Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14
Əlvida Bakı! Son ayrılıq qapıda.
İndi içimdə qəm və qorxu və xof.
İndi ürək daha üzgün, düz əlimin altında,
İndi tam bilinir nə deməkmiş dost.

Sovet məmurları ona «Mister Yox» ayamasını qoşmuşdular. Axı nə komsomola yazılmışdı, nə də partiyaya. Kommunist mahnılarını da oxumaz, sakitcə «yox!» deyərdi. «Mister Yox»un qürurlu nəsli vardı - Yaltaqlıq və yarınma sözləri bu nəslin sözlüyündə yasaq sayılırdı...

... «Mister Yox»! Yəni həmişə var olan Müslüm Maqomayev. Bu dəfə nəvə Maqomayev!..Bu radio dastanın adı da «Hə» imperiyasının «Mister Yox»u olsun dedik və «İz» proqramında nəvə Müslüm Maqomayevin 66 il sürən yaşam və ləyaqət yolunun izinə düşdük.

Müslüm Maqomayevin bir müsahibəsindən:

- Axı, səhnəylə niyə belə tez vidalaşdınız?

- Səhnə məndən üz çevirməmiş mən ondan uzaqlaşmağı qərara aldım. Artıq oxumağımdan ləzzət ala bilmirəm. Ta 14 yaşından bülbül kimi oxudum, necə oxumağı, nəyin çətin, nəyin asan olduğunu heç düşünmədim. Az qala 50 il səhnə həyatı yaşadım.

- Uşaqlıq çağından nə qalıb xatirinizdə?

- Bakıda çox sadə bi evimiz vardı. Mənə atalıq eləyən əmim Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsini tutsa da, sadə yaşayırdı. O, bütün gününü işdə keçirdiyindən, bizimlə--uşaqlarla nənəmiz məşğul olurdu. Nənələrin hamısı bir-birinə oxşayır – nəvələrini sevib-əzizləyir, şıltaq-dəcəl böyüdürlər.

- Demək, şıltaq böyümənizdə nənəniz günahkardı?

- Necə dilim gələr? Nənəm yox, mən dəhşətli dərəcədə dəcəl idim. Məktəbdə adım həmişə intizamı pozanların önündə çəkilərdi. Evdə-həyətdə də dəli kimi dolaşar, o vaxt «Tarzan» filmi təzə-təzə ekrana çıxdığından «tarzanlıq» edərdik. Və günün birində Tarzan kimi ağaca dırmaşmaq, budaqdan-budağa hoppanmaq mənə baha oturdu: yıxılıb sol qolumu qırdım. Həkimlərin mənə yazığı gəldi, yüngül bir gips qoyub özümü sakit aparmağı tapşırdılar. Sakit ha! Uzun sözün qısası, sınıq əyri bitdi.

- Deyəsən, ağrıdan qorxursunuz, axı. Bu qol sınığından bir belə danışmağa dəyər?

- Məni pianoçu hazırlayırdılar, axı...

- Tamam...demək, sınıq əyri bitdi...Sonra nə oldu?

-Yenə getdik xəstəxanaya, bihuşdarı verib bitişən sınığı təzədən sındırdılar və elə bir gips qoydular ki, bir ömür uzunu bəs edərdi! Tanrıya şükürlər ki, o sınıq sənət həyatıma kölgə salmadı. 14-15 yaşından oxumağa, həm də özümü ağıllı aparmağa başladım.

- Yeseninin «Əlvida Bakı» misralarının altına imzanızı qoyardınız?


- Bu yaxınlarda Yeseninin saytında həmin gözəl şeirə mənim təzə mahnımı da qoyublar. Amma bu o demək deyil ki, o böyük şairlə birgə mən də Bakıyla vidalaşıram. Yox! Yenə yox! Bakıya dönmək ümidim bir an da kəsilməyib! Ümid edirəm ki, Allah mənə ömür verər, öz uşaqlıq və gənclik şəhərimi bir də görərəm!..

Heç vaxt heç kimi aldatmadı Müslüm bəy. Yenə döndü Bakıya!..Öldü, amma döndü. Gəldi, amma məzara uğurlandı!..


- Sovet quruluşunun çökməsini gözləyirdiniz?


-İnqilabı gözləyirdim. Həmişə sovet quruluşunun əleyhdarı olmuşam. Həmişə həyatımızın dəyişməsini arzulamışam. Məmurlara baş əymələrə son verilməsini, partkomissiyaların təsdiqlədiyi mahnıları deyil, ürəyimiz istəyəni oxumamızı istəmişəm.

- Dəyişikliklər nə dərəcədə ürəyinizcə oldu?

- Hər şeyin durulduğu bir an yetişdi: ölkə daha belə yaşaya bilməzdi. Bunu sanki dükan vitrinləri çığırırdı – şirə şüşələrindən başqa nə vardı ki vitrində?! Hələ qaralıb-göyərmiş ət tikələri üçün növbələri demirəm...Heç cür başımdan çıxmırdı ki, «Ay Allah, axı nə vaxt bizlər də azad yaşayacağıq?». Amma görünür, bizim bu özəl-gözəl kapitalizm lap qəfildən hücuma keçdi. Sanki Mosartın musiqisini qəfildən Şnitkeylə əvəzlədilər. Sarsıldıq. Hərçənd, mən ruhdan düşməyən adamam, inanıram ki, hər şey düzələcək. Amma buna nə qədər vaxt lazım olacağını o bir Allah bilir.

Çoxları Müslüm Maqomayevi milyonçu sayıb, amma o, varlı olmayıb, əlinə keçəni dost məclislərinə xərcləyib. «Rusiya» otelinin 5 otaqlı lüks nömrəsində yaşayıb. Verdiyi qonaqlıqlar zamanı masa başına azı 30 adam toplanıb. Bəzi dost-tanış və yoldaşları səhər yeməyini, naharı və şam yeməyini də Müslümün hesabına yola veriblər. Bütün bu xərcləri ödəmək üçün Müslüm Maqomayev xanımı Tamara Sinyavskaya ilə vaxtaşırı qastrollara çıxıb. Olub ki, gündə 2 konsert veriblər. Sonra yenə ziyafət, yenə dost məclisləri!..

Sovetlər dönəmində Maqomayevlə küçəyə çıxmaq, dükan-bazarı gəzmək, sakit bir restoranda vaxt keçirmək sadəcə mümkün deyildi. Şair Robert Rojdestvenski yazır ki, Müslümün çox konsertində olmuşam. Konsertin aparıcısı heç vaxt onun ad və soyadını sonacan çəkə bilməyib. Elə alqış tufanı qopub ki!.. Aparıcı ha çabalasa, ha çalışsa da Maqomayev soyadı gur alqışların içində eşidilməz olub...

Amma bu olay bəlkə Elvis Preslinin də başına gəlməyib. Müslümün Rostovlu xanım heyranları onu içərisində olduğu avtomobillə birgə çiyinlərinə qaldırıb aparıblar.

Onu təkcə adi ölərilər deyil, öz dövrünün güc sahibləri də seviblər. Xruşşov, Brejnev, Andropov Müslüm Maqomayevə bayılıblar. Deyilənə görə, bir dəfə Andropov onu böyüklərin qəzəbindən qoruyub. Məsələ belə olub: bir dəfə Müslüm stadionda konsert verir, amma sovet rəhbərlərinin fikrincə, çıxışına görə çox pul tələb edir. Maqomayevin konsertlərinə 6 ay qadağa qoyurlar. Elə bu vaxtlarda Andropov Furtsevaya (mədəniyyət naziri) telefon açıb deyir: Yaxınlarda KQB-nin yubileyidir. Mənim uşaqlarım Maqomayevi dinləmək istəyirlər. Furtseva cavab verir ki, ona qoyulan qadağanın vaxtı bitməyib!..Amma Andropov bir az düşünüb deyir: KQB üçün o, tərtəmizdir. Dərhal təşkil edin!

Müslüm Maqomayevi cinayət aləminin nüfuz sahibləri də sayıb-sevirdilər. Ötən əsrin 70-ci illərində Bakıya qastrola gələn məşhur musiqi qruplarından biri soyulur, hətta mikrofonları da oğurlanır. Milisin aciz qaldığını görən qastrolçular olayı Müslümə çatdırıb, ondan kömək umurlar. O da qonaq musiqiçiləri sakitləşdirərək otelə yola salır. Ertəsi gün oğurlanan hər şey, o cümlədən mikrofonlar da qaytarılır və qonaq musiqiçilərdən o ki var üzrxahlıq edilir...

Əlvida Bakı! Əlvida türk duruluğu!
Daha donmaqda qan, tükənməkdə güc.
Amma məzaracan ruhum xoşbaxt, dinc
İçimdə var Xəzər, baxtın qayığı.

Müslüm Maqomayevin bir müsahibəsindən.

- Sizə niyə «Mister Yox» deyirlər?

- Heç vaxt özümü istəmədiyim bir işi görməyə məcbur edə bilmirəm. Buna görə mənə «mister, yaxud cənab Yox» deyirlər.

- Pulun, sərvətin həyatınızdakı önəmi barədə nə deyə bilərsiniz?

- Mənim gözümdə var-dövlət əsas şey deyil. Heç vaxt pul artırmamışam-- gələn kimi gedib. Pulum varsa, o dəqiqə dadını çıxarmışam. Moskvada evim olanacan ən yaxşı otellərdə qalmışam. Cədvələ görə bir konsertimə 102 manat neçə qəpik alırdım. Ustalığa və sairə görə də artırmalar vardı. 200 manatdan çox alınırdı. O vaxta görə pis pul deyildi. Amma problem ondaydı ki, az oxuyurdum.

- Niyə az oxuyurdunuz?


- Ürəkdən gəlməyəndə oxuya bilmirdim. Bu baxımdan heç Kobzona oxşamadım. O, həmişə oxumaq istəyir! Bir dəfə bir yerdə təyyarədə uçurduq...orda da Kobzonun oxumağı tutdu!..

- «Sovetlərin ilk saray müğənnisi» kimi Sizin Brejnevlə yaxın əlaqələriniz haqda əfsanələr dolaşır...


- Leonid İliç, doğrudan da, mənə bir müğənni kimi biganə deyildi və Kremldəki konsertlərin heç birini mənsiz təsəvvür etməzdi. Belə fikir yayılıb ki, o, məni «Malaə zemlə»ya görə sevib . Əslində İtaliya partizanlarının «çao Bella, çao» mahnısını xoşlayıb. Düzdür, məhz «Kiçik torpaq» bizi şəxsən tanışdırıb. Özü də Bakıdakı bir konsertdə. Onun gözü yaşarmışdı, səhnə arxasına gələrək məni qucaqlayıb öpdü və sonra da imzalı portretini bağışladı...

- Yəni baş katib sizi bağ evinə, ya da ovçu komasına heç çağırmadı?


- Yox, heç vaxt. Brejnevin nə evində oldum, nə bağında, nə də ovçu komasında. Düzdür, iki kərə onun ad günündə oxumağımı xahiş etmişdilər, məhz xahiş etmişdilər ha, orda da qeyri-adi bir şey görmədim. Bəzi qonaqları, çox içdikləri üçün, arxa qapıdan çıxarıb maşına oturdur və evlərinə aparırdılar...

- Düz 35 ildir Tamara Sinyavskaya sizin xanımınızdır. Bu uzun bağlılığın sirri nədir?

- Nəsə gözəgörünməz bağlantı var aramızda. İkimiz də müğənniyik, amma səhnəyə qısqanmırıq bir-birimizi. Əksinə, uğurlarımızdan hər ikimiz qürur duymuşuq. Əvvəllər umu-küsümüz olub. Olub ki, sözümüz çəpləşib. Amma bunlar ötüb, hər şey öz yoluna düşüb.

- Sənətçilər tez özündən çıxır, yəqin?

- Hə, mən heç nədən dəliyə dönə bilərəm! Amma 3-cə dəqiqədən sonra tam sakitləşirəm. Tez qızışıb, tezcə də soyuyuram.

- Xanımınız bunu bilir, yəqin?

- Bilir, əlbəttə. Tamara anlayıb bunu. Ən əsası, bir-birinizin əsəbiylə oynamamaqdır. Mən onu suallarımla dəng eləmirəm. Heç vaxt soruşmuram ki, hara gedir? İstəsə, özü deyər.

- Siz də ona hesabat vermirsiniz?

- Mən hara gedirəm ki? Mən ki qadın deyiləm, şəhərdə nə işim var?

- Nəvənizi tez-tez görürsünüz?

- Bircə dəfə görmüşəm. Onda 3 yaşı vardı, indi 5-i haqlayıb. Alen ağıllı oğlandı, dərrakəlidir, öz xasiyyəti var. Çox artistik, həm də məzəlidi. Bilir kimin başına dırmanmaq olar, kimin yox...

- Kimə çəkib?

- Bir dəfə sərt, həm də zəhmli baxışlarla düz gözünün içinə baxdım. Gözünü qaçırmadı. O dəqiqə bildim ki, mənim qanımdandı. Nəvəm həm mənə, həm anasına, həm də atasına oxşayır.

- İndi gərək evlənməli nəvəniz olaydı...

- Qızım 35-36 yaşınacan öz yarını axtarıb. Sonra mənim çoxdankı bir dostum vardı-- onun oğluna ərə getdi. İndi Amerikada yaşayırlar. Qızım Bakıda konservatoriya qurtarıb, amma əri biznes adamıdır.

- Siz Azərbaycanda doğulub-böyüsəniz də, Rusiyada yaşayırsınız. Özünüzü daha çox haranın vətəndaşı hiss edirsiniz?

- Həmişə demişəm ki, Rusiya anamdır, Azərbaycan – atam. 1963-cü ildən Rusiyada yaşayıram...bu illərin də çoxunu Moskvada keçirmişəm. Çəkilişlər, konsertlər, səsyazıları, əsasən, Moskvada gerçəkləşib. İlk solo konsertim burda olub, burda məşhurlaşmışam. Rus xalqı unikaldı. Sovet dönəmini yaşayarkən bir şüşə araq, bir dilim kolbasa bu xalqa bəs edib. İndi maaş almırlar, ağızucu deyinirlər... Məncə, Alisa başqa möcüzələr ölkəsinə düşüb. O, Rusiyanı görsəydi, Əyri güzgülər səltənətindəki həyatından çox razı qalardı.

- Müslüm bəy, Azərbaycan vətəndaşlığından imtina etməniz barədə xəbər yayılmışdı. Bunu necə anlayaq?

- Buna sırf rəmzi bir davranış kimi yanaşın. Mən necə Azərbaycandan imtina edə bilərəm? Mən azərbaycanlıyam, 40 ildir Moskvada yaşayıram, amma Azərbaycan vətəndaşı olaraq qalmışam. Və bu müddətdə, yekə çıxmasın, Müslüm Maqomayev adı məni çox bürokratik əngəllərdən qurtarıb. Vətəndaşlıqdan imtina sırf simvolik jest idi. Oldu-sovuşdu.

- İçərişəhərin korlanmasına, bayır şəhərdə baş verən tikinti özbaşınalığına qarşı niyə səsinizi ucaltmırsınız?

- Mən azərbaycanlıyamsa, demək, Azərbaycanda olan heç nəyə biganə deyiləm. Qanım qaralır, amma mənə eyham vururlar ki, Moskvada yaşayan Müslüm Maqomayev hansı haqla Azərbaycana aid məsələlərə qarışır. Eşitdirirlər ki, niyə Rostropoviç kimi əlimə silah götürüb döyüş növbəsinə çıxmamışam.

- Bəlkə haqlıdılar, niyə çıxmamısız ki?

- Mən insanlara atəş açmağı bacarmıram. Amma Azərbaycanın ağır günlərində şəxsi çıxarlarımı düşünməyi də ağlıma gətirməmişəm. Sadəcə, əsəblərimi cilovlamayıb Azərbaycan vətəndaşlığından imtina etdiyimi söyləsəm də vətəndaş pasportumu bağrıma basmışam. Bircə bu xəstəlik imkan versəydi...

- SSRİ xalq artisti kimi aldığınız pensiya normal yaşamağa imkan verir?

- Mən Rusiyadan heç bir pensiya almıram. Burada qeydiyyata da çox geç götürüblər. Mən, həyatım boyu, sadəcə, moskvalı Tamara Sinyavskayayla ailə qurmuş bakılı kimi yaşamışam.

- Əcəb adamsınız – nə konsert verir, nə pensiya alırsınız. Bu bahalıqda necə dolana bilirsiniz bəs?

- Vaxtilə Heydər Əliyevin çox köməyi dəydi. O vaxtdan hər ay Bakıdan bir növ mükafat gəlir bizə. Bu, pensiya deyil, Azərbaycan respublikasını və xalqını tanıtmaq üçün dövlətin bir jestidir..

Əlvida Bakı! Bir udum mahnı, əlvida!
Son dəfə dostumu bağrıma basım...
Və qızılgül kimi qoy onun başı
Uğurlasın məni... çiçək dumanında...

Alla Puqaçovanın yas məclisindəki çıxışından:

Nə qədər desələr də ki, «özünə sənət bütü yaratma!» – 14 yaşımdan onu sənət tapınağım sayırdım. O vaxtlar Müslüm Maqomayevin ifasını eşitməsəydim, kim bilir, taleyim necə olacaqdı. Onu hər şeydə özümə örnək sayırdım...hətta “uğur” deyilən incə məsələdə də...

...Müslümlə tanış olmaq uşaqlıq arzum idi. Bu arzumu çin etməkdən ötrü oxumağa, çıxış etməyə başladım. Tanış olduq, amma bir yerdə oxumaq heç cür qismət olmadı. Eyb etməz... İndən belə Müslümlə göylərdə oxuyacağımıza inanıram. Maqomayev düşən ulduz deyil. Onun ulduzu bütün əzəmətini saxlayıb sakitcə söndü. Və heç nəyə baxmadan, təkcə yaddaşlarımızda deyil, gözəl mahnılarında da qaldı...

Bu «İZ» bitir. 20-ci yüzilin vokal sənətinə adını qızıl hərflərlə yazdıran Müslüm Maqomayevdən söz açdıq. Onun AzadlıqRadiosuna dediklərindən, İnternet məkanına səpələnmiş yazılı çıxışlarından, mediaya müsahibələrindən yararlandıq. Və «Hə» imperiyasında «Mister Yox» adlanan həmyerlimizdən qürur duyduq...

Dünyayla vidalaşmasının bir ilində Maestro Müslümün – nəvə Maqomayevin səsini eşitmək istəsəniz, onun S.Yeseninin sözlərinə yazdığı «Əlvida Bakı» mahnısını dinləmək istəsəniz «İz»i yıklaya bilərsiniz.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG