Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

Sellə gələn bəla


Masallının Mahmudavar kənd sakini 87 yaşlı Yaqub Nəsirov deyir ki, evi yararsız hala düşüb

Masallının Mahmudavar kənd sakini 87 yaşlı Yaqub Nəsirov deyir ki, evi yararsız hala düşüb

Daşqından sonra da Sığdaş çayın hirsi soyumayıb. Bu çayın üstündə adi torpaqdan 5 bənd vurulub. Sığdaş deyilən bu ərazi Masallı şəhərinin və bir çox kəndlərin yuxarı hissəsində, dağ ətəyində yerləşir.

MASALLI «BƏNDƏ» DÜŞƏN BƏNDLƏR

Sentyabrın 27-dən 28-nə keçən gecə yağan leysan yağışları, Sığdaş çayın üstündə qurulan bəndləri uçurub, bir anda Masallı rayonunun 20-dən çox kəndini qoynuna alıb. Həyətlərdə suyun səviyyəsi 70-80 santimetrə qalxıb. Kənd sakinlərindən bir çoxu ya evlərin damına çıxıb, ya da evlərini tərk ediblər. İlkin məlumatlara görə 2000-dən çox ev suyun altında qalıb, 500 ev yararsız hala düşüb. Üstəlik onlarla mal-qaranı sel aparıb, minlərlə ev quşu tələf olub, çiy kərpicdən tikilən 25 ev və 5 məktəbin əsas binaları uçma təhlükəsi ilə üzləşib. Bir sözlə rayonun Bədəlan, Boradigah, Mahmudavar, Ərkivan, Banbaşı, Türkoba, Hişkədərə, Sığdaş və Sayır kəndlərində sel əsil fəlakət törədib.

Masallı rayonunun Kolatan kənd sakini Mətləb Dadaşov deyir ki, üç saat ərzində yağış üç ayın normasını keçib. Nəticədə bəndlər dözməyib. Su təkcə Kolatan kəndində 60 ailəyə ziyan vurub:

«60- cı illərdə Sabaşda bənd tikiblər, texnoloji qaydada. Bu bəndə heç bir şey olmayıb. Yeni tikilən bəndlər kustar üsulla tikilib, ona gora da bu bəndlər yağışın nəticəsində dağıldı. Burada sıra ilə 5 dənd var. Su bəndi Kolatan ərazisində də tikilib. Vaxtı ilə burada yaşıl çay sahələri salınmışdı. Bəndləri oranı suvarmaqdan ötrü tikmişdilər. Sonradan bələdiyyə sisteminə keçdilər. Kim ki bələdiyyə işləyirdi, həmin əraziləri götürdü zəbt etdi. Selin yaranmasına səbəb də bu bəndlər olub».

O belə hesab edir ki, dağın ətəyində yaradılan süni göllər aşağı ərazilərdə yaşayanlar üçün böyük təhlükədir. Bu göllərin hər birində 10-15 ton balıq yetişdirilir. Balıqçılıq təsərrüfatları qanunsuz fəaliyyət göstərir. Fəlakət yenə təkrarlana bilər. Artıq bəndlər əvvəlki mökəmliyini itiriblər.

Masallı rayon Viləşçay su anbarın istismar idarəsinin rəisi Ağabəy Ağayev də selin daşmasında əsas səbəb kimi çayların üstündə qurulmuş bəndləri görür. O deyir ki, bu bəndlər dağıdılmalıdır. Əks halda yenə də sel gələ bilər:

Viləşçay su anbarı 46 milyon kubmetr su tutumuna malikdir. Leysan vaxtı Babasel su bəndi daxil olmaqla Viləşçay su anbarında da heç bir hadisə baş verməyib. Çünki bu sututarlar tələb olunan qaydada tikilib. Daşqınların baş verməməsi üçün ərazi nümayəndələri, bələdiyyələr yararsız su bəndlərinin ləğvinə çalışmalıdırlar».

Hazırda Sığdaş bəndin üstündə dayananda selin təsirinə məruz qalan yerlər aydın görünür. Çay üzüaşağı getdikcə sürət çoxalıb, ətrafı daha çox dağıdıb. Aradan 4 həftə keçməsinə baxmayaraq, Sığdaş bəndin üstündən keçən Xanalyan kəndin əsas yolu bu günə qədər bərpa olunmayıb.
Masallıda sel suları Kürə axıdılır
Bu səbəbdən bizə də həmin yolu keçmək müyəssər olmadı.

YARARSIZ EVLƏR, BAĞLI QAPILAR

Qonşulardan öyrəndik ki, Bədəlan kənd sakini Həybə Abbasova evdən gedib. Evin altında nə vardısa sıradan çıxmışdı. Televizor, soyuducu bir tərəfdə atılıb qalmışdı. Evin arxası çöküb, tamamilə yararsız hala düşüb. Evin divarlarında suyun qalxdığı yer aydın görünür. Su bu yerdə 80 santimetr qalxıb. Həybə Abbasovanın qonşusu Dilarə Əzimova da gecələr evdə yatmadıqlarını söylədi. Ev çökə bilər deyir. Onun sözlərinə görə, onlara ərzaq sarıdan kömək ediblər, üstəlik evlərini təmir edəcəklərinə də söz veriblər.

Dilarə Əzimovanın qonşusu Fətulla Mirzəyev isə onlara yardım etmədiklərini söylədi. Onun deməsinə görə, sel gələndə xəbəri olmayıb. Seldən sonra Bakıdan, rayondan gəliblər, eləcə həyət-bacaya baxıb, gediblər.

Mahmudavar kənd sakini 87 yaşlı Yaqub Nəsirovun həyətində isə iki çadır qurulub. Çadırlarda 3 ailə yaşayır. Evi yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyin nümayəndələri evdə yaşamağı təhlükəli hesab ediblər. Yağış və sel evin arxa hissəsini dağıdıb. Bu üç ailənin yeganə qazancı Yaqub Nəsirovun və onun xəstə yatan yoldaşının pensiyalarıdır. Onu da iki aydır ki, ala bilmirlər. Yaqub Nəsirov deyir ki, ona ərzaq yardımı ediblər. Üstəlik taxta da veriblər. Ev də inşa edəcəyik deyiblər.

«Mən bu çadırın içində çox narahat yaşayıram. Bir var evdə yaşayasan, bir də var çadırda. Deyirlər ki, bir dənə sənin evin deyil, bu bütün Azərbaycanı tutub. Bizim bu kənd soveti mənim üçün çalışır. İcra aparatına xəbər verib. Mən də qızımı, gəlinimi çağırdım ki, evə girməyin. 4 nəfər bu çadırda, 4 nəfər də o biri çadırda yaşayırıq. 3 ailəyik. Qızım evlidir, o da mənimlə yaşayır. Belə yaşamaq olmur...»

YAĞIŞDAN SONRA İŞLƏR DƏ DAYANIB

Sel-su məktəblərə də ziyan vurub. Rayonun 5 məktəbi yararsız hala düşüb. Bu məktəblərin birində - Şatıroba kənd məktəbində olduq.

Məktəbin direktoru Zöhrab Rəhimovun sözlərinə görə, bu məktəb binası əvvəllər də yaxşı vəziyyətdə olmayıb. Seldən sonra tamamilə yararsız hala düşüb. Məktəbdə 150 uşaq təhsil alır. İndi məktəbdə iki növbədə dərs keçirilir.

«20 ilə yaxındır ki, məktəbin direktoruyam. Məktəb 1946-cı ildə tikilib. Məktəbin binası çiy kərpicdəndir. Binanın tikilməsində yerli meşə materiallarından istifadə olunub. 3-4 ildir ki, burada dərs keçmək olmur. Yağış yağanda su siniflərə tökülür. Dam hissəsi tamamilə çürüyüb. Bina birdən çökəcək. Nazirlikdən gəlmişdilər dedilər ki, binanı əsaslı təmir edək. Əsaslı təmir də mümkün deyil. Damı sökülsə divarları da dağılacaq.
Salyanda küçələrdə suyun səviyyəsi 60-70 santimetrə çatıb
Sel gələn vaxtı Fövqəladə Hallar Nazirliyinin işçiləri burada idilər. Gördülər ki, yağış birbaşa içəriyə yağır. Binanı televizorlarda da göstəriblər. Bir sözlə nə qədər ki, bina çökməyib onu sökmək lazımdır. Hər il vəd verirlər ki, yeni bina tikiləcək. Lakin illər ötür bina isə tikilmir».

Şatıroba kəndin yolları da bərbad vəziyyətdədir. Kənd sakinləri deyirlər ki, onların əsas nəqliyyat vasitəsi atdır. Kənd sakinlərini seldən atlar qurtarıb.

Yelağacı kənd orta məktəbin binası da çökmək üzrədir. Fövqəladə Hallar Nazirliyin nümayəndələri burada da olublar. Binanın yararsız olduğunu deyiblər.

Müşahidələrimizə görə, hökumət orqanları Masallıda selin-suyun vurduğu ziyanla bağlı ilk günlərdə az-çox iş görüblər. Bir çox yerlərdə arxları, kanalları təmizləyiblər. Lakin yağış dayananda sonra işlər də dayandırılıb. Biz fəlakət zonalarında olarkən yalnız həyətyanı hasarların bərpa edildiyinin şahidi olduq. Dağıntılar əvvəlki kimi qalır. Masallı rayon icra hakimiyyətinin şöbə müdiri Seyfəddin Əliyev bunu əsas işlərin başa çatması ilə izah etdi. Onun sözlərinə görə, Korçayın 4 kilometrə qədər yatağı lildən təmizlənib. Yararlı olan süni göllər saxlanıb, qalanları isə ləğv edilib. Rayon Fövqəladə Hallar Komissiyasının işçi qrupları yerlərdə baxış keçirdirlər. Rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına zərər çəkmiş 270 ailəyə ərzaq yardımı edib.

Hər halda belə məlum olur ki, selin Masallıya vurduğu ziyanın nəticələri aradan qaldırılmayıb.

SALYAN ŞƏHƏRİNİN YARISI SUYUN İÇİNDƏDİR

Havaların yağmursuz keçməsinə baxmayaraq Salyan şəhərinin yarısı suyun içindədir. Bir neçə gün bundan əvvəl burada güclü yağış yağıb. Sakinlərin dediyinə görə, həyətlərdə suyun səviyyəsi 60-70 santimetrə qalxıb. Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri yığılıb qalmış suyu Kürə axıtmağa çalışıblar. Qalaaltı yaşayış massivində suyun səviyyəsi daha yüksək olub. Həyətlərdə qalan su antisanitariya vəziyyəti yaradıb. Həyətlərdən üfunət iyi gəlir. Şəhər sakini Ağəli Əlışov:

«Yanğınsöndürənlər 2-3 gün həyətlərdən su çəkdilər. Ancaq həmin yerlərə yenə su dolur. Ev su içindədir. Həyət lil sudan gömgöydür. Üstəlik evin içi üfunət iyi verir. Evin bir tərəfi çöküb, qabağı uçulur. Dərdimizi kimə deyək?»

Salyan sakinləri deyirlər ki, həyətlərə yığılmış su üfunət qoxuyur
İmkanlı ailələr həyətlərində su nasosu qurublar. Nasos sutkada 16-17 saat işləyir. Dayananda yenə su yığılır. Qalaaltı yaşayış massivin sakini Məhəmməd İsmayılov deyir ki, su axan yerləri satıblar.

«Ərazidən 50-60-cı illərdə tikilən kollektor keçir. Bələdiyyə kollektorun üstünü satıb. Onun üstündə mağazalar tikiblər. Nəticədə su axa bilmir. Nasosla həyətlərdən suyu vururlar su yenə qayıdır. İki yağış yağdı, həyətləri su basdı. Suyun həyətlərdə belə qalması xəstəlikdir. Salyanda sudan ən çox ziyanı Qalaaltı massivində yaşayanlar çəkib».

Salyan şəhərinin Nizami küçəsinin bir hissəsində su olduğu kimi qalır. Maşınlar yoldan ehtiyatla keçirlər. Yolun hər iki tərəfində tikilən evlərin həyətləri su altındadır. Bizə bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxıb gediblər. Şəhərdə suyun axıdılması üçün heç bir iş görülmür.

Salyan rayon gigiyena və epidemiologiya stansiyasının şöbə müdiri Etibar Həsənov isə boş oturmadıqlarını deyir:

«Hər gün Qalaaltı massivində reydlər keçirdirik. Rayon icra hakimiyyəti başçısının tapşırığı əsasında ərazidən keçən kollektor təmizlənib. Salyan rayonun bütün ərazisində dezinfeksiya tədbirləri aparılıb. Heç bir gərginlik yoxdur. Malyariya, dizenteriya, bağırsaq xəstəlikləri normal səviyyədədir. Tədbirlər bu gün də davam edir».

Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov isə AzadlıqRadiosuna bildirdi ki, 100-ə yaxın həyətdən su təmizlənib.

P.S.

Məqalə cənub bölgəsində selin başlandığı vaxt – oktyabrın əvvəllərində hazırlanıb. Ancaq Masalı da olduğu kimi Salyanda da sel sullarının vurduğu ziyanın nəticələri hələ də tam aradan qaldırılmayıb. Çadırlarda gecələyən vətəndaşlar isə yardım gözləyirlər…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG