Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:40
- Mənim üçün daha yaxşı olar öz rayonumda – Raçidə qalım və pis-yaxşı normal bir iş tapım. Bu, Tbilisidə supermarketdə konsultant işləməkdən yaxşıdır.

«HAMI TBİLİSİDƏ YAŞAYA BİLMƏZ»

Ambrolaur rayonundan olan 21 yaşlı Kristina Kurçikidze belə fikirdədir. Alman dilini öyrənməyə başlayana qədər o, doğma şəhərində yerli idarədə işləyib. İndi Kristina Almaniyaya getmək istəyir. Ancaq qayıdan kimi yenidən Raçidə yaşamağa davam edəcəyini deyir. Onun sözlərinə görə, bir neçə il davam edən böhrandan sonra region yenidən canlanmağa başlayıb. Və əgər insanın istəyi olarsa, regionda da öz həyatını qura bilər:

- Öz şəxsi təcrübəmə görə, hesab edirəm ki, əgər insanın arzusu varsa, işləmək imkanı mövcuddur. Məsələn, Raçidə qeyri-hökumət təşkilatları, dövlət idarələri var. Onların xüsusi ofisləri yoxdur, böyük əməkhaqqı vermirlər. Ancaq normal qazanmaq və hansısa bir işi öyrənmək üçün imkan var.

Kristina torpaqda işləməyin də eyibli olmadığını deyir:

- Kişinin sahədə, qadının isə dirrikdə işləməsində eyibli heç nə yoxdur. Axı hamı Tbilisidə yaşaya bilməz.

Ancaq Kristinanın ətrafında elələri də var ki, iş tapa bilmir. Bu vəziyyət xüsusilə kəndlərdə çətindir.

Regional inkişaf və infrastruktur nazirinin birinci müavini Cambul Bakuradze Gürcüstan regionlarında ən böyük problemlərdən birinin - işsizlik olduğunu təsdiqləyir. Ancaq nazir müavini əlavə edir ki, son 5 ildə bu sahədə inkişaf var:

- Regionlarda iş problemi var, ancaq hər şey nisbidir. Biz tək nəqliyyat departamentinin maliyyələşməsinə 2009-cu ildə - 2003-2004-cü ilin büdcəsi qədər maliyyə vəsaiti ayırmışıq.

«ƏLBƏTTƏ, HAMIYA İŞ OLMUR, AMMA…»

2009-cu ildə regionlarda 1 milyard 220 milyon lari məbləğində infrastruktur layihələr həyata keçirilib. Cambul Bakuradzenin sözlərinə görə, bu layihə yerli əhalinin işlə təmin edilməsi ilə birbaşa bağlıdır:

- Məsələn, biz kəndə su çəkdik. Ancaq bunun üçün quyu qazmaq, boru xətti çəkmək lazım gəldi. Demək istəyirəm çoxlu sayda iş yerlərinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirilən zaman insanlar işlə təmin ediliblər. Həmçinin məktəb və xəstəxanaların təmiri zamanı yerli əhali işə götürülür. 2003-cü illə müqayisədə 2009-cu ildə işi olan adamların sayı 10 dəfə çoxdur. Əlbəttə, hamıya iş olmur, amma regionlarda iş potensialı yaranıb.

Gürcüstanın hər regionunun öz problemi var. Regionlarda gedən miqrasiya da buna sübutdur. Statistikaya görə, məhz işsizliyə görə İmereti və Sameqrelo regionlarından paytaxt Tbilisiyə axın daha çoxdur.

«BƏZİ REGİONLARDA VƏZİYYƏT BU QƏDƏR GƏRGİN DEYİL»

Cambul Bakuradze regiondakı vəziyyəti izah edir:

- Bəzi yüksək dağlıq regionlar var ki, onlarda vəziyyət bu qədər gərgin deyil. Məsələn, dəniz səviyyəsindən kifayət qədər yüksəkdə yerləşən - Cavaxeti, Axalkalaki və Ninoçmindada. Orada insanların ərzaqla bağlı problemləri yoxdur. Ambrolauri və Mestidə də eyni vəziyyətdir. Ancaq İmeretidə hər şey fərqlidir. Düzənlik bölgə olmasına baxmayaraq, Xonidə vəziyyət daha pisdir. Şərabçılığın inkişaf etdiyi Kaxetiyada vəziyyət müəyyən qədər yaxşıdır. Sameqreloda qozun emalına başlanıb, son vaxtlar bəzi yerlərdə çay istehsalı bərpa olunub.

Bakuradze hesab edir ki, dövlət idarələrinin bir hissəsinin rayon mərkəzlərinə köçürülməsi də regionların inkişafına təsir edib. Aydındır ki, hamı işləmək üçün Tbilisidən Kutaisiyə köçməyəcək. Demək regionda yaranan iş yerlərində yerli kadrlar çalışacaq.

«REGİONAL İNKİŞAF ÜZRƏ PLANDA ƏSAS MƏQAM ÖZÜNÜİDARƏETMƏDƏ İSLAHATLAR APARMAQ OLUB»

Parlamentin regional siyasət üzrə komitəsinin sədri Vano Xuxunaişvili deyir ki, regional inkişaf üzrə planda əsas məqam özünüidarəetmədə islahatlar aparmaq olub. Onun qiymətləndirməsinə görə, yerli səviyyədə idarəetmə orqanlarının yaradılması mərkəzi hakimiyyəti regionlara yönəldib.

V.Xuxunaişvili deyir ki, dairə administrasiyalarının yaradılmasından başqa infrastruktur layihələri - regionlarda gedən inkişafa daha bir sübutdur:

- Bu layihələri hökumət yerinə yetirir. Bələdiyyə səviyyəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən infrastruktur layihələr də var. Bu siyahıya mərkəzi hökumət tərəfindən maliyyələşən kənd təsərrüfatının inkişafı layihəsi də əlavə edilib. Bütün bunlar yerli əhalinin işləməsinə və onlar üçün əhəmiyyət kəsb edən məsələlərlə bağlı qərarların qəbulunda iştirak imkanı yaradacaq.

«KUTAİSİDƏ VƏZİYYƏT ÇOX ÇƏTİNDİR»

Kutaisidən olan Nailə uzun illər şəxsi bizneslə məşğul olsa da, son zamanlar vəziyyətin pisləşməsi biznesinə xeyli təsir edib. Kifayət qədər böyük müəssisəsi və salonundan indi kiçik atelye və 2 dərzi qalıb.

İmeretini nümunə göstərən Nailə, regionlarda yaşayışın çətin olduğunu və onlarla adamın iş tapmasının hələ vəziyyəti dəyişmədiyini deyir:

- Kutaisidə vəziyyət çox çətindir. Orta sinif ödəmə qabiliyyətini itirir, onlar hətta ən ucuz xidmətin pulunu belə ödəyə bilmirlər.

Hökumətin lovğalandığı infrastruktur layihələrinə gəlincə, Nailə deyir ki, bu layihə yaxşı olsa da, qısa müddətlidir və bitincə insanlar yenidən pulsuz və ümidsiz qalacaq:

- Gözümüzün önündə yollar çəkilir. Yerlilər həqiqətən də iş tapıblar, amma bu müvəqqətidir. Layihə qurtaracaq və ikinci gün insanlarda yenidən pul olmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG