Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:17

O bayraq yenidən qalxmalıdır


İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində?
İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində?
Ertuğrul Özkök («Hürriyet» qəzetinin baş redaktoru)

Düz 8 il qabaq o türk Şəhidlər Xiyabanı barədə yazmışdım. Xarici İşlər naziri Davutoğlunun sözü ilə desəm, «azərbaycanlı qardaşlarımızın şərəfinə əmanət etdiyimiz» Bakıdakı türk Şəhidlər Xiyabanı. Oranı ağlayaraq gəzəndən sonra bu sətirləri yazmışdım:

SADƏ, BƏSİT, AMMA TƏSİRLİ

«1918-ci ildə Bakını xilas edən Osmanlı Qafqaz ordusunun şəhidləri üçün tikilib. Bizim Baş Qərargah inşa edib. Bu Şəhidlər Xiyabanında ayrı-ayrı məzarlar yoxdur. Fotolar da yoxdur. Müsəlman bir ölkənin Şəhidlər Xiyabanından çox Amerikan ordusunun Arlingtondakı hərbi qəbristanlığını xatırladır. Onun qədər sadə, onun qədər bəsit. Amma təsirli. Çox uzun bir mərməri xəyalınızdan keçirin. Üzərində yanaşı düzülən ay-ulduzlar. Aypara yuxarı baxır və tam ortasında ulduzu var. Onun düz altında da şəhid olan Osmanlı əsgərlərinin adları. Bu başdan o başa adları oxuyuram. Altında anadan olduqları yer də yazılıb. Manisa, Trabzon, Muş, Nablus, Malatya, Yerusəlim, Bosniya, Kırcaəli, Şumnu, Manastır, Qahirə. Və əlavə bir çox yer adı. Doğum yerləri sizə sanki Osmanlı imperiyasını xatırladır. Ölüm yerləri isə bir-birlərinə çox yaxındır. «Bakının ətrafı» və ya Azərbaycanın başqa bir yeri. Nuru paşanın komandanlığındakı Osmanlı ordusu 1918-ci ildə Azərbaycana gələrək, Bakını ermənilərdən xilas edib».

O Şəhidlər Xiyabanından Türkiyənin Bakıdakı səfirliyinə getmişdim. O anı da belə yazmışdım:

«Səfirliyimizin indi yerləşdiyi binadan addımımızı bayıra atanda sağdakı divarda bir tablo diqqətimizi cəlb edir. Bu tablo Nuru paşanın Qafqaz ordusunun Bakıya girişini göstərir. Küçədə Osmanlı zabitləri atlarının üstündə dimdik rəsmi paraddan keçir. Qabağından keçdikləri binanın eyvanında isə Osmanlı generalları var. Bu mənzərə mənə Atatürkün ordularının İzmirə girişini xatırlatdı. Əslində bakılılar şəhərlərini İzmirə bənzədirlər. Şəhərin ən gözəl parkının adı da İzmir parkıdır. Təyyarəmiz Bakı aeroprtundan uçanda xəyalım hələ də o xiyabanda idi. O Şəhidlər Xiyabanında və məchul adların doğum yerlərinin yazıldığı böyük xəritədə. Hamısı nur içində yatsınlar».

NƏYİN ƏVƏZİNDƏ?

İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində? Türkiyə-Ermənistan matçında stadiona Azərbaycan bayrağının gətirilməsinə icazə verilməməsinin əvəzini çıxmaq üçün. Təzada baxın. Ermənistan matçının əvəzini çıxmaq üçün Bakıda ermənilərə qarşı savaşda ölən türk əsgərinin başının ucundakı bayraq endirilir. Elə isə qanlı-bıçaqlı olduğumuz ölkələrdəki şəhidlər məzarlıqlarımızda türk bayrağı dalğalanmağa davam edir. Necə deyərlər, qardaşın qardaşa kin-küdurəti başqadır. İllah da ürəyi sınmış, xəyanətə məruz qaldığına inanmış qardaşın kin-küdurəti heç nəyə oxşamır..

Elə isə xəyanət-zad yoxdur.Türkiyə ətrafındakı kin-küdurət dairələrini dağıtmağa çalışır. Bu yolla Azərbaycana daha çox kömək edəcəyinə inanır. Əgər iki ölkə arasında bir səhv başa düşülmə varsa, reaksiyaları bu cür müştərək və şanlı simvollar üzərindən yox, başqa şeylər üzərindən göstərmək lazımdır. Şəhidlər Xiyabanı üzərindən siyasət nə azərbaycanlı qardaşlarımıza, nə də bizə yaraşır. Osmanlının qurduğu dövləti iki yerə böldük. Heç olmazsa, millətimizi bölməyək.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG