Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:07

Etibarnamənin «etibarı»


Azərbaycanda avtomobillərin alqı-satqısı daha çox «Generalnı dovernost» kimi tanınan sənədlə aparılır

Azərbaycanda avtomobillərin alqı-satqısı daha çox «Generalnı dovernost» kimi tanınan sənədlə aparılır

Maşın sahibi olmaq çoxlarının arzusudur, əksəriyyət də öz arzusuna çatır. Amma Azərbaycanda şəxsi avtomobillərin alqı-satqısı daha çox etibarnaməylə, el arasında daha çox «Generalnı dovernost» kimi tanınan sənədlə aparılır. Yəni, bu sənədlə avtomobil yiyəsi başqa bir şəxsə maşınından hər cür istifadə hüququ verir. Amma burda kimin kiməsə pul ödədiyi göstərilmir. Bu, maşın sahibi olmaq istəyənlərə asan yol kimi gəldiyindən, və ya başqa səbəbdən, çoxları məhz bu yolu seçir.

Bakı sakini Ələkbər Quliyev etibarnamə vasitəsilə 6 dəfə yiyəsini dəyişən avtomobili aldıqdan sonra problemlə üzləşib:

«Biz maşını satmaq istəyəndə məlum oldu ki, avtomobilin ikinci sahibiylə üçüncüsünün arasında problem yaranıb. İkinci sahib məhkəmədə iddia qaldırıb ki, maşının pulu tam ödənməyib. Məhkəmə də avtomobilə həbs qoyub».

Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi olmayıbsa, onda bu, iddianın sübutları şübhə altına düşür:

«İddiaçı da etibarnamə ilə alqı-satqı eləyibsə, deməli, ortada alqı-satqı olmasını təsdiqləyən sənəd yoxdur. Eləcə də Ələkbər Quliyevin də belə bir sənədi yoxdur. Amma maşın artıq onun istifadəsindədirsə, o, bu məsələdə tərəfdir və məhkəmədə iddia qaldıra bilər».

Yeri gəlmişkən, Dövlət Yol Polisi İdarəsi məsləhət görür ki, avtomobil almazdan əvvəl vətəndaşlar identifikasiya nömrəsini onların İmtahan-Qeydiyyat Şöbələrində olan kompyuter bazasında yoxlatsınlar.

«İMTAHAN VERMƏK İSTƏMƏYƏN RÜŞVƏTİN MİQDARINI ÖYRƏNİR»

Şəkidə isə sürücülük vəsiqəsinin verilməsi üçün 1000 manat rüşvət istənildiyini iddia edənlər var. Belə bir şikayətlə «Qaynar xətt»ə üz tutanlar deyirlər ki, sürücülük vəsiqəsi almaqdan ötrü həm yol hərəkəti haqqında qaydaları bilmək, həm də 1000 manatdan keçmək lazımdır:

«Pul verməsən, imtahana buraxmırlar, versən dəxli yoxdu, yenə də kompüter arxasına keçib imtahan verməlisən».

Bu şikayəti Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidova çatdırdıq. O, bu ittihamlarla razılaşmadı, dedi ki, sürücülük vəsiqəsi almaq istəyən imtahan verməlidir:

- Hansı şəxs ki, imtahan vermək istəmir, müxtəlif yollar axtarır, rüşvətin miqdarını öyrənir…

- Belə bir halla üzləşən vətəndaş neyləsin?

- Kimsə hesab eləyir ki, hazırlıqlıdır, gəlsin Bakıya, komissiya ilə ondan imtahan götürək.

POST-PATRUL XİDMƏTİ «QAİ» DEYİL

Post-Patrul Xidməti sürücünü saxlaya bilərmi?

Bu sualla müraciət eləyənlər öyrənmək istəyir ki, Post-Patrul Xidmətinin funksiyası nədir: avtomobili saxlaya bilərmi, saxlayarsa, sürücünü nə qədər cərimə edə bilər?

Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ə.Məcidov deyir ki, Post-Patrul Xidməti ictimai asayişə nəzarət edir, avtomobillərin yol-hərəkət qaydalarını tənzimləmir:

«Bu xidmətin belə bir funksiyası yoxdur. İctimai asayişi pozan şəxsi saxlayıb öz səlahiyyətləri çərçivəsində onunla bağlı tədbir görə bilər. Ancaq yol-hərəkəti qaydası pozuntusuna görə sürücünü saxlayıb onu cərimə edə bilməz».
Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG