Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

Davutoğlu – «Türkiyə Kissinceri?»


Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır

Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır

«New York Times» hələ 2005-ci ilin sentyabrında yazırdı ki, «əgər Türkiyə qonşularla və milli azlıqlarla siyasətdə yeni yol seçmək istəyirsə, buna ən yaxşı namizəd Əhməd Davutoğludur...»

...Bu yaxınlarda Türkiyədə televiziya verilişlərinin birinə ölkənin 6 keçmiş xarici işlər nazirini dəvət etmişdilər.

Həmin 6 sabiq nazir indiki xarici işlər naziri Əhməd Davutoğlunun fəaliyyətini 10 ballıq sistemdə 8 balla qiymətləndirdi.

Həmin 6 nəfərə hakim Ədalət və Kalkınma partiyasının qatı tənqidçiləri də daxil idi.

Əhməd Davutoğlunu baş nazir Rəcəb Teyyub Ərdoğan may ayında xarici işlər naziri təyin etsə də, son illər Türkiyənin xarici siyasətinin boz kardinalı məhz Baş nazirin müşaviri Davutoğlu hesab olunurdu.

Davuyoğlunu hətta bir vaxtlar Amerikanın xarici siyasətinin arxitektoru, keçmiş Dövlət Katibi Henri Kissincerlə müqayisə edib, ona «Türkiyə Kissinceri» deyirlər.

Maraqlıdır ki, Davutoğlunun özü bu müqayisəni sevmir.

51 yaşlı siyasi elmlər doktoru Davutoğlu AK partiyanın hakimiyyətə gələndən – 2002-ci ildən bəri apardığı xarici siyasətin memarıdır. Bu siyasətin əsasında «qonşularla sıfır problem» və Qərblə ənənəvi yaxşı əlaqələrin davamı durur.

NƏZƏRİYYƏDƏN PRAKTİKAYA

Türkiyənin Ermənistanla imzaladığı protokollar Davutoğlunun bir nazir kimi öz ideyalarını həyata keçirməsi hesab olunur.

O oxşar ideyanı 2008-ci ildə Suriya ilə İsrail arasında da həyata keçirmək istədi, ancaq ondan asılı olmayan səbəblərdən Davutoğlunun vasitəçilik etdiyi danışıqlar nəticə vermədi - Buş hökuməti həmin danışıqları soyuq qarşıladı.

Buş hökuməti Türkiyənin Cənubi Qafqazda fəallaşması ideyasına da dəstək verməmişdi.

«TÜRKİYƏ İNDİ RUSİYANIN, İRANIN TƏRƏFİNDƏDİR» (?!)

Türkiyənin Rusiya və İranla son vaxtlar həddən artıq yaxşı münasibətləri Qərbdə bir sıra suallar doğurur. Özü də bu yaxınlşama o vaxt baş verir ki, Türkiyənin baş naziri Ərdoğan Türkiyənin strateji müttəfiqi İsraili kəskin tənqid edir, Türkiyə İsraili öz hava hüdudlarında NATO təlimlərindən uzaqlaşdırır...

Bütün bunlar Vaşinqtonda və Avropada suallar doğurur ki, Türkiyə öz ənənəvi müttəfiqləri ilə münasibətlərinə yenidənmi baxır?

Amerikanın Enterprise İnstitut adlı təşkilatının təhlilçisi Michael Rubin İsrail-İran münasibətlərini təhlil edəndə yazır ki, «Türkiyə indi İranın tərəfindədir».

Türkiyə cümhuriyyəti 1923-cü ildən – qurulduğu gündən Qərblə münasibətləri möhkəmləndirmək yolunu tutub, eyni vaxtda onun qonşuları ilə yaxşı, ancaq real işbirliyinə çevrilməyən münasibətləri olub.

Davutoğlunun yeni strategiyası odur ki, «qonşularla sıfır problem» münasibətləri «qarşılıqlı maraqlara maksimum söykənən» münasibətlərə çevrilməlidir.

Vaşinqtonla nümunəvi münasibətlər isə qalır, Avropaya gəlincə, Davutoğlu hələ 10 il bundan qabaq yazdığı «Strateji dərinlik» kitabında hesab eləyirdi ki, «Türkiyə Avropa qitəsinin və mədəniyyətinin təbii hissəsidir».

Davutoğlunun düşüncə tərzinin kökləri Türkiyənin ənənəvi, mühafizəkar, islami düşüncəsindən qaynaqlanır. Ancaq onun qonşularla yaxşı əlaqələr və Türkiyənin regionda getdikcə artan aparıcı rol oynaması ideyaları iqtisadi-siyasi reallıqlara əsaslanır.

Ərdoğan və Davutoğlunun ərəb ölkələri ilə yaxınlaşma siyasəti ərəb ölkələrindən milyardlarla dollar investisiya gətirib. Rusiya ilə yaxınlaşma Türkiyəni Qərblə Şərq arasında güclü enerji dəhlizinə çevirir.

DAVUTOĞLU SİYASƏTİNİN GƏLƏCƏYİ

Qərbdə bəziləri hesab edirlər ki, İran və Suriya kimi ölkələrlə «qarşılıqlı maraqlardan» çıxış eləmək sonda Türkiyədə Qərb dəyərlərinə zərbə vuracaq.
Türkiyənin özündə isə müxalifət hesab eləyir ki, Qərb dəyərlərini aradan qaldırmaq Ərdoğan hökumətinin elə məqsədidir.

Davutoğlu isə Türkiyənin xarici siyasətinin ana xəttinin dəyişməsi fikrini qəbul etmir. O deyir ki, sülhün və kooperasiyanın artdığı region Qərb üçün də, dünya üçün də əhəmiyyətlidir, Türkiyə burda unikal və müstəsna rolunu niyə oynamasın?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG