Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:03

«GEN» MMC-nin işində AzTV-nin əməkdaşı dindirilib


Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi davam edib.

Məhkəmə iclasında AzTV-nin «Tikdim ki, izim qala» verilişinin aparıcısı Səadət Hüseynova şahid qismində dindirilib. Hakimlər və vəkillər şahidə əvvəllər Lider TV-də, sonradan isə AzTV-də aparıcılıq etdiyi verilişdə «GEN» MMC-nin hansı şərtlərlə reklam olunması ilə bağlı suallar veriblər.

Səadət Hüseynova bildirib ki, hər iki telekanalda «GEN» MMC-nin reklamının maliyyə tərəfi ilə «Əkinçi» Media Qrupunun rəhbəri Şakir Eminbəyli məşğul olub. O, bu işlərə qarışmayıb. Şahidin sözlərinə görə, şirkətlə telekanallar arasında reklamla bağlı müqavilə olmayıb.

«Elbrus Əliyev reklam pulunu gecikdirdiyinə görə, bizə Sulutəpədə tikdirdəcəyi binadan 3 otaqlı mənzil verəcəyini vəd etmişdi. Bununla bağlı «Əkinçi» Media Qrupu ilə Elbrus Əliyev arasında müqavilə də var» – deyə şahid bildirib.

Elbrus Əliyev isə məhkəməyə bildirib ki, şahid yalan danışır:

«Səadət Hüseynovaya reklama görə hissə-hissə olmaqla ümumilikdə 51 min manat vermişəm. Verdiyim pullarla bağlı aramızda müqavilə bağlanmayıb. Demişdim ki, reklamlar getsin, pulu ödəməkdə davam edəcəyəm».

Zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərov məsələnin kökündən araşdırılması üçün Şakir Eminbəylinin məhkəməyə dəvət olunmasına dair vəsatət qaldırıb. Hakim vaxtın məhdud olduğunu əsas gətirərək vəsatəti təmin etməyib.

Məhkəmə tərəfindən şahid qismində «Müstəqil hüquqşünas» qəzetinin baş redaktoru Ələsgər Rüstəmov da dindirilib. Elbrus Əliyev məhkəmənin nəzərinə çatdırıb ki, şirkətin reklamı üçün bu şəxsə 30 min manat ödəyib. Lakin şahid bunu inkar edib.

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG