Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00
Bu gün ölkədə çıxan qəzet və saytlar operativ xəbərləri dəqiqəbədəqiqə oxuculara çatdırırlar. Bəs 20-30, hətta 40 il əvvəl qəzetlər nədən yazırdılar?

1969-cu ilin oktyabrın 21-də «Kommunist» qəzetinin manşetində «Mehriban dostluq ruhunda» başlıqlı yazı gedib. Məqalədə Vyetnam Zəhmətkeşlər Partiyası MK Siyasi Bürosunun üzvü, Vyetnam Demokratik Respublikasının baş naziri Fam Van Donqun Sovet İKP MK-nın dəvəti ilə Rusiyaya səfəri barədə qeydlər edilib.

«AĞCABƏDİ PAMBIQÇILARI ÖHDƏLİYİ LAZIMINCA YERİNƏ YETİRİB»

Elə həmin qəzetin 21 oktyabr sayında «Kosmosda təcrübənin bəzi yekunları» adlı yazıda isə «Soyuz-6», «Soyuz-7», «Soyuz-8» gəmilərinin qrup halında uçuşunun başa çatmasına dair qeydlər edilib.

Qəzetin küncündə olan kiçik yazı isə o dövrü yaşamasam da, məndə nostalji hisslər oyatdı. «Ağcabədi pambıqçıları öhdəliyi lazımınca yerinə yetirib. Leninin yubileyi münasibətilə Ağcabədi pambıqçıları təhvil məntəqələrinə 22 min ton pambıq təhvil veriblər».


HEYDƏR ƏLİYEV AMERİKALI KOMMUNİSTLƏRİ QƏBUL EDİR

1979-ci ilin 21 oktyabrında isə yenə «Kommunist» qəzetinin manşetində Sovet İKP MK Siyasi Büro üzvlüyünə namizəd, Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin ABŞ Kommunist Partiyası rəhbərlərinin nümayəndə heyətini qəbul etməsi barədə məqalə yer alır. Məqalədə bildirilir ki, heyətə Nyu-Meksika və Arizona ştatlarının partiya komitəsinin sədri Lorenso Torres başçılıq edib.

Qəzetin həmin tarixinin ön səhifəsində böyük hərflərlə belə bir şüar yazılıb:

«Sənaye işçiləri! Xalq istehlakı mallarının istehsalını artırın, çeşidini genişləndirin, keyfiyyətini yüksəldin! Sovet adamlarının artan tələbatını daha dolğun ödəyin! Sovet İKP MK-nın oktyabr şüarlarından!»

«İNQİLABIN ALOVLU CƏNGAVƏRİ»

Həmin günlərdə qəzetin «İnqilabın alovlu cəngavəri» adlandırdığı Caparidzenin 100 illiyi ilə əlaqədar işlər görülürdü. Ömər Eldarov və R. Əliyev Nəsimi rayonundakı bulvarda yerləşdiriləcək Caparidze heykəli üzərində çalışırdılar. O cümlədən Caparidzenin şərəfinə o vaxtkı 28 aprel küçəsi və Lenin prospektinin kəsişməsində barelyef və sikkəxanada yubiley medalının düzəldilməsi nəzərdə tutulmuşdu.

Mədəniyyət xəbərlərində tanınmış aktyor Siyavuş Aslanlının oynadığı «Ana mən evlənirəm» adlı tamaşadan söz açılır. Tamaşa barədə Ermənistan SSR Bəstəkarlar İttifaqının katibi, respublikanın əməkdar incəsənət xadimi Emin Aristakesyan fikirlərini bölüşüb.


1989-cu ilin 21 oktyabrında «Bakı» və «Kommunist» qəzetləri M.S.Qorbaçovun Livandakı vəziyyətlə əlaqədar Papa II İoann Pavelin tapşırığı ilə məktub gətirmiş Ancelo Sodanonu qəbul etməsindən yazır.

Eyni gün həm də ağır qəzayla yadda qalıbmış. Zaqafqaziya hərbi dairəsində «İL-76» təyyarəsi qəzaya uğrayıb, 57 nəfərlik heyət və sərnişin xilas edilə bilməyib. Ancaq bu xəbərə qəzetdə kiçicik bir yer ayrılıb.

«MƏN ÖLMƏDİM»

Bu gün qızğın müzakirələrə səbəb olan Türkiyə-Azərbaycan münasibətlərinə dair 20 il əvvəlki «Bakı» qəzetində maraqlı bir yazıya rast gəldim. «Azərbaycan-Türkiyə əməkdaşlıq üfüqləri» başlıqlı məqalədə Türkiyə-Sovet işgüzar şurası və SSRİ Ticarət sənaye palatasının Türkiyə iş adamları ilə görüşü təsvir edilib.


Ziya Bünyadovla olan müsahibə isə xüsusilə diqqəti cəlb edir. Məqalədə Ziya Bünyadov Təbrizə konfransa gedərkən bir maşının onu öldürməyə çalışmasından bəhs edir. Jurnalistin «sizcə bu təsadüfdür, yoxsa...?» sualına isə o belə cavab verib:

- Mən bilirəm ki, qərəzlidir. Amma mən ölmədim. Sağ qaldım ki ölənlərin də əvəzinə danışım, mübarizə aparım.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG