Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda «Şəffaflıq həftəsi»


Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə 2003-cü ilin noyabr ayının 13-də qoşulub
Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə 2003-cü ilin noyabr ayının 13-də qoşulub
Ötən həftə Bakıda «şəffaflıq həftəsi» adlı tədbir keçirildi. Onun əsas məğzi neft sənayesində çalışan şirkətlərin nə dərəcədə açıq olmasına aydınlıq gətirmək, cəmiyyətin neft gəlirlərindən xəbərdar olub-olmamasına baxış keçirmək idi.

Tədbirin Azərbaycanda şəffaflığa həsr olunan toplantılardan əsas fərqi onda idi ki, müzakirələrə beynəlxalq təşkilatlar, o cümlədən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MŞHT) Beynəlxalq İdarə Heyətinin üzvlərinin, Azərbaycan hökuməti, Neft Fondu təmsilçiləri ilə yanaşı ölkəmizin Qeyri Hökumət Təşkilatları Koalisiyası nümayəndələri də qatılmışdı.

Tədbirlərdəki çıxışlarda hökumətin mövqeyi Azərbaycanın neft sənayesində əldə etdiyi şəffaflıq dərəcəsinin təriflənməsi ilə yadda qaldı.

Bir neçə nümunə:

- Azərbaycanın ilk hesabat açıqlayan ölkədir,
- Azərbaycan MSŞT-nin ilk tam hüquqlu üzvüdür,
- Azərbaycan artıq ictimaiyyətə 10 hesabat təqdim edərək, Azərbaycanda şəffaflıq məsələlərinə mülki cəmiyyəti də cəlb edib.

PETER AİGEN DƏ AZƏRBAYCANIN UĞURLARINDAN DANIŞIR

»Şəffaflıq həftəsi»nə qatılan MSŞT beynəlxalq İdarə Heyətinin sədri Peter Aigen də Azərbaycanda gedən proseslərdən məmnun qaldığını dilə gətirib.

Həftəsonu təşkil edilən dəyirmi masada Azərbaycanla bağlı müsbət fikirlər söyləyə biləcəyini qeyd edən cənab Aigen ölkənin sürətli inkişafına heyran olduğunu da dilə gətirdi.

«Buradakı uğurlar bizi sevindirir. Bəli Azərbaycan təşəbbüsün lideridir. Amma inkişaf bundan sonra da lazımdır», - deyən Aigen vətəndaş cəmiyyətinin bu prosesdə daha yaxından iştirak etməsinin zəruriliyini də vurğulayıb.

STATİSTİKA KOMİTƏSİNDƏN DAHA FAYDALI

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə 2003-cü ilin noyabr ayının 13-də qoşulub. 2004-cü ilin mayında bu prosesə vətəndaş cəmiyyəti də cəlb edilib. Bu gün artıq 140-a yaxın QHT bu prosesdə yaxından iştirak edir.

Hərdən məndən soruşanda ki, bu prosesdə iştirakın praktiki əhəmiyyəti nədir, axı hökumət neft gəlirlərindən onsuz da istədiyi kimi bəhrələnir? Cavabım adətən konkret olur:

Heç olmasa ildə 2 dəfə dərc edilən bu hesabatlar nəticəsində ekspertlər «Azəri-Çıraq-Günəşli» yataqlarından (Azərbaycanın neft gəlirlərinin 90% bu yataqların payına düşür) hasil edilən neftin həcmini barelinədək bilmək imkanı qazanır və xarici neft şirkətlərinin Azərbaycana ödədiyi vəsaiti nəinki dollarınadək, o cümlədən sentinədək görə bilirlər.

Müqayisə üçün deyim ki, məsələn Dövlət Statistika Komitəsi indiyə qədər «Azəri-Çıraq-Günəşli»dən hasil edilən neft həcmlərini nədənsə «Şahdəniz» yatağından çıxarılan kondensatla birlikdə dərc edir və barellə deyil, tonla göstərir ki, bu halda statistik xəta daha da artır.

Bu, istənilən halda hökumətin öz rəsmi statistikasında açıqlanmasına ehtiyac bilmədiyi rəqəmlərlə müqayisədə yaxşı haldır. Nəticədə, alternativ hesablamalar nəticəsində cəmiyyətə heç olmasa real vəziyyətə yaxın bir mənzərəni çatdırmaq olur. Belə bir şeyə bu gün nə Türkmənistanda (2008-ci ildə 70 milyard kubmetr qaz hasil edib), nə də Özbəkistanda (66 milyard kubmetr) rast gəlmək mümkün deyil. Bundan əlavə, hesabatların açıqlanması gələn gəlirlərlə bağlı hökuməti daha dəqiq işləməyə sövq edir, məsələn, Mərkəzi Bankın tədiyyə balanslarında artıq neft gəlirləri ilə bağlı daha müfəssəl məlumatlar dərc edilir və onları istənilən vətəndaş internet vasitəsilə əldə edə bilər.

QURUDA NEFT ÇIXARAN QƏRİBƏ ŞİRKƏTLƏR

Bəs belə olan halda vətəndaş cəmiyyətini və o cümlədən, neft məsələlərinin araşdırıcısı kimi məni də qane etməyən nədir? Bax burada bir sıra məqamlar var ki, hökumət onu hələ də «öz yoluna» qoya bilməyib.

Qeyd edim ki, Azərbaycanda hal hazırda 15 qurum neft hasilatı ilə məşğul olur. Bunlardan 13-ü əməliyyat şirkətləridir, yəni onlar Hasilatın Pay Bölgüsü (HPB) sazişləri çərçivəsində fəaliyyət göstərirlər və onların hamısında operator (hökumət qarşısında məsul şirkət) əcnəbi şirkətlərdir.

Hazırda neft hasilatı ilə cəmi 1 müştərək şirkət fəaliyyətdədir ki, bu da «Ramanı» yatağından ildə orta hesabla 69 min ton neft hasil edən «AzGerneft» şirkətidir. Azərbaycan-Almaniya müəssisəsidir. Ümumiyyətlə, Azərbaycanda qurudakı yataqlarda fəaliyyət göstərən xarici şirkətlər isə ötən il cəmi 1,23 milyon ton neft və 106,6 milyon kubmetr qaz hasil ediblər.

NEFT SƏNAYESİNİN FLAQMANLARI HAQDA NƏSƏ BİLİRİK


Azərbaycanda hazırda və yaxın 10 ildə hasilatın əsas hissəsi 3 şirkət üzərində olacaq: Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti («Azəri-Çıraq-Günəşli»), «BP Exploration» (Shahdeniz) Ltd.» əməliyyat şirkəti («Şahdəniz») və Dövlət Neft Şirkəti (neçə yatağı özünün işlətməsi ilə bağlı məlumat ictimaiyyət üçün açıqlanmır). Bu il ABƏŞ 40 milyon ton neft, «BP Exploration (Shahdeniz) Ltd.» 7,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat, ARDNŞ isə 7,3 milyon ton neft və 6,6 milyard kubmetr qaz hasil edə biləcəklər.

Bu 3 şirkətin hər biri ictimaiyyət üçün həm statistik göstəricilərini mütəmadi açır, həm də ildə 1 dəfə olaraq fəaliyyətlərinə dair geniş hesabat dərc edirlər. Həmin hesabatları şirkətlərin internet saytlarından da əldə etmək olar.

YERDƏ QALAN ŞİRKƏTLƏR İSƏ QAPALIDIR

Ancaq 12 şirkət, sözün əsil mənasında, nəinki cəmiyyət üçün, hətta iqtisadçı-ekspertlər üçün də qapalıdırlar. Onların internet resursları da mövcud deyil. Bu şirkətlər özlərinin neft və qaz hasilatı, layihəyə yatırımları və gəlirləri ilə bağlı heç bir material dərc etmirlər. Onların əksəriyyəti hər il Bakıda keçirilən ənənəvi neft və qaz sərgilərində belə stendlərində fəaliyyətlərinə həsr edilmiş materiallar yerləşdirmirlər.

Ən acınacaqlısı isə budur ki, bu kimi hallar mədən sənayesində şəffaflıq məsələlərini prioritet kimi önə çəkən Azərbaycan rəhbərliyini narahat etmir və görünür ki, Artur Rəsizadə hökumətinin bu yöndə irəli getmək marağı da yoxdur.

Onda belə olan halda quruda fəaliyyət göstərən hasilatçı şirkətlərin şəffaflaşması yalnız cəmiyyətin təpkisi ilə mümkündür. Məsələnin aktuallaşması üçün isə Neft Araşdırmaları Mərkəzi Azərbaycan bazarında «qara qızıl» hasil edən «qapalı şirkətlər»in siyahısını dərc etməyi planlaşdırır. Medianın və vətəndaş cəmiyyətinin həmin şirkətlərə Azərbaycan qanunvericiliyi çərçivəsində daimi sorğuları isə bu kimi şirkətlərin qaranıq fəaliyyətlərinə işıq salmağın ən yaxşı vasitəsi ola bilər.

Qapalı şirkətlər

N Hasilatçı şirkətin adıNeft yataqları Operator
1 Absheron Operating Company «Zığ» və «Hövsan» Global Energy (Vircin adaları, Böyük Britaniya)
2 Karasu Operating Company «Kəlamətdin» və «Mişovdağ» Global Energy
3 Kura Valley Operating Company «Padar-Hərəmi» Global Energy
4 Binagadi Oil Company «Binəqədi», «Qırmakı», «Çaxnaqlar», «Sulutəpə», «Masazır», «Fatmai», «Şabandağ» və «Sianşor» Global Energy
5 Shirvanoil Operating Company «Kürovdağ» Global Energy
6 Neftchala Operating Company «Neftçala», «Xıllı», «Durovdaq-Bazanan» Global Energy
7 Salyanoil Operating Company «Kürsəmgi» və «Qarabağlı» CNPC (Çin)
8 Gobustan Operating Company «Cənub-qərbi Qobustan» CNPC
9 Garachukhur Operating Company «Qaraçuxur» Noble Sky (BƏƏ)
10 Surakhany Operating Company «Suraxanı» RAFI Oil (BƏƏ)
11 AzShengli Operating Company «Pirsaat» Shengli Oil (Çin)
12 AzGerneft JV «Ramanı» Grunewald (Almaniya)
XS
SM
MD
LG