Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:36

Göyçaylı iş adamına 3 il müddətinə şərti cəza verilib


Göyçay rayon Məhkəməsində iş adamı Çingiz Mayılova hökm oxunub. Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, xuliqanlıqda təqsirləndirilən Çingiz Mayılov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Çingiz Mayılov bu il iyunun 11-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sahibi olduğu hotelin qarşısında saxlanılaraq şöbəyə aparılıb. O, şöbədə rəis müavini Xaləddin Eyyubovu və 3 nəfər əməliyyatçını soyuq silahla (döşəmə silən taxtayla) döyüb.

Göyçay rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sahibkarın barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı Gəncə şəhər Apelyasiya Məhkəməsinə müraciət olunsa da, məhkəmə qərarı dəyişməyib.

İş adamının qohumları buna etiraz əlaməti olaraq Bakı şəhəri, Səməd Vurğun küçəsindəki hündürmərtəbəli yarımtikili binalardan birinin üstünə qalxaraq intihar edəcəklərini bildiriblər.

Hadisə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin təqdimatı əsasında Bakı Apelyasiya Məhkəməsi sahibkar barəsindəki həbs-qətimkan tədbirini dəyişdirib.
XS
SM
MD
LG