Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

«Türk bayrağını qaldırmağa tələsmək lazım deyil»


«Atatürk Mərkəzi»nin rəhbəri, deputat Nizami Cəfərov

«Atatürk Mərkəzi»nin rəhbəri, deputat Nizami Cəfərov

«Bizim Yol»: «Atatürk Mərkəzi»nin rəhbəri, deputat Nizami Cəfərovda Türkiyəyə səfər edən nümayəndə heyətinin tərkibində idi. Onunla Ankarada keçirdikləri görüşlər, Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumu, bayraq krizi, bundan sonra baş verə biləcək mümkün hadisələr barədə söhbət etmişik.

«Elə bizim Türkiyəyə səfərimiz özü bir hadisəydi. Azərbaycan parlamentində və dövlətində bir narahatçılıq var idi ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsi həll edilməmiş sərhədləri açır. Bizim səfərin özü həmin narahatçılığın bir ifadəsiydi».

Millət vəkili Türkiyə bayraqlarının Şəhidlər Xiyabanına qaytarılması məsələsinə də münasibətini bildirib.

«Mən bu məsələyə çox geniş izahat verə bilmərəm. Çünki bu məsələ hökumətin işidir. Parlamentin bayraq haqqında qanunu var və sənəd bu günlərdə icra olunmağa başlayıb. Amma hamımız bilirik ki, Türkiyədə həssas məqamda, yəni təcavüzkar ölkə ilə futbol zamanı Azərbaycan bayrağına qarşı o cür sayğısızlıq olmasaydı, bu məsələnin üzərindən elə-belə keçə bilməzdik. İstər-istəməz müəyyən münasibət ifadə olunmalıydı. Hər iki tərəfdən bayraq böhranı yaşansa da, hər halda biz doğru hərəkət etdik.

- Bəs rəsmi Ankaranın addımından sonra Türkiyə bayraqları Şəhidlər Xiyabanına qaytarılmalıdırmı?

- Məncə, tələsməyək, bir qədər gözləmək lazımdır. XİN-lər arasında söhbətlər davam edə və hökumətimiz düşünə də bilər. Amma bu nə parlamentin, nə də mənim işim deyil».

«Azadlıq»: «Ankara böyük və incə oyun aparır»

«Əl-Cəzirə» telekanalına müsahibəsində Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla imzalanan protokollar məsələsinə də toxunub. Nazir bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan protokolların ratifikasiyasına hər hansı ümid yoxdur.

«Atlas» Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlunun sözlərinə görə, əslində rəsmi Ankara böyük və incə oyun aparır: «Protokollar imzalanandan sonra həqiqətən də vurğulandı ki, sənəd parlamentə gələcək və Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan ratifikasiya olunmayacaq. Rəsmi Ankara hələ ki bu siyasəti davam etdirir. Həmin sənədlərin parlamentə göndərilməsi o demək deyil ki, yaxın vaxtlarda ratifikasiya oluna bilər. Sadəcə müəyyən bir prosedur qaydaları var ki, protokollar xarici əlaqələr komissiyasına göndərilməlidir. Amma onlar orada yatıb qala da bilər. İndi Türkiyə növbəti addımı Ermənistandan gözləyir».

«Yeni Azərbaycan»: «Yeni Azərbaycan Partiyası daim siyasi proseslərin önündə gedir».

Müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov belə deyib:

«Partiyamızın bələdiyyə seçkilərinə hazırlığı uğurla davam edir. Hazırda namizədlərimizin xeyrinə imzatoplama kampaniyası aparılır. Ölkəmizdə mövcud olan 1718 bələdiyyədə hər bir yerə, yəni, 15 min 682 namizəd irəli sürülüb. Bütün namizədlər dairə seçki komissiyalarından imza vərəqələri götürüblər. Artıq onların 3 min nəfərə qədəri imza vərəqələrini müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim ediblər. Oktyabrın 30-dək namizədlərin hər biri imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Bu prosesdə yerli təşkilatların seçki qərargahları, YAP fəalları yaxından iştirak edirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG