Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

«Cənab nazir, gəlin dost olaq»


Azərbaycan mətbuatını vərəqləyəndə «faktla bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb» ifadəsinə tez-tez rast gəlinir. Hər hansı xəbəri bu məsələyə birbaşa məsul olan məmurdan dəqiqləşdirmək Azərbaycan jurnalistləri üçün hələ də çözümü görünməyən problem kimi qalmaqdadır.

«BUNU YAZMAYA DA BİLƏRDİZ»

Məmurların mətbuata etinasızlığından nəinki müxalifətyönlü mətbuat, hətta rəsmi qəzetlər də şikayətçidir. Parlamentinin orqanı olan «Azərbaycan» qəzetinin baş redaktoru, eyni zamanda deputat Bəxtiyar Sadıqov:

Bəxtiyar Sadıqov
- Məmurların çoxu media ilə təmasa girmək istəmirlər. Heç telefona yaxın gəlmirlər. Zəng etsən, ən yaxşı halda köməkçisi ilə danışa bilərsən. Bu isə o deməkdir ki, məmurlar vəzifələrini yerinə yetirmirlər. Çünki gördükləri işlərlə bağlı topluma bilgi vermək məmurun vəzifə borcudur. Yüksək cinli məmurların mediaya belə saymazyana münasibəti mətbuatda obyektiv olmayan informasiyaların yer almasına səbəb olur. Sonda da günah qalır jurnalistin üzərində. Məmurlar incikliklərini bildirəndə adətən deyirlər ki, «bunu yazmaya da bilərdiz».

- Bəxtiyar müəllim, axırıncı dəfə yüksək rütbəli dövlət rəsmisi «Azərbaycan» qəzetinə nə zaman müsahibə verib?

- Acığı məmurlar müsahibələrdən çox bizim qəzetdə məqalə yazmaqda maraqlıdırlar. Qışa hazırlıqla bağlı bir neçə məmura müsahibə üçün müraciət etmişik. Ancaq cavab yoxdur.

DOĞRU YAZANA MƏHBƏS VƏ MÜHACİRƏT

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə düşünür ki, Azərbaycanda media-məmur münasibətinin bərbadlığından ziyan çəkən məhz onların nəşridir:

Məmurların korrupsiyaya qurşanmasından, öz vəzifələrinə ailələrinin yaxınlarının varlanma aləti kimi baxdığından yazdığına görə baş redaktorumuz Qənimət Zahid qondarma cinayət işi ilə məhbəsə atıldı, yazarlarımız Fikrət Hüseynli, Aqil Xəlil bıçaqlanıb qürbətə getməyə məcbur edildi.
Azər Əhmədov
Bizim qəzet indiki hakimiyyətin dönəmində bir dəfə də olsun hər hansı məmurdan müsahibə ala bilməyib. Məmurlar «Azadlıq»a nəinki müsahibə vermirlər, heç bizi rəsmilərin qatıldığı tədbirlər də buraxmırlar.

A.Əhmədov deyir ki, azad mətbuata belə münasibət hakimiyyətin ən yüksək dairələrindən gəlir:

- Yüksək çinlilər heç onlara canla-başla xidmət edən jurnalistləri də yaxın buraxmırlar. Dövlət başçısının ölkə içərisində hər hansı jurnalistlə təkbətək müsahibəsini xatırlayırsız? Şəxsən mən bunun şahidi olmamışam. Ancaq bir də görürsən, prezident, ya onun ailə üzvləri hansısa əhəmiyyətsiz bir xarici jurnala müsahibə verib.

SUSMAQ QIZILDIR

10 ilə yaxındır media orqanlarında çalışan Natiq Güləhmədoğlu isə deyir ki, dəfələrlə məmurlara müsahibə almaq üçün müraciət etsə də buna nail ola bilməyib:

Natiq Güləhmədoğlu

- İndiyə qədər ancaq Gənclər və İdman naziri Əbülfəz Qarayevi, bir də Ali Məhkəmənin sədri Ramiz Rzayevi görmüşəm. Əbülfəz Qarayev tələsik telejurnalistlərin suallarına cavab verib getdi, Ramiz Rzayev isə müxalifətyönlü mətbuatdan olduğumu bildikdə əsəbi şəkildə sualıma cavab verməyəcəyini dedi. Açığı, bu məsələdə hakimiyyətə xidmət edən jurnalistləri də şanslı saymaq olmaz. Onlar da məmurlara ancaq Heydər Əliyevin doğum və o ölüm günlərində onun məzarı başında yaxın düşə bilir.

- Müxalifətyönlü medianı təmsil edənlərlə münasibətlərin siyasi motivli olduğunu deyirsiz. Bəs məmurların hakimiyyətin siyasətini dəstəkləyən mediada gen gəzməsinin səbəbi nədir?

- Azərbaycanda deyirlər ki, danış, səni tanıyım. Məmurların o qədər dolaşıq işləri var ki, hər hansı açıqlama verərkən sözün həqiqi mənasında qorxurlar. Ona görə də «susmaq qızıldır» prinsipi ilə işləyirlər. Müşahidə etdiklərim odur ki, media hakimiyyət nümayəndələrinin yadına yalnız kresloları üçün təhlükə yarananda düşür. Məsələn, 2 il qabaq Daxili İşlər naziri Ramil Usubov jurnalistlərə dostluq təklif etdi. Media bu təklifi qəbul etdi, redaktorlar nazirlə görüşüb əslində onun hakimiyyət başçısına yönəlik mesajlarını ictimaiyyətə çatdırdılar. İndi də mən Ramil Usubova təklif edirəm – cənab nazir, gəlin dost olaq. Təəssüf ki, bu müraciətimin cavabsız qalacağını indidən bilirəm.
XS
SM
MD
LG