Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

10 il əvvəlki istefaların açıq və gizlin tərəfləri…


Vəfa Quluzadə
Vəfa Quluzadə
«Mən onda çərçivə sazişinin əleyhinə idim. Minsk Qrupunun hazırladığı çərçivə sazişində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmırdı. Bu saziş İstanbul sammitində imzalanmalı idi…»

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə 10 il əvvəl oktyabrın 8-də istefa verməsini belə əsaslandırır. Vəfa Quluzadənin deməsinə görə, o vaxt prezident Heydər Əliyevi inandırmışdılar ki, Qarabağ münaqişəsini yalnız o həll edə bilər. Heydər Əliyev də İstanbul sammitində Minsk Qrupunun təklif etdiyi sazişi imzalamaq fikrində olub. Vəfa Quluzadə deyir ki, o İstanbul sammitində sülh sazişinin imzalanmayacağını da əvvəlcədən təxmin edirmiş. Çünki Rusiyanın bu prosesi pozacağı ona gün kimi aydın imiş. Ancaq deməsinə görə, bunu Heydər Əliyevə inandıra bilməyib. Sonradan Yerevan parlamentində baş verən terror isə onun haqlı olduğunu üzə çıxarıb.

«İNANMA, QORXMA VƏ İSTƏMƏ…»

Keçmiş dövlət müşavirinin deməsinə görə, Heydər Əliyevin uzun-uzadı təkidləri də onu istefa ərizəsini geri götürməyə razı sala bilməyib. Üstəlik bu addımı atarkən onun bütün məsuliyyətini göz önünə alıb:

«Mən Soljenitsinin bir prinsipinə əməl edirdim. Bu prinsipi Soljenitsin öz əsərlərində yazmışdı. O deyirdi ki, zonada yaşayan insan öz şəxsiyyətini qorumaq istəyirsə gərək 3 prinsipə sadiq qalsın. İnanmasın, qorxmasın və istəməsin…»

Vəfa Quluzadə deyir ki, istefasında şəxsiyyət azadlığı da başlıca rol oynayıb. Çünki məmur kimi özünü azad hiss etmirmiş. Keçmiş dövlət müşaviri istefasının məhz oktyabrın 8-nə təsadüf etməsinin səbəbini də açıqlayır. Onun deməsinə görə, oktyabrın 10-da Koçaryanla Naxçıvanda görüş olmalıymış və bu işi prezident ona tapşırıbmış. Oktyabrın 8-də istefa verməklə Naxçıvanda Koçaryanın təmtəraqla qarşılanmasından dolayısıyla imtina edib.

Vəfa Quluzadənin istefasından təqribən 2 həftə sonra Xarici İşlər Naziri Tofiq Zülfüqarov və prezident katibliyinin rəhbəri Eldar Namazov da istefa verir. İndi istefasının detallarına toxunmaq istəməyən Eldar Namazov da deyir ki, belə bir addım atmalarının mahiyyətində sırf Qarabağ məsələsi dururdu.

HEYDƏR ƏLİYEV BU İSTEFALARDA MARAQLI İDİMİ?

Ancaq hər 3 istefa qərarını başqa aspektdən dəyərləndirənlər də var. «Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu deyir ki, Heydər Əliyevin özü bu istefa qərarlarında maraqlı idi. Onun fikrincə, həmin dövrlər müxalifətə Qarabağla bağlı aksiya keçirməyə icazə vermək və parlamentdə Qarabağ münaqişəsinin detallarını müzakirəyə çıxarmaq təsadüf deyildi:

Azər Rəşidoğlu
«Həmin dövr Heydər Əliyev dünya ictimaiyyətinə göstərmək istəyirdi ki, nəinki müxalifət, nəinki ictimaiyyət, hətta bəzi məmurlar bu sazişin əleyhinədir».

Ancaq Eldar Namazov isə deyir ki, əgər elə bir siyasət olsaydı bundan ötrü bəzi ictimai və qeyri rəsmi qüvvələrin imkanlarından istifadə edilərdi. Onun fikrincə komandasında olan 3 şəxsin birdən-birə istefa verməsində heç bir prezident maraqlı ola bilməzdi. Üstəlik Eldar Namazov deyir ki, indi təklif edilən sülh sazişinin mahiyyətində keçmişlə müqayisədə müəyyən fərqlər var:

«Hər halda bu gün müzakirə edilən sənəd heç bir məmuru belə bir seçim qarşısında qoymur ki, istefa haqqında düşünsün».

Eldar Namazov deyir ki, bütün bu proseslərin mahiyyəti İstanbul sammitində qəbul edilən bir sənəddə dəqiq ifadəsini tapmışdı. Orada sülh sazişinin imzalanmamasının səbəbləri kimi Yerevanda baş verən terror və Bakıdakı istefalar göstərilirdi…
XS
SM
MD
LG