Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30
Ərəbov Hüseyn Fərman oğlu ali təhsilli inşaatçıdır, 54 yaşı var. Ağdam rayonunun Qalayçılar kənd sakinidir. Məcburi köçkün kimi Bakıda məskunlaşıb.

Deyir Ağdam işğal olunandan sonra ailəsinin olan-olmazını satıb Bakıda - Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19-da 3 otaqlı mənzil alıb. Yüksək səviyyədə təmir elətdirib. Sonra Azərbaycan polisi evi ounn əlindən alıb ailəsini küçəyə töküb.

GİROV YOXSA ALQI-SATQI?

H.Ərəbov deyir ki, Tərtər rayonunda Baxışov İlyas Cahangir oğlu adlı bir nəfərin xanımını borc əvəzinə kriminal aləmin adamları girov apararkən o işə qarışıb. Xahiş edib ki, Azərbaycan qadınına qarşı ayıb iş tutmasınlar. Əvəzində, o İ.Baxışova borcu ödəməyə kömək edəcək:

«Ev bacım - Ərəbova Gülayənin adına idi. Mən ona demişdim ki, get sənədə imza at, ev girov qoyulsun, Baxışov İlyasla Əliyev Akif pulu götürsün. Bacım müəllimədir. Onlar gedib bacımı məktəbdən götürüb notariusa aparıblar. Sələmçilərlə (Nadirov Ramiz və Nərgiz adlı qadın) evimi girov götürənlər orada bacıma deyiblər ki, ev girov qoyulanda da alqı-satqı müqaviləsi ilə sənədləşdirilir. Bu yolla 22 min dollarlıq müqavilə yazıb bacıma alqı-satqıya qol çəkdiriblər. Bundan mənim xəbərim olmayıb. Sələmçilər Baxışov İlyasla Əliyev Akifə 9750 dollar faizə pul veriblər. Və əvəzində də 2760 dollar sələm alıblar».

H.Ərəbov deyir ki, sonradan həmin sələmçilər iddia ediblər ki, guya mənim evimi alıblar:

«Onlar iddia edirlər ki, girov söhbəti olmayıb. Bacıma da 22 min dollar pul veriblər».

H.Ərəbovun dediyinə görə, artıq bu məsələ istintaqda sübuta yetirilib. Sələmçilər özləri də sonradan etiraf ediblər ki, 9750 dollara mənim evim girov qoyulub. Baxışov İlyasa da həmin məbləği veriblər. Əvəzində də deyilən sələmi alıblar:

«POLİSLƏR BACIMI GİROV GÖTÜRDÜ»

«Onların 9750 dollarına görə dəfələrlə 13 min dollar pul vermişik. Evin qiyməti birdən-birə qalxdığına görə pulu götürməyiblər. Gəlib evi görəndən sonra evdən əl çəkmədilər. Mən də bu barədə şikayət vermişəm. İstintaqda sübuta yetirilib ki, heç bir alqı-satqıdan söhbət gedə bilməz. Mənim sələmçilərlə işim məhkəmədə olarkən Xətai rayon Polis İdarəsinin əməkdaşları bizi içəri salıb evimizi əlimizdən alıblar».

Şikayətçinin sözlərinə görə, məhkəmənin qərarından asılı olaraq ev auksionda satıla, boşaldıla yaxud da sələmçilərin pulu ödənməklə onun özünə qaytarılmalı idi. 2006-cı il yanvarın 13-də məhkəmə olmalıymış, bir gün əvvəl pulun bir hissəsini mənimsəmək məqsədilə evin satdırılmasında maraqlı olan polislər hərəkətə keçiblər:

«2006-cı il yanvarın 12-də gecə Xətai rayon polisinin əməkdaşları bacım Gülayəni girov götürərək oradakı «Nargilə» kafesinə aparılar. Ancaq bacımın halı xarablaşdığı üçün məcbur olub onu huşunu itirmiş vəziyyətdə şöbəyə aparıblar. Orada kameraya salıb girov saxlayıblar. Gecə səhərə qədər evimi boşaldıblar ki, yuxarının göstərişidir. Açarı məndən alandan sonra demişəm ki, barı indi bacımı buraxın ölməsin. Onlar isə əvvəl şöbədə mənə ərizələr yazdırıb bütün ailəmi qeydiyyatdan çıxarıb, sonra bacımı və məni buraxıblar».

«BAŞ PROKURORLUQ İŞİ MƏHKƏMƏYƏ BURAXMIR»

O deyir ki, Xətai rayon polisindən Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət verib. Respublika Prokurorluğunda istintaq gedib. Bakı Şəhər Baş Polis İdarəsində və Bakı Şəhər Prokurorluğunda bütün faktlar sübuta yetiriləndən sonra ölkənin Baş prokuroru həmin polislərin əməllərinə hüquqi qiymət verilməsi üçün işi 2007-ci ilin fevral ayında aidiyyəti üzrə Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərib. İdarədə 9 ay 22 gün istintaq aparılıb, 19 üzləşmə prosesi olub, 30 –dan çox şahid ifadəsi ilə onun dedikləri tam sübuta yetirilib:

«2007-ci ilin sonunadək nə qədər çalışmışam, Baş Prokurorluq işi məhkəməyə göndərməyib. İndi Baş Prokurorluq cinayət işini orada saxlayıb məhkəməyə buraxmır. Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 10 cildlik cinayət işini məhkəməyə çıxartmağa imkan vermir. Onlar qərarın surətini bizə vermədiyinə görə məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə şikayət vermişik. Nəsimi rayon Məhkəməsi onların qərarını ləğv edib. Qərarın surətini bizə verib. Baş Prokurorluq isə məni və bacımı şahid göstərərək protest verib. Guya biz zərərçəkən yox, şahidik. Apellyasiya Məhkəməsi isə Nəsimi rayon Məhkəməsinin qərarını ləğv edib».

«MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUMUZU BƏRPA ELƏ»

H.Ərəbov deyir ki, Apellyasiyanın qərarından Ali Məhkəməyə müraciət edib:

«Dedilər bizim hüququmuz yoxdur buna baxmağa. Konstitutsiya Məhkəməsinə müraciət edin. Konstitusiya Məhkəməsinə müraciət elədik. Konstitusiya Məhkəməsi qərardadla bizdən çatışmayan sənəd kimi Ali Məhkəmənin qərarını istədi. Təkrar şikayətdən sonra Ali Məhkəmə işi baxılmamış saxlayıb qərar verdi ki, həqiqətən də bu iş Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. İndi də Konstitusiya Məhkəməsi ikinci qərardadında deyir ki, işin faktiki hallarına baxmırıq. Biz isə deyirik ki, həmin qərarların Konstitusiyaya uyğunluğun yoxla, məhkəməyə müraciət etmək hüququmuzu bərpa elə. Biz başqa şey istəmirik».

HAKİMİN VƏ PROKURORLUĞUN SÖZÇÜSÜNÜN MÖVQEYİ

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə isə deyir ki, iş baxılmamış saxlanıla bilər və bunun səbəbi qərardadda göstərilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, həmin vətəndaş kimi ittiham etməsinə baxmayaraq, istənilən halda məhkəmə qarşısında iddia qaldırmalıdır:

«Prokurorluğu ittiham edənlər isə ola bilsin belə məsələlərdə maraqlı şəxslərdir. Və prokurorluğun nüfuzuna xələl gətirmək üçün bu addımları atırlar. Prokurorluq orqanları o məsələlərlə məşğul deyil.
O adam qoy qanuna müvafiq surətdə məhkəmə qarşısında iddia qaldırsın və haqlı tələbini orada müdafiə eləsin».

«BUNU İDDİA EDƏN RUHİ XƏSTƏDİR»

Xətai rayon Polis İdarəsinin rəisi Rasim Məmmədov isə deyir ki, həmin vaxt rayonda rəis işləmədiyi üçün məsələdən xəbərsizdir. Ancaq polisin kimisə girov götürməsi, zorla ailəni mənzil qeydiyyatından çıxarmasını iddia edən kimdirsə, yəqin ki, ruhi xəstədir:

«Azərbaycan hüquqi dövlətdir. Hər şey qanun çərçivəsində həll olunur. Belə şeyin olması mümkün deyil. Əgər elə bir hal varsa, həmin vətəndaş dövlət orqanlarına müraciət edib qanuna müvafiq qaydada hüquqi cavab ala bilər».

Xətai rayon Polis İdarəsinin baş inspektoru, polis mayoru Məryəm Ömərova isə deyir ki, hansısa məhkəmənin qətnaməsi varsa, o qətnamə icra olunan zaman məhkəmə icraçıları ilə bərabər polis əməkdaşları da vətəndaşın evdən çıxarılmasında iştirak edə bilərlər. Digər heç bir halda polis evi boşatdıra, kimisə evindən çıxara bilməz.

«KONSTİTUSİYA MƏHKƏMƏSİ VƏTƏNDAŞIN BU ŞİKAYƏTİNƏ BAXMALIDIR»

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, Konstitusiya Məhkəməsi işlərə ümumiyyətlə qanunsuz olaraq baxmaqdan imtina edir:

«Praktika göstərir ki, onlar ümumiyyətlə bu cür işlərə baxmırlar. Bu və ya digər səbəblərdən maraqlarında deyil. Ancaq qanunla Konstitusiya Məhkəməsi vətəndaşın bu şikayətinə baxmalıdır. Çünki vətəndaşın məhkəməyə çatımlıq hüququ pozulur».

Hüquqşünas deyir ki, bununla belə əgər vətəndaşa işə baxılmamış saxlanılması barədə qərardad verilibsə, o Avropa Məhkəməsinə müraciət edə bilər:

«Amma məsləhətdir ki, o Avropa Məhkəməsinə müraciət edəndən sonra əlavə müdafiə vasitəsi kimi Ali Məhkəmənin Plenumuna və Konstitusiya Məhkəməsinə müraciət etsin. Qoy oradan rədd cavabı alsın və onları da göndərsin Avropa Məhkəməsinə. Onda özünü tam rahat hiss edə bilər».

«MƏNƏ KÖMƏK EDİN KI, AİLƏMİ BU DÖVLƏTDƏN ÇIXARDIM»

Hazırda Bakının Nizami rayonunda zirzəmidə məskunlaşdığını deyən şəhid ailəsi, müharibə iştirakçısı, Qarabağ köçkünü, 10 nəfərlik bir ailənin başçısı Hüseyn Ərəbov bildirir ki, 2006-cı ildən indiyədək dövlət səviyyəsində onun başına oyun açırlar:

«Gör nə qədər ləyaqətsiz olasan ki, bir cavan gəlinin namusunu qorumaq üçün evini girov qoyan adamla belə rəftar edəsən. Ona görə mən bu ölkədən çıxıb getmək istəyirəm. Jurnalistlərdən, xarici ölkə səfirliklərindən, beynəlxalq təşkilatlardan xahiş edirəm - mənə kömək etsinlər ki, ailəmi bu ölkədən çıxardım».

Şərhləri göstər

XS
SM
MD
LG