Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Gürcüstanda yol polisi yoxdur...


Şəhərdə kiminsə avtobusun qabağına qaçıb avtobus saxlaması yerli-dibli müşahidə olunmur
Şəhərdə kiminsə avtobusun qabağına qaçıb avtobus saxlaması yerli-dibli müşahidə olunmur
Gürcüstanda avtobus sürücüləri özlərini «kommunizm»də hiss edirlər. Deyirlər sovetlərin gedib çata bilmədiyi quruluşu onlar artıq əldə ediblər.

İndi Azərbaycandakı ictimai nəqliyyatla Gürcüstandakı ictimai nəqliyyat arasında müqayisə olunası xeyli fərqlər var.

Ən böyük fərq odur ki, Gürcüstanda tələbələr, şagirdlər, təqaüdçülər və sərnişin daşıyan bütün sürücülər metro və avtobusdan pulsuz istifadə edirlər. Əvvəllər onlara edilən 50 faizlik güzəşt 100 faizlə əvəzlənib. Kiminsə pul ödəmədən düşməsi sürücünü heç maraqlandırmır. Çünki bu işə dayanacaqlarda nəzarət edənlər var. Biletsiz sərnişin 15 manat cərimə olunur. Amma həmin biletsiz sərnişini heç kim bundan ötrü təhqir etmir. Sadəcə, sərnişinə qəbz verilir ki, biletsiz düşdüyü üçün cərimə olunub və bu məbləğ 30-40 gün ərzində banka ödənilməlidir.

GÜRCÜSTANDA SÜRÜCÜLƏRİ ANCAQ YOL MARAQLANDIRIR

Gürcüstanda sürücülərin sərnişinlərlə mübahisəsinə heç rast gəlməzsən. Çünki sərnişinlər Bakıda olduğu kimi pulu sürücüyə yox, kassaya atır və qəbzini götürüb düşür. Gündəlik nə qədər pulun yığılmasından asılı olmayaraq sürücülər hər saata görə 6 lari-təxminən 4 dollara yaxın pul alırlar. Avtobuslar yalnız dayanacaqda dayanır. Özü də Bakıdakı kimi dəqiqələrlə yox, sadəcə bir anlığa. Şəhərdə kiminsə avtobusun qabağına qaçıb avtobus saxlaması yerli-dibli müşahidə olunmur.
Sərnişinlər pulu sürücüyə yox, kassaya atır və qəbzini götürüb düşür
Hamı dayanacaqda minir, dayanacaqda da düşür. Şəhərdə yolboyu bir neçə yerdə iri və oturacaqlı dayanacaqlar var, daha çox dayanacaqların harda olmasını elektrik dirəklərinə vuran lövhələr müəyyən edir.

Əgər avtobus xarab olubsa sürücü sadəcə, bu barədə dispetçer xidmətinə zəng edir və gəlib avtobusu aparırlar. Azərbaycandan fərli olaraq Gürcüstanda avtobus sürücüləri yanacağı öz pullarıyla almırlar. Bundan əlavə heç ehtiyat hissəsi də onlarlıq deyil.

İCTİMAİ NƏQLİYYATDA ŞƏFFAFLIQ

Gürcüstanda avtobus sürücüsü avtobusdakı kassalara nə qədər pulun yığıldığını başının üzərindəki sayğacın düyməsini basmaqla bilir. Üstəgəl, sürücünün heç vaxt pula əli dəymir. Günün sonunda dispetçer xidmətinin əməkdaşları kassanı açır və gün ərzində yığılan pulları götürülər.

Azərbaycanda avtobusda siqaret çəkmək qadağandır xəbərdarlığını sürücülər özü pozsa da, Gürcüstanda buna görə o, işini itirə bilər. Bu səbəbdən də Gürcüstanda damağında siqaret olan sürücü görmək «muzey tapıntısı» hesab edilir. Sürücülər yalnız sonuncu dayanacaqda siqaret çəkə bilərlər. Yaxud da ki, onlara verilən 45 dəqiqəlik günorta fasiləsində.

BU CÜR XİDMƏTƏ GÖRƏ HEÇ SÜRÜCÜYƏ TƏŞƏKKÜR EDƏN DƏ YOXDUR

Gürcüstanda sərnişin daşıyan bütün sürücülər metro və avtobusdan pulsuz istifadə edirlər
Sürücülər deyirlər ki, əslində kimin pulu varsa 40 tetri verir, olmayanlar isə sürücüyə üzrxahlıq etmədən maşından düşür. Cibində 40 tetri yoxdursa - iri puldursa, bu o deməkdir ki, sərnişin pulsuz düşəcək. Çünki kassa aparatlarının pul xırdalamaq imkanı yoxdur. Mən 83 saylı avtobusdan düşəndə, sürücü səhər tezdən saat 19-a qədər nə qədər adamın kassaya pul atdığını göstərdi. Qabaq kassa 208, arxa kassa 149. Sürücünün dediyinə görə, hətta istənilən sərnişin yığılan pulun miqdarını sürücüdən soruşa bilər və insanların bu marağı sürücünü heç vaxt qıcıqlandırmır.

GÜRCÜ SÜRÜCÜSÜ: «BİZ KOMMUNİZMDƏ YAŞAYIRIQ»

Bütün sürücülər işin sonunda avtobusla bir-bir evlərinə aparılır və səhər də bu, təkrarlanır.

83 saylı avtobusun sürücüsü elə bu səbəbdən də indi yaşadıqları dövrü kommunizm adlandırır. Sürücülərin dediyinə görə, bundan əvvəl onlar da bir-birilərini ötüb keçir, pul verməyən sərnişinlərlə dava-dalaş edirmişlər. Amma elə ki, sərnişin-nəqliyyat dövlətin nəzarətinə keçib, bütün o mənfiliklər qalıb arxada.

TBİLİSİNİN FƏRQLİ «TAKSİ» SÜRÜCÜLƏRİ…

Gürcüstanda taksi sürücüləri də Azərbaycandakı həmkarlarından xeyli fərqlənirlər. Onları heç kim təqib eləmir. Sadəcə, qaydaları pozanlara nə qədər cərimə olunduqları barədə qəbz verilir və həmin məbləğ 40 gün müddətinə istənilən banka ödənilə bilər. Bundan başqa, taksilərin gündəlik planı 60 lari, haradasa 40 dollardır.
Yol polisin işini «Şkoda» markalı avtomobillərlə daim hərəkətdə olan patrullar həyata keçirir
Sürücü bu pulu gün ərzində firmaya ödədikdən sonra nə qədər artıq pul qazanırsa hamısı özünə qalır.

GÜRCÜSTANDA YOL POLİSİ YOXDUR

Yol polisin işini «Şkoda» markalı avtomobillərlə daim hərəkətdə olan patrullar həyata keçirir. Özü də bu avtomobillərin dövlət nömrə nişanları yalnız arxada olur. Mən patruldan bunun səbəbini soruşdum, məlum oldu ki, bu, Avropa standartıdır. Özü də həmin patrullar yol hərəkəti qaydalarından tutmuş məişətdə baş verən hər bir hadisəyə müdaxilə edirlər. Amma təbii ki, Azərbaycandakı kimi yox. Hər şey qanunlar çərçivəsində. İlk növbədə insanlara onların hüquqları başa salınır. Onların aylıq maaşı 400-500 lari –təxminən 350 dollardır. Patrulla söhbətdən aydın oldu ki, maaşları onlara yetməsə də əlavə kimdənsə rüşvət almaq haqqında heç düşünmürlər. Çünki dövlət işçisi rüşvət aldısa həbs edilir və daha sonra həmin şəxs ömürlük dövlət işində işləyə bilməz. Gürcü polisləri ilə söhbətdən məlum oldu ki, onlar Azərbaycandakı həmkarlarının «əməlləri»ndən yaxşı xəbərdardırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG