Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:29

Mehdiabad məscidi niyə bağlanıb?


Mehdiabad qəsəbəsindəki məscid
Mehdiabad qəsəbəsindəki məscid
Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki yeganə məscid artıq 4 gündür ki, ibadətə gələnlərin üzünə qapalıdır. Məscidin qapısına yazılmış elanda buna səbəb kimi təmir işlərinin getməsi göstərilib. Amma ətrafda nə tikinti materialı, nə də fəhlə-usta gözə dəyir. Qəsəbənin dini icmasının rəhbəri İsmayıl Süleymanov da deyir ki, məscidin bağlı olduğu 4 gün ərzində burada təmir işlərinə başlanmayıb. Sadəcə, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən məscidin fəaliyyətinin dayandırılması barədə tapşırıq gəlib: «Məscid icra nümayəndəliyinin göstərişi əsasında bağlanıb. İcra nümayəndəliyindən bildiriblər ki, məsciddə təmir işləri aparacaqlar».

Məscidin görünüşündən isə bilmək olur ki, burada son təmir işlərindən bu yana o qədər də çox vaxt keçməyib. Elə qəsəbə sakinləri ilə söhbətdən də məlum oldu ki, ibadət evində ötən ildən başlayan təmir işləri təxminən 10 gün bundan əvvəl başa çatdırılıb, özü də ki qəsəbə sakinlərinin vəsaiti hesabına. Təmir işinə qayıdacayıq, amma əvvəlcə sakinlər barədə.

Mehdiabad məscidi qapadılıb
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid


MEHDİABAD SAKİNLƏRİNİN «VƏHHABİ» XOFU

Məscidin qarşısında olduğum müddət ərzində məscid qapanmamışdan öncə orada ibadət edən bir neçə qəsəbə sakini ilə söhbət etdim. Onlardan hər biri ibadət evinin qapadılmasından şikayətçi idi, amma kameraya danışmaqdan, hətta özlərini təqdim etməkdən qəti şəkildə imtina etdilər. Sakinlərdən biri səbəb kimi onu da dedi ki, etiraz səslərini qaldırsalar «vəhhabi» damğası ilə həbs olunacaqlarından ehtiyatlanırlar. Adını çəkmək istəməyən başqa bir sakin isə məscidin qapadıldığı ilk gündə əsl səbəbin bura vəhhabilərin daha çox gəlməsi olduğuna dair qəsəbədə söz-söhbətin gəzdiyini də dedi. Amma hazırda isə qəsəbə sakinlərinin daha çox inandığı səbəb odur ki, yeganə məscidləri Türkiyə ilə Azərbaycan münasibətlərinin gərginləşməsinin qurbanı olub. Çünki bu məscidin Türkiyə Diyanet Vakfı tərəfindən inşa edilməsi üzərindəki lövhədə də yazılıb.

QAPISI AÇILDIĞINA GÖRƏ MƏSCİDƏ POLİSLƏR TÖKÜLÜB

Keçək təmir məsələsinə. Qəsəbə sakinlərinin dediyinə görə, ötən il bura ibadətə gələnlər və xeyriyyəçi insanların vəsaiti hesabına məsciddə təmir işlərinə başlayıblar. Son günlər isə təmiri yarımçıq qalmış minarələr üzərində tamamlanma işləri aparılıb, yenə də qəsəbə sakinlərinin vəsaiti hesabına. Sakinlər onu da deyirlər ki, təmir işləri gedən zaman da məscid fəaliyyətdə olub, sadəcə cümə günləri namaz vaxtı fəhlələr işlərinə bir neçə saatlıq fasilə veriblər. İndi isə bugünədək məscidə bir manat vəsait belə xərcləməyən icra nümayəndəliyinin təmir adı ilə sözügedən ibadət evini qapatması sakinlərə gülünc gəlir.

Amma qəsəbənin dini icmasının rəhbəri İsmayıl Süleymanov deyilənlərlə razılaşmır. Deyir ki, minarə təmir olunan zaman məscidin içərisində müəyyən yerlərdə boyalar tökülüb, icra nümayəndəliyi də həmin yerləri bərpa edəcək. «Həmin işi məscid fəaliyyətdə ola-ola etmək olmazdı?» sualına cavabda isə, İsmayıl Süleymanov bildirdi ki, təmir işləri üçün məscidə ölçüsü böyük olan dəzgahlar gətirilməlidir, belə olan halda isə burada eyni zamanda ibadət etmək mümkün deyil.

İsmayıl Süleymanov bu gün icra nümayəndəliyinin təmsilçiləri ilə görüşdüyünü və məscidin gələn həftə açılacağına dair vəd aldığını da dedi. Amma icra hakimiyyətində bu vədi bizə də verəcək bir adam tapılmadı. İş saatının olmasına baxmayaq dövlət qurumunun qapıları bağlı idi. Heç məscidin içərisinə daxil olub, təmirə ehtiyac olan yerləri kameraya çəkmək də nəsib olmadı. İsmayıl Süleymanov icra hakimiyyətinin icazəsi olmadan qapıları aça bilməyəcəyini dedi. Hətta onu da əlavə etdi ki, məscidin qapalı olduğu 4 gün ərzində bir dəfə qapını açıb 1-2 adamın orada namaz qılmasına icazə veriblər, dərhal da əraziyə polislər tökülüb.

«MƏSCİD FƏALİYYƏTİNİ DAVAM ETDİRİR»

Qəsəbə sakinlərinin, eləcə də dini icma rəhbərinin də dediyinə görə, qapadılmazdan öncə cümə günləri məscidə 400-500 nəfər ibadətə gəlirdi. Onların arasında qonşu kəndlərdən – Digah, Fatmayı, Goradil və Kürdəxanıdan gələnlər də olurdu. İndi isə qəsəbə sakinləri özləri namaz qılmaq üçün başqa kəndə - Fatmayıdakı məscidə getməli olurlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə yerli agentliklərə bildiriblər ki, Mehdiabad qəsəbəsindəki türk məscidinin bağlanması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır, məscid fəaliyyətini davam etdirir.
XS
SM
MD
LG