Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36
Oktyabrın 22-də Şərqi Avropaya səfər edən ABŞ-ın vitse-prezidenti Cozef Bayden Rumıniyadakı çıxışında Güney Qafqazdakı siyasi proseslərə də toxunub. O bildirib ki, 20 il öncə dünya birliyi Şərqi Avropada insanların qandallardan qurtulmasını həyəcanla seyr edirdi. Bu gün isə Rumıniya artıq Azərbaycan, Ermənistan kimi ölkələrə öz demokratiyalarını yaratmaları üçün yardım etmək iqtidarındadır.

DEMOKRATİYANIN SƏRHƏDİ HARDA BİTİR?

ABŞ vitse-prezidentinin bu bəyanatına Azərbaycanda reaksiyalar müxtəlifdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli düşünür ki, bu bəyanatla ABŞ bir tərəfdən Azərbaycan, Ermənistan, Belarus kimi ölkələrdə hələ də demokratiyanın olmadığını vurğulayır,
Əli Kərimli
digər tərəfdənsə bütün başqa maraqlarına baxmayaraq, Birləşmiş Ştatların dünyada demokratiyanın inkişafında və daha geniş coğrafiyanı əhatə etməsində maraqlı olduğunu önə çəkir:

- ABŞ Şərqi Avropa dövlətlərinə xatırladır ki, 20 il öncəyə qədər onlar da diktaturalardan, avtoritar rejimlərdən çox əziyyət çəkiblər. Odur ki, indi avtoritar rejimlərdə yaşayan dövlətlərin demokratikləşməsinə yardım göstərməlidirlər. Cənab Baydenin bu açıqlamasını təkcə Şərqi Avropada, o sıradan keçmiş sosialist məkanında deyil, dünyada demokratiyanın dəstəklənməsi istiqamətində atılan addım kimi dəyərləndirirəm.

«BAYDENİN SON BƏYANATI BEYNƏLXALQ SİYASƏTDƏ CANLANMA YARADIB»


Politoloq Eldar Namazov isə Cozef Baydeni ABŞ diplomatiyasında ən kəskin bəyanatlar müəllifi kimi xarakterizə edir. Onun fikrincə, cənab Baydenin son bəyanatı da beynəlxalq siyasətdə canlanma yaradıb:

Eldar Namazov
- Belə qəbul edirlər ki, Cozef Bayden Ermənistanda və Azərbaycanda məxməri inqilabların davam etdirilməsinin tərəfdarıdır. Güman edirəm ki, belə deyil. Sadəcə olaraq cənab Bayden bu bəyanatla dünya birliyinin və həmin ölkələrin rəhbərlərinin yadına salır ki, Azərbaycanda, Ermənistanda, Belarusda insan haqları ilə, demokratik seçkilərlə, söz azadlığı ilə bağlı ciddi problemlər var və bunlar çözülməlidir.

«BAYDENİN MESAJI İQTİDARLARA YÖNƏLİB»

«Belə bəyanatlara böyük ümidlər bəsləmək, Birləşmiş Ştatların demokratik proseslərə açıq və ciddi dəstək verəcəyini düşünmək yanlışdır».

Azər Rəşidoğlu
Bu sözləri isə siyasi şərhçi Azər Rəşidoğlu deyir. Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Corc Buş «qızılgül inqilabı»ndan sonra Tbilisiyə səfəri zamanı bildirmişdi ki, Qafqazlarda, Orta Asiyada ürəyi demokratiya eşqi ilə yanan gənclər var və biz onların yanındayıq. Bundan az sonra seçkilər oldu və çox aşkar şəkildə göründü ki, Qərb demokratları nə Azərbaycanda, nə də Orta Asiyada demokratların yanında deyil:

- Sadəcə olaraq son zamanlar Azərbaycanla Türkiyə arasında münasibətlərin korlanması ilə Azərbaycanın Rusiyaya az da olsa meyllənməsi, bununla yanaşı İranla Azərbaycan arasında münasibətlərin istiləşməsi müşahidə edilməkdədir. ABŞ rəsmiləri bu tip sərt bəyanatlarla Azərbaycan diplomatiyasındakı kəskin reveransların qarşısını almaq istəyir. ABŞ rəsmi Bakıya çatdırmaq istəyir ki, əgər indiki diplomatik kursdan kəskin sapmalar olacaqsa, Qərbin sərt reaksiyası ilə qarşılaşa bilərlər.

Azər Rəşidoğlunun sözlərinə görə, bu bəyanatın arxasında həm də Qərbin bölgədə öz iqtisadi maraqlarını ciddi müdafiə etməyə hazır olduğu da dayanır. Onun sözlərinə görə, Qərb regiona milyardlarla investisiya yatırıb və bu iqtisadi dayaqlarının hər hansı formada zədələnməsinə göz yummaq fikrində deyil. Şərhçi deyir ki, Baydenin bu mesajı demokratik dəyişiklikləri istəyən vətəndaşlardan çox, iqtidarlara yönəlib.

Şərhləri göstər

XS
SM
MD
LG