Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Domeyn adlarında inqilab


ICANN təşkilatı Asiya və ərəb hərflərini oxuya biləcək yeni çoxdilli ünvan sistemini səsverməyə çıxaracaq
Yaxın vaxtlarda domeynlərin adlarını tək latın qrafikası ilə deyil, həm də kiril, çin və ərəb əlifbası ilə də yazmaq mümkün ola bilər. (Domeyn-web səhifənin internetdəki adı və ünvanıdır).

İNTERNET İSTİFADƏÇİLƏRİNİN 1 MİLYARD 600 MİLYONUNUN YARIDAN ÇOXU LATIN ƏLİFBASINDA YAZMIR

Bunun sadə izahı var - dünyanın internet istifadəçilərinin 1 milyard 600 milyonunun yarıdan çoxu latın əlifbasında yazmır. Ancaq internetə girmək üçün latın hərfləri olan klaviaturadan istifadə etməyə məcburdurlar.

İndi ABŞ-ın qeyri kommersiya təşkilatlarından biri deyir ki, Rusiyadan tutmuş Əfqanıstana kimi, ya da İraqdan Çinə qədər istifadəçilər internetdən daha asanlıqla istifadə imkanı qazana bilərlər. Özü də öz ana dillərində yazaraq.

Oktyabrın 30-da domeyn adları sistemi ixtiyarında olan ICANN təşkilatı Asiya və ərəb hərflərini oxuya biləcək yeni çoxdilli ünvan sistemini səsverməyə çıxaracaq. İCANN-ın sədri Piter Dengate Sruş ümid edir ki, ekspert şurası planı təsdiqləyəcək.

İnternet kəşf olunduğu 40 ildə yeni hərflərlə internetə daxil olma imkanı - ən böyük texniki yenilikdir. Sistem müxtəlif dillərdən hərfləri götürərək, onu daim uyğun internet ünvanına çevirir.

Bu o deməkdir ki, məsələn, Rusiyada, Belarusda, Ukraynada və Mərkəzi Asiyada insanlar kiril əlifbasında yazaraq internet ünvanlara daxil ola biləcəklər.

İranlılar, əfqan və Yaxın Şərq istifadəçiləri üçün isə ərəb və fars hərflərindən istifadə imkanları açılacaq. Digər Asiya ölkələri koreya, yapon, çin, hind, hətta tamil dilində də yazaraq qlobal şəbəkəyə qoşulacaq.

«İNTERNET ÜNVANLARI SİSTEMİNDƏ BİR KOORDİNASİYA SISTEMİNƏ EHTİYAC VAR»

ICANN şirkətinin sözçüsü Brad Vayt deyib ki, bütün domeyn adları, e-mail ünvanları və hətta mini blogging sistemi olan «Twitter» ünvanları da latın hərfləri ilə yazılır. Bunun sadə səbəbi var. Çünki İnternet latın əlifbasından istifadə edilən ABŞ-da yaranıb:

- İnternetin kökləri ABŞ-a gedir. Amma bu, bir neçə il əvvəl belə idi. İndi İnternet qlobal kommunikasiya müəssisəsidir. Buna baxmayaraq, qlobal İnternet ünvanları sistemində bir koordinasiya sisteminə ehtiyac var. Bu ICANN-ın vəzifəsidir. Biz ünvanlar sistemini koordinə etməkdən savayı hər hansı funksiyaya nəzarət etmirik.

ICANN şirkəti dünyada internet ünvanlarının təkrarlanmamasına nəzarət edir. (Ən populyar domen adların sonluğu «org», «com», «net» və ya «biz»dir.) Amma bütün qlobal domeynlər latın əlifbası ilədir.

ICANN-ın Beynəlxalq Domen Adları Departamentinin rəhbəri Tina Dam deyir ki, yeni sistem istifadəçilərə yeni imkanlar açacaq:

- Hazırda beynəlmiləl domeyn adları ilə biz şəbəkəni genişləndiririk. Məqsəd - mümkün olan qədər işarələri əldə etməkdir. Söhbət on minlərlə işarədən gedir. Bu beynəlmiləl domeyn adları ilə bağlı problemlərdən biridir. Çünki siz əsas şəbəkəyə çoxlu sayda işarə əlavə edirsiniz, bunlar domeyn adlarında istifadə oluna bilərdi. Və siz əlavə edəndə onların çoxu oxşar görünür və onların unikal ünvan olub-olmadığı ilə bağlı problem yaranır.

İLK DƏYİŞİKLİKLƏR 2009-CU İLİN NOYABRINDA BAŞ VERƏ BİLƏR

Əgər ICANN şirkətinin ekspert şurası gözlənildiyi kimi, iki gün sonra yeni sistemi təsdiqlərsə, sistemin yavaş-yavaş təqdim olunacağı deyilir. İlk dəyişikliklər 2009-cu ilin noyabrında baş verə bilər.

Domen adlarına nəzarət edən şirkət 11 dilli yeni sistemi 2 ildir ki, sınaqdan keçirirdi. Yeni sistemə keçid həyata keçirilsə də, onun tamamilə 2010-cu ilin əvvəlində fəaliyyət göstərə biləcəyi hesab olunur.

Digər tərəfdənsə bir sual da yaranır. Görəsən, Qərb ölkələrində ərəb, ya kiril dilli internet ünvanlara daxil olmaq mümkün olacaqmı? ICANN rəsmiləri hesab edirlər ki, axtarış vasitələri böyük rol oynayacaq. Bununla belə, məsələ həll olunmamış qalır. Ekspertlər güman edir ki, bu problemlərin də öhdəsindən gələn yeni texnologiyalar yaranacaq.
XS
SM
MD
LG