Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

Rusiya liderləri Çinə idarəçilik modeli kimi baxırlar


Çinin baş naziri Wen Jiabao və onun rusiyalı həmkarı Vladimir Putin
Çinin baş naziri Wen Jiabao və onun rusiyalı həmkarı Vladimir Putin
Oktyabrın 17-də «New York Times» qəzeti Rusiya liderlərinin yeni siyasi model axtarışı barədə məqalə dərc edib. Müəllif Klifford Levi yazır ki, kommunist sisteminin 20 il öncə dağıldığı Rusiyanın iqtidar partiyası olan «Vahid Rusiya» Çinin kommunist idarəçiliyinin öyrənilməsi ideyasına qayıdıb. Bu məqsəd üçün Rusiya liderləri hətta bu ay Çin Kommunist Partiyasının rəsmiləri ilə xüsusi bir görüş də keçiriblər ki, onların idarəçilik təcrübəsi haqqında birinci əldən eşitsinlər.

RUSİYANI HEYRAN EDƏN NƏDİR?

Müəllif yazır ki, əslində, ruslar Marksist-Leninçi ideologiyaya qayıtmaq haqqında düşünmürlər: «Onları heyran edən çinlilərin birpartiyalı sistemlə ölkəni sərt nəzarətdə saxlaya-saxlaya əhəmiyyətli iqtisadi artıma nail olmalarıdır».

Çinin dünya bazarına hazır məhsul satışında qazandığı uğurlar fonunda Rusiya üçüncü dünya ölkəsi kimi iqtisadiyyatının neft, qaz və digər təbii ehtiyatların satışından asılı olmasından utanır.

Oktyabrın 9-da Çin rəsmiləri ilə sərhəd şəhəri olan Suyfenhedə görüş zamanı Rusiyanın baş nazirinin müavini və Putinin əsas köməkçilərindən olan Georgi Jukov bunu Çin rəsmilərinin üzünə deyir: «Çin Kommunist Partiyasının ölkə idarəçiliyini inkişaf etdirməsi ən yüksək qiymətlərə layiqdir».

Jukov Çin Kommunist Partiyasının baş katibi, prezident Hu Çintaonu «Vahid Rusiya» partiyasının noyabrda Sankt-Peterburqda keçiriləcək toplantısına dəvət edib.

Qəzet yazır ki, Suyfenhedəki görüş bir neçə ay davam edən Rusiya-Çin təmaslarının tamamlayıcı nöqtəsi idi. Bundan bir qədər əvvəl isə «Vahid Rusiya»nın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Pekinə səfər edərək bir neçə günlük görüşlər keçirmişdilər və hakim partiya bəyan etmişdi ki, Çində ofis açaraq tədqiqatlar aparacaq.

Müəllif yazır ki, Çin Kommunist Partiyasına heyran olması «Vahid Rusiya»nın öz daxili fəlsəfəsinin yoxluğunun göstəricisidir. Partiya daha çox Putin hakimiyyətinin bir qolu kimi fəaliyyət göstərib və hətta «Putinin Planı» şüarı ilə seçki kampaniyası da aparıb. Bir qədər əvvəl eyni partiya «Rus konservatizmi» ideyasını əldə bayraq etmişdi, lakin bu şüarın nə demək olduğunu açıb göstərməmişdi.

ÇİN İQTİSADİYYATI ARTIR, RUSİYA İQTİSADİYYATI İSƏ AZALIR

Qəzet yazır ki, SSRİ dağıldıqdan sonra Çin və Rusiya ayrı-ayrı yollar seçmişdilər. Rusiya əvvəl kapitalizmin bazar iqtisadiyyatına sərt bir keçid etmişdi və bu zaman sənaye müəssisələrinin böyük əksəriyyəti satılmışdı və onların üzərindəki dövlət nəzarəti yumşaldılmışdı. Putin dönəmində isə hökumət əks istiqamət seçərək əksər sektorlar üzərində dövlət nəzarətini bərpa etmişdi.

Hazırda hər iki ölkədə güclü mərkəzləşmiş hakimiyyət var və iqtisadiyyat dövlət nəzarətində olan və özəl şirkətlərin qarışığından ibarətdir. Fərqləri qeyd edən qəzet yazır ki, qlobal indekslərə görə, Rusiyada korrupsiya daha çoxdur və bu ölkə özəl mülkiyyət hüququna daha az hörmət edildiyindən xarici sərmayə üçün əlverişsiz hesab edilir.

Rusiya Çindən fərqli olaraq yolların, hava limanlarının, elektrik stansiyalarının və digər infrastrukturun modernləşdirilməsinə nail ola bilməmişdir. Qəzet yazır ki, qlobal böhran iki ölkə arasındakı fərqi bir az da qabartmışdır: İyunda Dünya Bankı proqnoz vermişdir ki, 2009-cu ildə Çin iqtisadiyyatı 7,2% artacaq, Rusiya iqtisadiyyatı isə 7,9% azalacaq.

Qəzet yazır ki, hələ ki, siyasi baxımdan Rusiya Çindən daha azad ölkə olaraq qalır. Burada müstəqil (əksərən hökumət tərəfindən ələ alınmış olsalar belə) müxalifət partiyaları və daha çox söz azadlığı var. Ən böyük kontrast isə internetdir ki, o, Çində senzura altındadır, Rusiyada isə yox. Lakin Rusiya getdikcə daha çox əks istiqamətdə inkişaf edir. Qəzet yazır ki, bir qədər əvvəl Putinin siyasi köməkçiləri Meksika və Yaponiya modellərini nəzərdən keçirirdilər. Belə ki, bu ölkələrdə uzun illər demokratiya modeli altında birpartiyalı sistem fəaliyyət göstərirdi. Lakin yaxın illərdə həmin ölkələrdəki hakim partiyalar öz mövqelərini itiriblər.

«VAHİD RUSİYA» BİRPARTİYALI DİKTATURA QURMAQ İSTƏYİR»

Qəzet yazır ki, ötən həftənin yerli seçkiləri Kremlin niyyətini üzə çıxardı. «Vahid Rusiya» bütün ölkə boyu özü üçün əksəriyyəti təmin etmiş oldu. Regional seçkilər göstərdi ki, Rusiyada hakim partiya ilə hökumət orqanları nə dərəcədə bir-birinə sıx bağlıdırlar. «Bizi Çində partiya və hökumət arasında olan əlaqələr strukturu təcrübəsi maraqlandırır. Orada hakim partiya ilə ölkənin ədliyyə, qanunverici və icra hakimiyyətləri arasında bir əməkdaşlıq mövcuddur», - deyə qəzet Rusiya parlamentinin üzvü Vladimir Matxanovun Syfenhedəki görüş zamanı etdiyi çıxışdan sitat gətirir.

Qəzet yazır ki, Çin modelini tərifləyən «Vahid Rusiya» həmin təcrübənin repressiv aspektlərini dilə gətirmir. Halbuki, partiyanın bu məsələdə hazırkı mövqeyi Rusiyanın baş naziri Vladimir Putin və ölkə prezidenti Dmitri Medvedevin ölkədə çoxpartiyalı sistemin inkişafının zəruriliyi haqda dedikləri ilə ziddiyyət təşkil edir. Bu liderlərin hər ikisi kütləvi saxtakarlıqların baş verdiyi bildirilən bazar günü seçkilərinin nəticələrini təqdir ediblər.

Müxalif partiya olan «Yabloko»nun nümayəndəsi Sergey Mitroxin son seçkilərin Rusiya hökumətinin niyyətini ortaya qoyduğunu qeyd edərək Çin təcrübəsi barədə deyilənlərin də bu istiqamətdə əlvə sübut olduğunu deyib: «Mənə görə Çin görüşü göstərdi ki, «Vahid Rusiya» Rusiyada həmişəlik olaraq birpartiyalı diktatura qurmaq istəyir».

Yazını yekunlaşdıran müəllif Rusiya dövlət xəbər agentliyinin siyasi şərhçisi Dmitri Kozırevdən sitat gətirir: «Burada hamı Çinə model kimi baxır, çünki Rusiyanın özü bir model deyil».
XS
SM
MD
LG