Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:53

ATƏT-in seçki ilə bağlı istəyi


ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel
ATƏT-in Bakı ofisi paytaxtda və bəzi rayonlarda 14 siyasi partiya təmsilçisi üçün seminarlara başlayıb. ATƏT istəyir ki, bələdiyyə seçkiləri öncəsi siyasi partiya nümayəndələrini demokratik seçkilərə dair öhdəliklər, beynəlxalq təcrübə və partiya müşahidəçiliyi ilə bağlı məlumatlandırsın.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel ümid edir ki, bu cür seminarlar siyasi partiyaların seçki prosesinə inamını artıracaq:

«İstəyimiz və çalışdığımız budur. Bu işimizi regionlarda da davam etdirəcəyik. Bu seçkini çox fəal bir şəkildə həyata keçirəcəyik. Ümid edirik ki, seçki ilə demokratiya yolunda irəliləmə olacaq».

SON 10 İLİN ACI TƏCRÜBƏSİ

Amma siyasi partiyalar məsələyə fərqli yanaşırlar. Müsavat Partiyasının nümayəndəsi Tofiq Yaqublu ATƏT-in Azərbaycanla bağlı istəyini müsbət qiymətləndirir. Amma hesab edir ki, deyilənlərin praktikada tətbiqində xeyli problemlər var. O buna nümunə də göstərir:

«Praktika göstərir ki, 1998-ci ildən bəri bu cür tədbirlər dəfələrlə keçirilib, söz verilib, amma nəticə dəyişməyib. Yəni Azərbaycanda bir dəfə ədalətli, azad seçki keçirilməyib. Nə parlament, nə prezident, nə bələdiyyə, nə də referendumda xalqın, seçicinin iradəsi ortalıqda olub. Amma düşünürük ki, ATƏT nümayəndələri bir az da israrlı olsalar, nələrisə dəyişməyə vadar edə bilərlər».

SAXTAKARLIQLAR AŞAĞILARIN TƏŞƏBBÜSÜDÜR YOXSA MƏRKƏZİ HAKİMİYYƏTDƏN İDARƏ OLUNUR?


ATƏT rəsmisi Bilge Cankorel deyir ki, seçki saxtakarlıqları ilə bağlı məlumatları rəsmilərə çatdıranda onlar bunun əleyhinə olduqlarını və problemi sadəcə yerli məmurların şəxsi təşəbbüsləri ilə bağlayırlar.

Müsavat Partiyasının nümayəndəsi Tofiq Yaqublu isə bu fikri qəbul eləmir. Deyir ki, seçkilər mərkəzləşmiş qaydada saxtalaşdırılır:

Ramiz Kamal
«Biz bilirik ki, seçkilər mərkəzləşdirilmiş qaydada saxtalaşdırılır. Ümid edək ki, nəhayət bu dəfə nə isə bir şey olsun. Amma köhnə təcrübə bir yandan deyir ki, yox, bu da onun tayı olacaq».

AXCP nümayəndəsi Ramiz Kamal da mütəffiqlərin fikirləri ilə razılaşır. O, hesab edir ki, seminarlar yaxşıdır, amma bunun aşağılara aidiyyatı yoxdur. R.Kamal deyir ki, seçki saxtakarlığı yuxarılarda baş verdiyindən seminarlar da yuxarılar üçün keçirilməlidir.

MSK KÖHNƏ HAMAM- KÖHNƏ TASDAN DANIŞIR

Mərkəzi Seçki Komissiyası (MSK) isə deyilənləri qəbul eləmir. Mərkəzin mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bunu müxalifət partiyalarının özünə inamsızlığından irəli gələn bir yanaşma sayır:

«Köhnə hamam, köhnə tasdır. Bu dəfə yenə də öz uğursuz taktikalarından istifadə edəcəklər. Görünür, onlar qalib gələcəklərinə yenə arxayın deyillər və başlayıblar qara yaxmağa».

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə hesab edir ki, seçki ilə bağlı məsələlər təkcə təlimlərlə məhdudlaşdırılmamalıdır, seçkinin özüylə yanaşı sonrakı proseslər də nəzərə alınmalıdır:

«Yəni, bir proqram olmalıdır və yalnız onun bir hissəsi təlimlər olmalıdır. Maraqlı olan odur ki, azad və ədalətli seçkilərin keçirilməsi üçün daha ciddi tədbirlərin və hökumətlə dialoqların aparılması zəruridir».
XS
SM
MD
LG