Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Türkiyədə Bakının qaz tələbinin yerinə düşmədiyini deyirlər


«Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər»

«Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər»

Bakıda Türkiyə ilə münasibətlərin gərginliyi yaşanır.

Yerli rəsmi media Türkiyənin Ermənistanla protokolları razılaşdırmasından bu yana Bakının mövqeyini gen-bol çatdırır.

Türkiyə cəmiyyətində nələr danışılır?

ANKARADA TƏSADUFİ TELEFON NÖMRƏLƏRİNƏ ZƏNG EDİB İNSANLARIN FİKRİNİ SORUŞDUQ.

Sıravi Ankara sakinlərinin demək olar hamısından «Türkiyədən ziyan gözləməyin» sözləri eşitdik:

- (56 yaş) «Ayağınıza bir daş dəysə, bizim ürəyimiz yanar. Yalnız olduğunuzu zənn etməyin. Axşam Əliyevin çıxışını dinlədim, qazın qiymətini qaldıracağını deyir. Yəqin o, da eşitdiyi söz-söhbətlə qərar verir. Amma gərək belə söz-söhbətlərlə hərəkət etməyəsiniz».

- (65 yaş) «Sizin əndişəniz nədir, onu anlaya bilmirəm. Bizimkilər Qarabağ üçün əllərindən gələn mücadiləni edirlər. Heç bir zaman Türkiyədən Azərbaycana zərər gəlməz, qardaşım».

- «Vallah, mən bayraq böhranına görə üzgünəm. Azərbaycanla münasibətlərin qırılmasını istəmirəm. Amma hər halda, Ermənistanla sərhəd də açılmalıdır».

- (47 yaş) «Bayrağı stadiona buraxmamaq FIFA-nın qərarıdır. Burada Türkiyənin bir günahı yoxdur. O gün də eşitdim, Bakıda türk bayrağını endiriblər... Bunlar yaxşı hərəkətlər deyil. Azərbaycanın dırnağını belə Ermənistana dəyişmərik. Təsəvvür edin ki, Türkiyə ilə əlaqələri pozdunuz, Azərbaycan nə qazanacaq? İtirəcək! Biz hər zaman Azərbaycana gələn pisliyi Türkiyəyə gəlmiş bilirik. Azərbaycan ilk öncə demokratiyasını yaratmalıdır».

TÜRKİYƏDƏ DANIŞDIĞIMIZ SİYASƏTÇİLƏR DƏ BUNA BƏNZƏR FİKİRLƏR SÖYLƏDİLƏR.

Milliyyətçi Hərəkat Partiyası sədrinin yardımçısı, millət vəkili Tunca Toska bildirdi ki, Türkiyə ilə Azərbaycanın bir-birindən küsməsi yalnız Ermənistanın xeyrinədir. Bu vəziyyət Qafqazda hazırkı geosiyasi nizamı Azərbaycanın və Türkiyənin ziyanına dəyişə bilər.

Millət vəkili deyir ki, Türkiyə rəhbərliyində də, Azərbaycan rəhbərliyində də səhvlər var. Onun fikrincə, Ankarada Ermənistanla Azərbaycanın xeyrinə olmayan protokolları imzalamaqla səhv edirlər, Bakıda isə qaz alqı-satqısında narazılığı mətbuatla çatdırmaqla:

«Sayın İlham Əliyevin bu düşüncələrini Türkiyədə qapalı qapılar arxasında söyləməsi daha doğru olardı. Bunlar açıq-aşkar söylənən zaman türk xalqında inciklik yaradar. Biz də belə şeyləri media vasitəsilə deməklə azəri qardaşlarımızı incidərik. Bunlar iki qardaş millətin arasının açılmasına səbəb ola bilər. Bu ciddi dönəmin daha ağıllı idarə edilməsinin vacib olduğunu düşünürəm. Mən qaz qiyməti üzərində çox durmayım. Azəri qardaşlarımız qazı bizə vermirlərsə, biz üçə alaq, problem deyil. Önəmli olan könüllərin qırılmamasıdır».

Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Tunca Toskanın qaz mövzusunda bu fikirlərini hakim partiyanın nümayəndələrindən də eşitdik.

İqtidarda olan Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Kabakçı bildirdi ki, Türkiyə qazı Azərbaycandan Bakının istədiyi qiymətə ala bilər:

«Biz qaz məsələsini ortaya atmağı o qədər də yerində görmürük. Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər. Türkiyə həmin qiyməti ödəyə biləcək gücdədir. Türkiyə sadəcə, bank böhranında 40 milyard dollar pul itirmiş və bunun altından qalxmış ölkədir. Qaz mövzusunda danışmağı belə arzu etmirəm. Şərtlər nə olursa, olsun, biz Azərbaycanın yanındayıq. Təəssüf ki, qardaşlığın möhkəmlənməsindən narahat olan güclər var. Onlar yanlış informasiyalarla inamsızlıq yaradıb. Biz hər dönəmində Azərbaycanın yanında olduq, olmağa da davam edəcəyik, inanın».

Mustafa Kabakçı deyir ki, oktyabrın 21-də Türkiyənin Xarici işlər naziri, ardınca Xarici İşlər Nazirliyinin bir komissiyası, daha sonra da özü Azərbaycana gəlib anlaşılmazlıqları aradan qaldırmağa çalışacaq.

XATIRLADAQ Kİ,

Ötən həftənin sonunda Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, son iki ildə Türkiyə ilə qaz alqı-satqısı və Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya çatdırılmasında razılıq əldə etmək mümkün olmur. Çünki Türkiyə başqalarından üç dəfə ucuz qiymətlər təklif edir.

Türkiyəli millət vəkilləri qaz mövzusunda suallara cavab verməyə həvəsli olmadıqlarından Türkiyənin hər hansı qiymətə razılaşmamasının səbəbini öyrənə bilmədik.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN

Günün bütün mövzuları

XS
SM
MD
LG