayıblar ki, onların regionda vəziyyəti sabitləşdirmək üçün resursu, istəyi və təcrübəsi çatışmır.

Professor əlavə edir ki, digər tərəfdən, Rusiya da Avrasiyada baş verənlərə öz töhfəsini verib. Sovet İttifaqının süqutu və sonradan Rusiyanın regiondan geri çəkilməsi bölgənin qeyri-sabitliyinə yol açıb.

«RUSİYANIN ROLUNU TANIMAQ LAZIMDIR»


Boris Yeltsindən sonrakı onillikdə Rusiya iqtisadiyyatının nisbətən bərpası Moskvanın Avrasiyadakı mövqeyini canlandırıb. Amma Rusiya regionda sülh və sabitliyə nail olmaq üçün ciddi cəhdlər göstərə bilməyib.

A.Sıqankov onu da deyir ki, Avrasiyanın dağılmasının qarşısını almaqda, regionun sabitliyinin qorunmasında Rusiyanın rolunu tanımaq lazımdır. Əgər bu ritorik deyil, təcrübədə də həyata keçirilərsə, bütün məsələlər aydınlaşa bilər. Enerji ehtiyatları daha etibarlı ola, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr geniş legitimlik əldə edə, eyni zamanda dondurulmuş münaqişələrin isə daha yaxşı həll imkanları yarana bilər.

«AZƏRBAYCAN DAHA ARTIQ QEYRİ-SABİTLİKLƏ ÜZLƏŞƏ BİLƏR»

Professor hesab edir ki, Rusiyanın son addımları onun Qərbin müttəfiqi və mühüm güc dövləti kimi tanınmamasına cavabdır. Onun fikrincə, əgər Rusiya özünü Avrasiyada Qərb siyasətini əngəlləməyə həsr etsə, regionda qüvvələrin daha çox zəifləyəcəyini müşahidə etmək olar.

Gürcüstan kimi Ukrayna və Moldovanın da bütövlüyü pozula, Mərkəzi Asiya ilə Azərbaycan isə daha artıq qeyri-sabitliklə üzləşə bilər. Onun fikrincə, bu halda Rusiya da itki verəcək, təkmilləşmə prosesi isə sıradan çıxacaq. Qısası, region tanımaz şəklə düşə bilər .

«NEO-İMPERİALİST XULİQAN»


Digər mühüm amil isə enerji təhlükəsizliyidir. Professor Andrey Sıqankov deyir ki, Qərb və region ölkələri Rusiyaya ənənəvi Yaxın Şərq enerji mənbələrinə etibarlı alternativ kimi baxmalıdır. Öz qonşularının siyasətini pozmaq istəyən «neo-imperialist xuliqan» kimi yox.

Professorun fikrincə, bu, Qərb və postsovet ölkələri üçün daha yaxşıdır. Rusiyadan yan keçmək xatirinə «Nabucco» kəmərinə əlavə milyardlarla dollar investisiya yatırmaq cəhdləri pul və zamanın havaya sovrulması ola bilər. Bütün tərəflər üçün daha vacib ideya isə odur ki, Avrasiya ölkələri enerji təhlükəsizliyinin qəbul edilən qayda və prinsiplərini inkişaf etdirsinlər.
XS
SM
MD
LG