Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

«Dolanmırıq eee, sürünürük…»


«Gəlib-gedəndən soruşuruq ki, pensiya var, deyəndə hə, bilirik ki, alver olacaq»

«Gəlib-gedəndən soruşuruq ki, pensiya var, deyəndə hə, bilirik ki, alver olacaq»

- Əvvəllər camaatın güzəranı yaxşı idi, iş yerləri var idi, indi iş yoxdur deyə camaatda da pul yoxdur.

- Dolanmırıq eee, sürünürük, sürünməkdir bu, burda olanların əksəriyyəti institut qurtarıb, indi gəlib alver eləyir. İş yeri yoxdur.

«PENSİYA VERİLƏNDƏN VERİLƏNƏ ALVER OLUR»

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonunda kimi dindirsən dərdi eynidir – işsizlik, pulsuzluq. Rayonun kəndlərində illərdir aktual olan qaz, işıq problemi də hələ öz həllini tapmayıb. Bəzi kəndlərə gedən yolların bərbadlığı da problemlərin sıyahısını artırır. Camaat daha çox alverlə baş dolandırır. Amma bazarda meyvə satan Məmməd deyir ki, indi alverin də bərəkəti qalmayıb:

- Pensiya veriləndən verilənə alver olur. Gəlib-gedəndən soruşuruq ki, pensiya var, deyəndə hə, bilirik ki, alver olacaq. Ayrı günlər alver yoxdur.

Şəkidən olan Validə xanım isə Bakıya gəlib ki, rayona aparıb satmaq üçün pulu çatan qədər pal-paltar alsın. Çünki nə özü, nə də oğlu işləyir, əkib-becərməyə də torpaqları yoxdur:

- Balam institut oxuyub, inşaatı, orta məktəbi də əla qurtarıb, indi evdə yatır, iş yoxdur. 1-2 dəfə bazara çıxdı ki, alver eləsin, amma gəldi evə ki, ay ana, sata bilmirəm.

Mütəxəssislərin də dediyinə görə, indi Validə xanım kimi rayonlardan paytaxta çörəkpulu dalınca gələnlərin sayı ildən-ilə artır. Baxmayaraq ki, dövlətin regionların sosial-iqtisadi inkişafıyla bağlı 2004-2008-ci illəri əhatə edən proqramı başa çatıb. Həmin proqramın yekununa həsr olunmuş konfransda ölkə başçısı İlham Əliyev qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra olunduğunu bildirib.

Statistik rəqəmlərə gəlincə isə, prezident 5 illik dövr ərzində regionlarda 10 minə yaxın yeni müəssisənin, 500 minə yaxını daimi olmaqla 600 mindən çox yeni iş yerinin açıldığını, bölgələrin sürətli inkişafının şahidi olduqlarını deyib. Bundan başqa, regionlarda işıq, qaz, su, kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, yeni telefon xətləri, poçt binaları, olimpiya kompleksləri, tibb ocaqlarının tikilməsi istiqamətində də işlər görüldüyü qeyd olunub.

YENİ 5 İLLİK PROQRAM

Prezident İlham Əliyev bu il növbəti 5 il – 2009-2013-cü illəri əhatə edəcək daha bir proqramın hazırlanması üçün fərman da imzalayıb. Yeni proqram da ölkənin təbii və əmək potensialından səmərəli istifadə edilməsi ilə qeyri-neft sektorunun inkişafını, infrastrukturun daha da yaxşılaşdırılmasını, sahibkarlığın inkişafının sürətləndirilməsini, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasını, eləcə də məşğulluğun təmin olunmasını və yoxsulluğun azaldılmasını nəzərdə tutur.

Bakıya çörəkpulu dalınca gələn həmsöhbətim Validə xanım isə deyir ki, bütün bu rəqəmləri, ümumiyyətlə, regionların inkişafı proqramı barədə ancaq televizorda deyilənləri eşidib, öz həyatında hər hansı inkişaf hiss etməyib.

Əksər mütəxəssislər də o fikirdədirlər ki, regionların sosial-iqtisadi inkişaf proqramı bölgələrin inkişafında ciddi rol oynamayıb. Məsələn, olimpiya komplekslərinin inşası, küçələrin asfaltlanması, parkların salınması və ya heykəllərin qoyulması əyalət sakinlərinin güzəranına hər hansı müsbət təsir göstərməyib. O ki qaldı 100 minlərlə açılan iş yerlərinə, mütəxəssislər bu rəqəmlərin reallığı əks etdirməməsi, əksər hallarda isə köhnə iş yerlərinin yeni adla qeydiyyatdan keçirilməsi hesabına şişirdilməsi fikrindədirlər.

Açılan zavodların bir neçəsinin ömrü isə proqramın ömründən də qısa olub, bəziləri, məsələn, İmişlidə böyük vəsait hesabına başa gələn şəkər zavodu gözlənilən nəticəni verməyib.

«NÖVBƏTİ 5 İLLİK PROQRAM DA UĞURLU OLMAYACAQ»

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, bugünkü reallıq növbəti 5 illik proqramın da uğurlu olmayacağından xəbər verir:

- Artıq proqramdan 5 il ötüb, amma bu gün iqtisadi inkişafın proporsional səviyyəsi hələ də bu proqramın hesabına əldə olunmayıb. Bu, ondan xəbər verir ki, proqramda nəzərdə tutulmuş müəyyən istiqamətlər həyata keçirilsə də, ümumilikdə proqram effektiv, şəffaf idarə olunmayıb, ondan gözlənilən nəticələr də sadəcə olaraq onunla müəyyənləşdi ki, 600 min iş yerinin açılması ilə bağlı verilən populist vəd guya ki, yerinə yetirildi. Amma proqramda nəzərdə tutulan çox ciddi hədəflər var idi ki, onlara heç çatılmadı. Kapitalın regiona axını, özəl investorların regionlarda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması baş vermədi.

«REGİONLARDAN TOPLANAN VERGİLƏRİN XÜSUSİ ÇƏKİSİ HƏLƏ 2-3 FAİZ TƏŞKİL EDİRSƏ…»

İqtisadçı Azər Mehtiyev də hesab edir ki, hazırda regionlarda davamlı sosial-iqtisadi inkişaf üçün baza ola biləcək geniş sənaye istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının davamlı inkişafı istiqamətində işlər qənaətbəxş səviyyədə deyil. Dövlət büdcəsinin formalaşmasında regionların payı da bunu bir daha təsdiq edir.

- Əgər bu gün dövlət büdcəsinin gəlirlərinin formalaşmasında regionlardan toplanan vergilərin xüsusi çəkisi hələ 2-3 faiz təşkil edirsə və son illər ciddi dəyişiklik yoxdursa, bu onu göstərir ki, müəssisələr istənilən səviyyədə işləyə bilmir. Bizim də apardığımız tədqiqatlar göstərir ki, regionlarda yaradılan müəssisələr onların açılışı elan olunduğu ilk illərdə müəyyən istehsal göstəricilərinə malik olsalar da, növbəti illərdə onlarda istehsal ya dayanır, ya da kəskin ixtisarlar baş verir. Bu, bir daha onu göstərir ki, regionlarda sahibkarlıq mühiti geniş mənada mövcud deyil, iş qurmaq istəyən insanlara böyük maneələr yaradılır, müəyyən oliqarxlar tərəfindən yaradılan müəssisələr isə bölgələri dirçəltmək iqtidarında deyil.

«MÜTƏXƏSSİSLƏR MƏSƏLƏYƏ OBYEKTİV YANAŞMIRLAR»

Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli isə hesab edir ki, mütəxəssislər məsələyə obyektiv yanaşmırlar. Onun fikrincə, proqram çərçivəsində regionlarda irəliyə doğru xeyli addım atılıb. Amma millət vəkili müəyyən problemlərin hələ də öz həllini tapmaması ilə razılaşır və deyir ki, növbəti 5 illik proqram da məhz bu problemlərin aradan qaldırılmasını nəzərdə tutur:

- Təbii ki, regionların problemləri 5 il ərzində formalaşmamışdı ki, 5 ili əhatə edən bir proqram çərçivəsində onları həll etmək mümkün olsun. Ona görə də növbəti 5 illik proqram hazırlandı. Bu gün demək olar ki, işıq, qaz problemi tamamilə həll olunub. İşsizliyin aradan qaldırılması istiqamətində addımlar atılıb. Bir sıra istehsal sahələri yanandı, amma yenə də gənclərlə bağlı işsizlik proqramı var, bu problemləri də aradan qaldırmaq üçün 2009-2013-cü il proqramında nəzərdə tutulmuş tədbirlər sistemli şəkildə həyata keçirilməlidir.

Mütəxəssislər isə hesab edirlər ki, daxili və xarici investorlar üçün bərabər imkanlar yaradılmayınca, sahibkarlığın inkişafı üçün mövcud maneələr aradan qaldırılmayınca və kənd təsərrüfatı istehsalı üçün əlverişli şərait təmin olunmayınca, regionların növbəti 5 ildə də inkişafını gözləmək əbəsdir.

Şərhləri göstər

XS
SM
MD
LG