Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:42

«Azərbaycanda yüzlərlə bosniyalını «qul» kimi işlədiblər»


Bosniyalılar burada işləyirlər

Bosniyalılar burada işləyirlər

«PULUMU VERSİNLƏR, VƏTƏNİMƏ QAYIDIM»

Bosniya-Herseqovinadan Azərbaycana gətirilən yüzlərlə adam burda əsasən tikinti sahəsində çalışıblar. İşlədikləri şirkətdən son 5-6 ayın pulunu ala bilməyən bosniyalılar səslərini çıxarmağa məcbur qalıblar. Onların durumu barədə məlumatı AzadlıqRadiosunda çalışan bosniyalı həmkarlarımızdan aldıq. Söhbət elədiyimiz bosniyalıların heç biri müsahibə verməyə razı olmadı, heç adlarını da söyləmədilər. Əvvəlcə telefonla danışmağa müvəffəq olduğumuz bir bosniyalı fəhlə söylədi ki, o, 6 ay əvvəl Azərbaycana gəlib:

- 6 min dollar verməlidilər. Amma vermirlər. Mən vətənimə getmək istəyirəm, amma pulum yoxdur. Viza müddətim də başa çatıb. Azərbaycana 6 aylıq gəlmişdim.

Müsahibimiz «Serbaz» Layihə və Tikinti MMC-də işlədiyini söylədi. Bu şirkətin Bakıda Mərkəzi Bankın arxasında tikinti apardığını öyrənib ora yollandıq.

«TİKİNTİDƏ İŞ DAYANIB»

Hasara alınmış, artıq iki mərtəbəsi qaldırılan tikintidə sakitçilik idi. Kran hərəkətsiz idi. Hərçənd, iş saatının qurtarmasına hələ bir neçə saat var idi. Hasarı dörd dolanıb girişini axtaranda C.Cabbarlı istiqamətinə baxan hissədə dəmir hasardan bir parçanın açıldığını və ora ərzaq daşındığını gördük. Geyimi nimdaş olan bir əcnəbi isə bir qıraqda dayanmışdı.

Söhbətə həvəssiz razılaşsa da, 5 aydır maaş almadığını söylədi. Mühəndisdir, Bakıya ailəsiylə gəlib:

- Bəs harda qalırsız?

- Kirayədə yaşayırıq.

- Bəs kirayə pulunu necə verirsiz?

«28 May» stansiyasının yaxınlığında tikilən Ticarət Mərkəzində 150-yə qədər bosniyalı işləyirmiş
- Axırıncı bir ayı verməmişik. Ev sahibi də deyir ki, əgər sonrakı ay da pul verməsəz, çıxaracağıq. Əvvəl şirkət ödəyirdi.

- Bəs neçə aydır maaş almırsız, necə dolanırsız, nə yeyib-içirsiz?

- Xanımım tikintidə mətbəxdə işləyir, ordan az-az nəsə gətirir, ondan yeyirik.

- Bu tikintidə yerlilər də işləyirmi?

- Yox, onları çıxarıblar.

- Niyə?

- İş yoxdur, tikinti dayanıb.

Soruşuruq ki, pasportu özündədirmi? Sualımızı çiynini çəkməklə cavab verir. Bu əsnada xanımı da bizə yaxınlaşır. Əri kim olduğumuzu söyləyir. Bizdən aralanmağa çalışır:

- Niyə danışmağa çəkinirsiz?

- Əlavə problem istəmirik.

- Axı, artıq sizin probleminiz var, maaşınızı almırsız…

- Elədir, amma söz veriblər ki, ödəyəcəklər. Birdən danışsaq, ödəməzlər.

«PASPORTLARIMIZI ƏLİMİZDƏN ALIBLAR»

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinə müraciət edən bir qrup bosniyalı isə pasportlarının əllərindən alındığını bildirib. Birliyin sədri Əlövsət Əliyev deyir ki, o, bir neçə nəfərin pasport məlumatlarını Dövlət Miqrasiya Xidmətində yoxlatdırıb və məlum olub ki, onlara işləmək üçün əmək vizası verilməyib.
Həbs qoyulan avtomobil
Ə.Əliyev hesab edir ki, müəssisə bosniyalıların əməyindən qul əməyi kimi istifadə edib.

BOSNİYADAN NƏ QƏDƏR İŞÇİ GƏTİRİLİB?

Danışdığımız bosniyalı işçilərin bəziləri «Serbaz» şirkətində 500, bəziləri isə 700-ə qədər bosniyalının işlədiyini söylədi. Təkcə metronun «28 May» stansiyasının yaxınlığında tikilən Ticarət Mərkəzində 150-yə qədər bosniyalı işləyirmiş.

ŞİRKƏT RƏHBƏRLƏRİ HƏBS OLUNUB?

«Serbaz» Layihə və Tikinti MMC şirkətinin ofislərindən biri Azadlıq prospekti 128 ünvanındakı Gənclər və İdman Nazirliyinin nəzdindəki Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzində yerləşir. Burda bizə söylədilər ki, 100-dən çox bosniyalı mərkəzin yataqxanasında yaşayır. Onu da dedilər ki, şirkətdə mənimsəmə olub, işçilərin maaşını vermirlər, hətta müəssisə rəhbərliyindən tutulanlar var, maşınlarına da həbs qoyublar. İndi şirkətdə hüquq-mühafizə orqanları araşdırma aparır. Onu da dedilər ki, bu şirkətin hakimiyyətdə havadarları var və ona görə də yüzlərlə əcnəbinin hüquqları «pərdəarxası»na keçib.
Şirkətin tikdiyi obyektlər arasında dövlət tədbirlərinin keçirildiyi «Buta» sarayı da var.

«ŞİRKƏT HAQQINDA NƏ İSTƏYİRSİZ, YAZIN»

Təlim-Tədris Mərkəzinə yad adamları buraxmırlar. Orda olduğumuz müddət ərzində gördük ki, hətta nəvəsini məşqə gətirən baba onu geyindirmək istəsə də, gözətçi ona içəri keçməyə imkan vermədi. Amma görkəmindən əcnəbilərə oxşayan adamlar içəri sərbəst girib-çıxırdı.

Bizi hamının «Namiq müəllim» çağırdığı, təxminən 25-27 yaşlarında olan bir cavan oğlan qarşıladı. Çox məşğul idi, hər kəs sualını ona verməyə, onun cavabını eşitməyə çalışırdı. Bosniyalıların maaşları barədə suala isə, «hamının pulu verilir, iş də gedir, belə bir şey yoxdur» cavabını verib, başqa suallarımızı isə cavablandırmaq istəmədi. O dedi ki, şirkət haqqında nə istəsək,
Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzi
yaza bilərik.

ŞİRKƏTİN İŞÇİLƏRİ «NEFTÇİBAZA»DA QALIR

«Serbaz» Layihə və Tikinti MMC bir müddət əvvəl Gənclər və İdman Nazirliyinin sifarişiylə Mingəçevirdə «Kür» Olimpiya Tədris-İdman Mərkəzini də tikib. Bu ilin martında Mingəçevirə gedən ölkə prezidenti İlham Əliyev bu kompleksdə olub, tikintiylə yaxından maraqlanıb. Nazirlik sifariş verdiyi şirkətə həm də ofis üçün yer, bəzi işçilər üçün isə yataqxanada yer ayırıb. Niyəsini öyrənmək cəhdlərimiz boşa çıxdı. Nazirliyin mətbuat xidmətindən dedilər ki, bu sahəyə cavabdeh adamlar ezamiyyətdədirlər. Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzindən də sualımızı cavablandırası kimsə tapılmadı. Orda dedilər ki, «Serbaz»ın keçmiş «Neftçibaza»da hansı əsaslarla məskən saldığını deyə bilməyəcəklər.

Yeri gəlmişkən, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, Mingəçevirdə işləyən zaman ordakı əməkçi miqrantlar qapalı yerlərdə saxlanıblar, hətta onlara yemək də verməyiblərmiş.

- Şəraiti olmayan otaqda 15-16 nəfər saxlanırmış. Özləri balıq tutub yeyirmişlər. Yaşadıqları mənzillərin qapılarına onların dilində yazılıbmış ki, saat 18.00-dan sonra evdən çölə çıxa, iş yerləri və şəraitləri barədə heç kəsə məlumat verə bilməzlər. Məndə bu xəbərdarlığı göstərən materiallar var.

Əlövsət Əliyev onu da iddia edir ki, miqrantların tibbi yardım almaq hüquqları ciddi şəkildə pozulub, hətta ölmüş bir şəxsin meyitinin hansı ünvana aparılması barədə bosniyalıların özündə belə heç bir məlumat yoxdur.

ÖLKƏDƏ 5 MİNDƏN ÇOX ƏCNƏBİ ƏMƏK VİZASIYLA İŞLƏYİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli isə 700-ə qədər bosniyalıya əmək vizası verilmədiyini söylədi. Onun sözlərinə görə, ölkədə 5 mindən çox əmək miqrantı var, onların arasında isə Türkiyə, Rusiya, Gürcüstan, İngiltərə və Hindistan vətəndaşları üstünlük təşkil eləyir. Elnur Kələntərli deyir ki, qanuna görə, hətta əcnəbilərlə birgə yaradılan müəssisə belə xaricdən işçi gətirməsini əsaslandırmalıdır. Azərbaycanda işləmək istəyən əcnəbiyə o vaxt icazə verilir ki, onun burda görəcəyi işi yerlilər görə bilməsinlər.

Yuxarıda «Serbaz» şirkətində həbslərlə bağlı məlumat aldığımızı söylədik.
Əlövsət Əliyev: «Xarici İşlər Nazirliyi məsələyə qarışandan sonra miqrantların əmək haqqı ödənilməyə başlayıb»
Amma Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məlumatı təkzib elədilər.

BOSNİYA HÖKUMƏTİ AÇIQLAMA İSTƏYİR

Oktyabrın 19-da isə Bosniya-Hersoqovina Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi bildiriş göndərib. Bu barədə nazirliyin yaydığı press-relizdə deyilir ki, «nazirliyin Türkiyədəki səfirliyinin təmsilçisi Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyilə görüşüb və bosniyalı işçilərin problemini müzakirə edib».

Müəssisənin təmsilçisi Rade Lyubikik bildirib ki, işçilərin səyahət sənədləri şirkətdə, təhlükəsiz yerdədir və istənilən anda işçilərə qaytarıla bilər. Nazirlik isə ümid edir ki, oktyabrın 20-dən gec olmayaraq işçilərin əməkhaqqı ödəniləcək və viza müddəti bitənlərin Azərbaycanı tərk etməsinə şərait yaradılacaq. Nazirlik onu da bəyan edib ki, vətəndaşlarının müdafiəsi məqsədilə öz nümayəndəsini Azərbaycana göndərəcək.

Bosniya-Hersoqovinanın Xarici İşlər naziri Sven Alkalaj məhz bu məsələylə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarova zəng eləyib.

Hərçənd Azərbaycan Xarici İşlər Nazirliyindən bununla bağlı məlumatsız olduqlarını söylədilər.

Amma Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, Bosniya-Hersoqovina Xarici İşlər Nazirliyi məsələyə qarışandan sonra miqrantların əmək haqqı ödənilməyə başlayıb: «İntəhası, maaşların bir qismi ödənilir və onlar polisin müşayiətiylə ölkədən çıxarılır».

Əlövsət Əliyev deyir ki, onlar xaricdəki tərəfdaşları vasitəsilə bosniyalı miqrantların hüquqlarının müdafiəsinə başlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG