Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52

«Ədalətsizlik mənasızlıqdır»


Azerbaijan -- Haydar Jamal, the chairman of the Russian Islamic Committee, Oct2009

Azerbaijan -- Haydar Jamal, the chairman of the Russian Islamic Committee, Oct2009

«ONDA QORXUDULMAMIŞ DOVŞAN İDİM»

- Sox təşəkkür edirik ki, vaxt ayırıb studiyamıza gəldiniz.


- Çiz sağ olun ki, dəvət etdiniz. Mənim AzadlıqRadiosu ilə əməkdaşlıqda 20 illik təcrübəm var və verilişlərinizdə iştirak etməkdən ləzzət alıram.

- Nə yaxşı Bakıdasınız?


- İki dəvətə görə buradayam. Birinci dəvət Rüstəm İbrahimbəyovdan idi. 11-ci kinofestivalda iştirak üçün. İkinci dəvət isə Strateji Araşdırmalar Mərkəzindən idi. Dəyirmi masalarda iştirak etmək üçün.

- Tez-tez gəlirsiniz Bakıya yoxsa ancaq dəvət olanda?


- İl aşırı gəlirəm. İstərdim ki, tez-tez olsun. Əvvəllər hər yay gələrdim. Amma son zamanlar alınmır. Vaxt macal vermir.

- Əslən Qarabağdansınız.

HEYDƏR CAMAL
  • 1947-ci ildə Moskvada rəssam ailəsində anadan olub. Soyu Sarcalı bəylərindən olub Qarabağ hökmdarı Pənah xana gedib çıxan qədim bəy nəslindədir. 1964-cü ildə MDU-nun Şərq Dilləri İnstitutuna daxil olub (ərəb dili). Bir il sonra onu burjua millətçilik ideyalarını təbliğ etməkdə suçlayıb komsomoldan və univeristetdən kənarlaşdırıblar. Həyatının sonrakı hissəsini əsasən islam təşkilatları ilə birgə fəaliyyətə həsr edib. Müxtəlif beynəlxalq islam təşkilatlarının üzvü olub yaxud əməkdaşlıq edib. Ərəb, ingilis, fransiz və fars dillərini bilir. Filiosof, şair, Şərq mədəniyyətinin bilicisi, islam ideoloqu kimi tanınır. Rusiya İslam Komitəsinin sədridir.
- Soyum Qarabağlıdır. Şuşa şəhərindən.

- Pənah xana gedib çıxır şəcərəniz. Sizi burjua millətçiliyini təbliğ etməkdə suçlayıb universitetdən qovublar?


- Bəli. Burjua millətçilik məsələsi komsomol təşkilatının iclas keçirib məni komsomoldan və institutdan kənarlaşdırmaq üçün istifadə etdiyi bəhanə idi. Onlar rektora müraciətlərində bunu qeyd edib mənim kənarlaşdırılmağımı tələb etdilər.

- Nə eləmişdiniz ki, sizə qarşı bu addımı atdılar?

- Bilirsiniz, bəlkə də mən bir az sadəlövh idim. Və öz fikirlərimi səmimi və müstəqil ifadə edirdim. Məsələ burasındadır ki, mənim oxuduğum orta məktəb bir ailə kimi idi. Orada nə istəsən danışırdın və bu kənara çıxmırdı. Ona görə də mən bir növ necə deyərlər, qorxudulmamış dovşan idim. Ancaq müstəqil həyata deyəsən hazır deyildim. Məlumdur ki, komsomol təşkilatı oyuncaq deyildi. Moskva Dövlət Universiteti bu lisey yuvası kimi ola bilməzdi. Ona görə də nə deyirdin söz-söhbətə səbəb olurdu. Axırda da yığıldı, yığıldı partladı. 1964-cü ildə daxil oldum universitetə, 1966-da kənarlaşdırdılar.

«SİZ BURADA MƏNİ KÜRƏYİMDƏN QILINCLAYIRSINIZ»

- Niyə Moskvada anadan olmusunuz?

- Mənim iki tərəfdən də babalarım iqtidara çox yaxın və yüksək vəzifə sahibləri idilər. Onların oğlu və qızı da Moskvada təhsil alır, yaşayırdılar. Elə orada da biri-birlərinə rast gəliblər.

- Bəs siz nə vaxt evləndiniz?


- İlk dəfə çox tez evləndim. O nikahdan olan oğlum Orxan indi məhşur müxbirdir. Bütün gürcü-rus müharibəsini keçib (Orxan Camal - «Russki Newsweek»in icmalçısı. 2003-cü ildə ««Travel» janrında dünyanın ən yaxşı jurnalisti» elan edilib - İ.R.).

- Xanımınız vəfat edəndən sonra ikinci dəfə ailə qurdunuz.

- İkinci dəfə müəyyən bir müddət keçdikdən sonra evləndim. İndi 11 yaşında bir qızım var, Kövsər. «Türk okuluna gediyor Moskvada». Çox maraqlı, savadlı bir qızdır. Namaz qılır, oruc tutur. Mən ümidvaram ki, onun gələcəyi çox maraqlı və qeyri-adi olacaq.

- İslama sizi nə cəlb elədi, meylləndirdi?

- Mən özümü həmişə bir müsəlman hiss etmişəm, saymışam. Bəlkə də ona görə ki, təxminən 10 yaşımdan özümü bütün ətraf mühitə qarşı dayanan bir düşmən kimi hiss etmişəm. Digər tərəfdən, mən çox tez fəlsəfə həvəskarı oldum. 12 yaşımdan fəlsəfə kitabları oxumağa başlamışam. Təxminən bilirdim ki, mən müsəlmanam. Lakin müsəlmanın nə olduğunu mənə heç kim başa salmırdı, izah etmirdi. Təxminən 14 yaşında əlimə islam haqqında bir sıra kitablar düşdü. Mən artıq o vaxtlarda bilirdim ki, gələcəkdə Şərq Dilləri İnstitutuna daxil olmalıyam, ərəb dilinin tələbəsi olmalıyam. Bundan başqa, türk dili və ümumiyyətlə türkologiya elmləri də məni maraqlandırırdı. Və əlbəttə ki, Azərbaycan dili. Mən özümü həmişə azərbaycanlı hiss edirdim. Bunu çox qiymətli və yüksək bir şəxsi xüsusiyyətim hesab edirdim.

Məsələn, mən hesab edirəm ki, millətpərəstlik baxımından Moskvanın mərkəzində tərbiyə və təhsil almam faktı daha effektli olub, nəinki Bakıda yaşasaydım. Çünki 14 yaşımda mən Bakıya gələndə (62-ci ildə) çox təəssüfedici bir şəkildə mat qaldım buradakı vəziyyətə. Beynəlmiləlçilik, Xəcər Odessası kimi nə bilim «Parni iz Baku» və sair belə şeylər. Heç kim ciddi qəbul eləmir azərbaycanlılığı. Və Azərbaycan dili də çox bərbad şəkildə, hər cümlədə rus kəlmələrindən istifadə olunur. Bu, mənə çox pis təsir edirdi. Həmişə mübahisə edirdik ki, belə olmaz! Mən Moskvada azərbaycanlılıq uğrunda demək olar ki, ön cərgədə mübarizə aparıram, siz burada məni kürəyimdən qılınclayırsınız. Bax bu məsələ də demək olar ki, müəyyən dərəcədə mənim gələcək yolumu da təyin etdi.

Bütün dinlər haqqında çoxlu kitablar oxudum. Dinləri müqayisə edirdim. Fransız dilinə də bələd olduğum üçün ilkin mənbələrdən məlumat alırdım. 1979-cu ildə (artıq yaşım 30-u keçmişdi) mən tacik sufiləri ilə tanış oldum. Bundan sonra mənim həyatımın Pamir mərhələsi başlandı. Tərcümeyi-halımın bu mərhələsində mən öndəri Abdulla Nuri olan İslami hərəkata daxil oldum. Və 1986-cı ildə mən onunla şəxsən tanış oldum.

«ORDUDA HƏRBİ AND İÇMƏKDAN İMTİNA ETDİM»

- O vaxt «Hizbullah»la onun bağlılığı var idi?

- O vaxtlar yox idi. Sonra oldu. O vaxt biz məhdud imkanlarımız daxilində əfqan müqavimətinə kömək eləyirdik. Çünki bu illər Sovet İttifaqı Əfqanstanı işğal etmişdi və taciklər Pəncin o biri sahilindəki müsəlman qardaşlarımıza əllərindən gələn köməyi edirdilər.

- Siz də onlarla birlikdə bu işi görürdünüz?

- Bəli.

- Yəni vətəndaşı olduğunuz ölkənin müharibə apardığı qarşı tərəfə kömək edirdiniz.

- Əlbəttə. Ona görə ki, mənim sədaqətim ilk növbədə islama idi, nəinki Sovet İttifaqına. Mən Sovet İttifaqını artıq dediyim kimi 10 yaşımdan özüm üçün tərk etmişdim. Və universitetdən qovulduqdan sonra məni orduya çağırdılar. Orduda da mən hərbi and içməkdan imtina etdim. Bundan sonra böyük bir hüquqi böhran yaşandı.

- Nə elədilər sizə?

- Əvvəl məni məhkəməyə vermək, zindana salmaq istədilər. Sonra müəyyən adamların köməyi ilə zindandan qurtuldum. Yumşaq ürəkli adamlar həyatda mənim də rastıma çıxıblar. Ondan sonra əlbəttə ki, dövlət və rəsmi cəmiyyətlə mənim yolum ayrıldı. Pulu kitabxanalarda əcnəbi kitablara - fransız və ingilis fəlsəfə kitabları haqqında resenziya yazmaqla, tərcümələr etməklə qazanırdım, dolanırdım. Vəzifədə olan əqidə dostlarım da kömək edirdilər sifariş almaqda, tərcüməçi kimi işləməkdə. Əziz Nesinin nağıllarını da tərcümə edib qəzetlərdə çap elətdirirdim və sairə.

- Valideynləriniz narazı deyildilər sizdən?

- Əlbəttə, narazı idilər.Valideynlərimin bəlkə də mənim barəmdə arzuları başqa cür idi. Ancaq bu mənim yolumu dəyişə bilməzdi. Ancaq mən həmişə ayrı yaşayırdım. Öz evim, öz dolanışığım olduğu üçün heç kimdən asılı deyildim.

- Əfqanıstana kömək edəndə hansısa ekstremal, həyatınız üçün təhlükəli anlar yaranırdımı? Hər halda sovet rejimi kifayət qədər ciddi idi.


- Çox təhlükələr yaranırdı. Dəfələrlə saxlanılmışam. Amma heç nə sübut edə bilməyiblər. İmkan verməmişəm buna. Hər dəfə də nəsə mənə kömək olub. Məsələn, bir dəfə «KQB» agentləri məni tutub müvəqqəti saxlamaq üçün tacik milislərinə verdilər. Onlar isə məni buraxdılar. Beləcə mən qaçdım. O adamlar hiss etmişdilər ki, məni buraxmaqla yaxşı bir iş görürlər. Amma bilmədim sonra həmin «KQB» agentlərinə mənim qaçmağımı nə cür izah ediblər.

«İBADƏT TƏK NAMAZ DEYİL»

- Sizcə insan nədir, kimdir?

- İnsan…Bilirsiniz, tarix ya da bəşəriyyət barədə belə bir ifadə var ki, insan Allahın fikridir. Süjet kimi. Türklər buna deyirlər «dolantı süjet». Çox dolaşıq bir tarix kursu kimi. Bu dolantının öz sirri var, öz məqsədi var və bizdən gizli olan öz nəticəsi var. Və bu nəticə Allahın maraq dairəsinə aiddir. Yəni Allah tarixi insanlar üçün yox, özü üçün yaradıb. «Qurani Kərim»də belə bir ayə var ki, «biz insanları və cinləri ona görə yaratmışıq ki, bizi bilsinlər, bizə arif olsunlar və bizə ibadət etsinlər». Əgər bunu nəzərə alsaq aydın olur ki, insan bu dolantının aktyoru, hünərməndi və Allahın aləti olur.

- İbadət nədir?

- İbadət tək namaz deyil. Nədənsə həmişə belə tərcümə edirlər ki, ibadət namaz, oruc, Həcc və sairə və sairədər. İbadət ümumi qulluqdur. Məsələn, vətəni müdafiə etmək ibadətdir. Öz xanımı ilə yatmaq, cinsi münasibətlər də ibadətdir və sairə.

- Tanrı kimdir, yaxud nədir?

- İlk növbədə deyim ki, Tanrı ilə Allah başqa-başqa məhfumlardır. Tanrı müşriklər üçün də var. Onlar yüksək irfan sahibi olanda elə bilirlər ki, böyük bir varlıq var və biz bu böyük varlığın kiçik zərrəcikləriyik.

Bizim üçün Allahtəala müqayisəsiz və tamamilə anlaşılmaz, hamıya və hər şeyə qarşı dayanan bir müqavimət nöqtəsidir. Yəni ki, bir tərəfdə hər şeydir. Başqa tərəfdə anlaşılmaz alternativ.
Belə deyək də, məsələn, Allah hər şeyi heçlikdən yaradır. Heçlik hüdudsuzdur. Çərçivəsizdir, şərtsizdir. Allahtəala hər şeyi heçlikdən yaradarkən bu heçliyin hüdudsuzluğunu məhdudlaşdırır. Yəni Allah heçliyin hüdudsuzluğunu məhdudlaşdıran anlaşılmazlıqdır. Belə demək olar.

«BİZ KÖPÜK ŞARLARIYIQ»

- Həyat nədir bəs, doğulduğun gündən öldüyün günə qədərki məsafə, bu yaşam dövrü?

- Maraqlı sualdır…Maraqlıdır. Uşaqlıqda sabundan köpüklər üfürmüsünüz? Biz həmin köpük şarlarıyıq. İçimizdə müəyyən bir hava var ki, məhdud olub istisna kimi fərdləşdirilib. Köpük partlayanda bu hava yox olaraq bütün mühitlə qarışır. Lakin, çox maraqlıdır ki, bu köpük şarlarına təklif olunur ki, siz bu çox qısa müddət içində müəyyən bir alternativə şərik ola bilərsiniz. Məsələn, Allahtəala adamı yaradanda o gildən düzəldilmiş bir oyuncaq idi. Həmin oyuncağın gili bütün bu heçliyin gili ilə eyniyyət təşkil edirdi. Sonra Allah öz ruhundan ona bir zərrə əlavə etdi. Həmin o zərrə bu eyniyyəti kəsərək qeyri-eyniyyət yaratdı.

Axirətdə məhkəməyə çəkilən də həmin qeyri-eyniyyətin fəaliyyətinin nəticələridir. Yəni biz nə qədər ciddi inanmışıq buna.

- Ədalət nə onda?

- Ədalət mənadır. Ədalətsizlik isə mənasızlıqdır. Yəni ki, məsələn, biz yeldə toz kimiyik. Keçirik, vəssalam. Bizdən sonra heç nə qalır. Heç nə mənaya gəlmir. Məsələn, ehramları tikmiş minlərlə, milyonlarla qullar keçiblər bu dünyadan. Onların sümüklərinin də tozu qalmayıb. Bax, bu, ədalətsizlikdir. Allahtəala bizə vəd verib deyir ki, mən sizi dirildəcəm. Sizin hər bir hərəkətinizin mənası olmalıdır. Bu mənaya görə də məhkəməyə gedəcəksiniz. Yəni ki, siz böyük bir pyesin aktyorlarısınız. Və rejissor sizə deyəcək ki, kastinqdən keçdiniz - qəbul olundunuz ya yox. Bax bu mənalı şeydir. Ədalətsizlik isə dediyim kimi mənasızlıqdır.

- Bəs keçməyənlər - rejissorun qəbul eləmədikləri necə olur?

- Keçməyən keçmir də.

- Yox, maraqlıdır ki, onlar necə olacaq?

- (Gülür- İ.R.) Təsəvvür edin ki, nə qədər nəsillər keçiblər. Allahtəala deyir ki, siz baxın bu əcdadlarınıza, onlar sizdən güclü idilər. Lakin indi pıçıltıları da eşidilmir. Və Quranda da deyilir ki, onlar öz cəzalarına çatıblar. Deməli, onlar üçün məhkəmə yoxdur. Onlar heçliyə çevriliblər. Biz isə ümid edək ki, heçliyə çevrilməyəcəyik. Biz məhkəməyə çatarıq inşaallah. Əlbəttə ki, məhkəməyə çatmaq hətta cəhənnəmə göndəriləcəklər üçün də gözəldir. Çünki, məhkəməsiz, toz kimi keçmək ən qorxulu şeydir.

- Deməli, məhkumluqdan da qorxulusu var imiş - məhkəməyə çatmamaq.

- Məhkəməyə layiq olmamaq. Məhkum ki, məhkəməyə layiq oldu, məhkum edilib cəhənnəmə göndərildi, bu, müəyyən mənada nailiyyətin əlamətidir. Yəni nailiyyət odur ki, məhkəmə baş verdi.

«TAM HƏQİQƏT ODUR Kİ, BİR MİLYARD YARIM TAMAMİLƏ ZİR-ZİBİL DEYİL»

- Günah nədir?

- Mən hesab edirəm ki, günah öz gilinə, öz materialına ibadət etməkdir. O nə Allah ruhunun zərrəsidir ki, gilə ibadət edir. Bax bu, günahdır.

- Necə düşünürsünüz, bu cür yaşamaqla məhkəməyə gedib çata biləcəksiniz?

- Bilirsiniz, böhrani kütlə deyilən bir anlayış var. Əgər bunu bizim söhbətimizə şamil etsək, böhrani kütlə əlbəttə ən aşırıcı, yararlı müsəlmanlardır. Mən hesab edirəm ki, indiki dünyada belə şəxslərin sayı 20, bəlkə də 25 min olar. Düşünürəm ki, bu, kifayət deyil. Lakin digər tərəfdən bu o qədər də az deyil. Görək, əgər yaxın 20 ildə bu say ikiqat arta bilsə, onda bəlkə bizim ümidimiz var. Əks halda çox güman ki, biz uduzduq.

- Biz deyəndə, kimi nəzərdə tutursunuz?

- Sadə müsəlmanları yox əlbəttə. Müsəlmanlar 1 milyard yarımdır dünyada. O müsəlmanlar ki, Şimali Qafqazda, Əfqanıstanda, İraqda, Somalidə mübarizə aparırlar, canlarını fəda edirlər, bunlar yerin duzudur. Onlara «yerduzu» da demək olar.

Məsələn, 1998-ci ildə mən Keyptaunda məruzələrin kursunu keçirdim. Çox yaxın dostum, şotlandiyalı müsəlman Ceyms Diki (müsəlman adı Yakub Zaki) də mənimlə orada idi. Bir dəfə mühazirəni dinlədiyimiz zaman o «dünyada 1,5 milyard müsəlman var» ifadəsinə etiraz edərək dedi ki, 5 min adam ki, Hicazdan çıxıb bütün dünyanı zəbt elədilər, onlar xalis qızıl idilər. Ancaq indi yaşayan milyard yarım isə zir-zibildir. Çünki o 5 min bu milyard yarımdan daha yüksək nailiyyət əldə etmişdi. Mən hesab edirəm ki, bu, yarımhəqiqətdir.

- Bəs tam həqiqət nədən ibarətdir?

- Tam həqiqət odur ki, bir milyard yarım tamamilə zir-zibil deyil. Ona görə ki, o öz içində olan, 5 ya da 20 minə maneəçilik törətmir. Ona görə ki, onların tərbiyəsi var. İştirak eləmirlər, yaxşı yaşamaq istəyirlər, ticarətlə məşğul olurlar, olsun. Təki maneəçilik törətməsinlər. Axı əgər bəşəriyyətin 4-dən bir hissəsi maneəçilik törətmirsə, bu, böyük bir şeydir, bu, zir-zibil deyil.

Çünki yadınızdadırsa, o vaxt Hicazdan çıxan o 5 min nəfərin ətrafı tamamilə düşmənlər idi. Xaçpərəstlər, bütpərəstlər və sairələr, heç kim onları anlamaq istəmirdi və hamısı onlara maneəçilik törədirdilər.

- Siz özünüzü o 20 mindən biri hesab edirsiniz ya yox?

- Ümidvaram ki, Allahtəala məni o 20 min sayına əlavə edər. Lakin mən təvazökar adamam, təzyiq edə bilmərəm (gülür İ.R.). Bilmirəm. Nə qədər mümkündür mən çalışıram. Xidməti olan adamlar var ki, mən onların heç kölgəsinə də ayaq basa bilmərəm. Ancaq ümidvaram ki, Allahtəala mənim çalışmalarımı qəbul edəcək.

- Nə vaxt bərk qorxmusunuz?

- Çətindir demək. Bəlkə kimsə nə vaxtsa qəfildən yanımda qışqıranda və sair bu kimi hallarda mexaniki olaraq qorxmuşam. Amma belə yox. Məsələn, mən cavanlıqda nə qədər təhlükəli vəziyyətlərə düşürdümsə, o qədər də şad olurdum.

Hərbi zindanda olanda əsirlərlə mühafizə arasında çox kəskin ziddiyyət vardı. Mühafizənin başçısı lap sadist idi. Hündürboylu, sarışın ukraynalı idi və incitməkdən ləzzət alırdı. Həddən çox incidirdi biz əsirləri. Və nə qədər qəddarlıq edirdi, nə qədər incidirdisə bizi, mən özümü daha yüksək, daha müstəqim hiss edirdim.

Çox yaxşı xatırlayıram. Biz sütunun ətrafında dövrə vuraraq gəzinirdik. Başımızın üstündə tikanlı məftillər var idi. Həmin məftillərin üzəri ilə qarğalar üçurdular. Bu mənzərəni seyr edəndə hiss elədim ki, mən xoşbəxtəm. Hiss etdim ki, mən azadam. Sanki sinəm partladı. Elə bil ki sinəm başqa bir dünyaya açıldı. 45 il əvvəl keçirdiyim bu hissi indiyəcən unutmamışam.

Bundan başqa da maraqlı vəziyyətlər çox olub. Dağlarda, ölümə yaxın məqamlar. Və həmişə bu məni şad edib, həyatın zirvəsinə yaxın olmaq hissini dadızdırıb mənə.

- Bəs özünüzü hansı hallarda ən bədbəxt adam kimi hiss edirsiniz?

- Əgər məsələn, mən görürəm ki, nəyəsə qarşı dayanmaq lazımdır, ancaq hansısa ikinci dərəcəli səbəblərə məcburən bundan keçirəmsə, bu, məndə çox zəhərli bir hiss buraxır. Bax bu bədbəxtlik hissinə yaxındır.

«MƏN ATLARI ÇOX SEVİRƏM»

- Ev heyvanınız var?

- Yox. Müsəlman mənzildə nə it, nə də pişik saxlaya bilməz. Çünki əgər hətta tükü paltara toxunsa namaz batil olur.

- Hansı heyvan sizin üçün daha sevimlidir?


- Mən atları çox sevirəm. Bu soyumuzdan gələn bir şeydir. Ulu babalarım, babam, atam, anam, hamısı atlara bağlı olublar. Anam at idmanı ilə məşğul olurdu. Mən də 14 yaşımdan ikinci dərəcəli idmançıyam bu sahədə. Anamın məşqçisi sonradan mənə də dərs verib.

- Həyatınızın ən böyük itkisi kim, yaxud nədir?

- Birinci həyat yoldaşımın vəfatı mənim üçün böyük itkidir. Şükürlər olsun ki, valideynlərim hələ sağdırlar. Və çox fəaldırlar. Demək olar ki, həqiqi itkim hələ bəlkə də gələcəkdə olacaq.

- Allahla fikrən üzbəüz dayanmaq imkanınız olsaydı nə istəyərdiniz?

- Allahla üzbəüz dayanmaq olmaz. Əgər siz xüsusi hisslər, düyğular, təcrübələri nəzərdə tutursunuzsa, bəli, müəyyən belə duyğular olub. Mən Pamirdə çox maraqlı vəziyyətlərə düşmüşəm. Çox maraqlı adamlarla tanış idim. O mühitdə çox maraqlı hadisələrin şahidi olmuşam. Lakin hesab edirəm ki, bu barədə indi danışmaq münasib deyil.

- İstəyiniz nədir?


- Özüm üçün heç bir şey istəmirəm. Mən istəyirəm ki, islam möhkəmlənsin, Azərbaycan xoşbəxt olsun, mənim balaca vətənim Qarabağ işğaldan azad olunsun və böyük Qafqaz birləşdirilmiş halda böyük güc mərkəzinə çevrilsin. Bunu istəyirəm.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG