Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Yarandı və dağıldı...


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının mətbuat konfransı, 19 mart 2009

Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının mətbuat konfransı, 19 mart 2009

Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı artıq yoxdur. Bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir. O qurumun yox olmasının əsas səbəbkarı kimi hərəkatdakı partiyalardan birini - Ümid Partiyasını göstərir:

MÜSAVAT ÜMİDİ NİŞAN VERİR

«Ümid Partiyası strukturlarının hakimiyyətlə işbirliyi ilə əlaqədar olaraq çoxsaylı fakt ortalığa çıxdı. Əsas səbəb budur. Eyni zamanda, biz bəyan etmişik ki, Azadlıq bloku və Demokrat Partiyası ilə istər hərəkat çərçivəsində, istərsə də başqa bir qurumda birgə fəaliyyətlə bağlı müzakirələrə başlamağa hazırıq».

Müsavat Partiyası bildirir ki, hakimiyyətin seçki komissiyalarında ona təklif olunan minlərlə üzvlük yerindən imtina edib. Ümid Partiyası isə seçki komissiyalarında təmsil olunmağa razılaşıb, bununla da Müsavat və digər
İqbal Ağazadə
müxalifət partiyaları üçün ayrılan yerləri qismən dolduraraq müxalifətin siyasi mübarizəsinə xələl gətirib.

«MÜSAVAT HƏRƏKATI DAĞITMAQ TAPŞIRIĞI ALDI»

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, Müsavat hərəkatı hakimiyyətin istəyi ilə dağıdıb. Seçki komissiyalarındakı nümayəndələr söhbəti isə bəhanədir:

«Hərəkatı dağıtmaq Müsavatın qarşısına qoyulan məqsəd idi. Bu məqsədi də uğurla həyata keçirir. Amma hərəkatın olub-olmaması məsələsinə gəldikdə, bu, Müsavatdan asılı məsələ deyil. Bu, digər partiyalarla da müzakirə olunacaq. Müsavat 3 ildən sonra Azərbaycan müxalifətinin ən uğurlu koalisiyasını dağıtmaq tapşırığını aldı və onu etdi. Müsavat hakimiyyətin müəyyən qoluyla razılığa gələrək hərəkatın işinə xitam verdi. Hərəkatın işinə xitam verir, sonra da deyir ki, digər partiyalarla əməkdaşlığı yenidən müzakirə edə bilərik».

«BİZ HƏLƏ BİRLİK YARATMAQ MƏDƏNİYYƏTİNƏ YİYƏLƏNMƏMİŞİK»

Sərdar Cəlaloğlu
Hərəkatda təmsil olunan başqa bir partiya –Azərbaycan Demokrat Partiyası (ADP) isə bu parçalanmadan sonra yaxın müddət üçün müxalifətin hansısa blokda təmsil olunmasına inanmır. ADP sədri Sərdar Cəlaloğlu deyir ki, ona görə də bələdiyyə seçkisində rəhbərlik etdiyi partiya təkbaşına iştirak edəcək:

«Təsisçilər bir yerə yığışmayıb, heç bir qərar qəbul olunmayıb. Müsavat Partiyası təşkilatı birtərəfli qaydada buraxır. Bu, onu göstərir ki, biz hələ birlik yaratmaq mədəniyyətinə yiyələnməmişik. Belə olan halda bundan sonra yaranan birliklərin nə mənası ola bilər. İndiyə qədər neçə-neçə belə birliklər yaranıb və hamısı da ayrı-ayrı partiyaların qrup maraqları, intriqalarına görə dağılıb. İndi də müxalifətin bu qədər durğun olduğu bir vaxtda çətinliklə yaratdığımız bu birlik kiminsə şəxsi maraqlarına uyğun deyil deyə, dağılır».

«BU TİP QURUMLARIN YARADILMASI ƏSLİNDƏ HAKİMİYYƏTİN SSENARİSİ ÜZRƏ HƏYATA KEÇİRİLİR»

Azər Rəşidoğlu
Siyasi ekspertlər isə deyirlər ki, bu cür parçalanmalar müxalifətə olan inamı daha da azaldır. «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu bildirir ki, əslində bu cür bloklar yarananda onların parçalanması gözlənən idi:

«O vaxt ki, ölkədə sakitlikdir, əhəmiyyətli hadisələr baş vermir, müxalifət birləşir, bloklar yaradır. Həmin bloklara tükürpədən adlar da qoyurlar. Hər dəfə seçki ərəfəsində isə həmin bloklar dağılır. Bu tip qurumların yaradılması əslində hakimiyyətin ssenarisi üzrə həyata keçirilir. Belə hay-küylü boşanmalar ona gətirib çıxarır ki, hakimiyyət yaddan çıxır, bunlar bir-birinə qarşı fəaliyyət göstərirlər. Bu da hər seçki ərəfəsində baş verir. Müxalifət liderlərinin son vaxtlar atdıqları addımların hamısı hakimiyyətin maraqlarına cavab verir».

Azər Rəşidoğlu deyir ki, müxalifətin bu addımları cəmiyyətdə demokratik dəyişikliklərə olan inamı azaldır ki, bu da hakimiyyətə sərf edir.

Şərhləri göstər

XS
SM
MD
LG