Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49

«BÜTÜN TELEVİZİYALARDA SENZURA VAR»

- Bütün televiziyalarda senzura var. Məsələn, seçkiqabağı bəzi verilişlər göstəriş olmasaydı efirə getmirdi, icazə vermirdilər.

Xaçmazda yayımlanan «Xəyal» TV-nin keçmiş rəhbəri Əsəd Zülfüqarov belə deyir. O rəhbər olduğu müddətdə telekanalın daha çox maliyyə problemi ilə üzləşdiyini bildirsə də, yaradıcı mühitdə də problemlərlə rastlaşdıqlarını, verilişlərinin bəzən qayçılandığını da xatırlayır.

Ekspertlər isə senzuranın, qeyri-azad yaradıcı mühitin regional televiziyalar üçün daha xarakterik olması qənaətindədirlər.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) hazırda Naxçıvanın yerli telekanalları ilə bağlı monitorinq keçirir. Təşkilatın Naxçıvandakı nümayəndəsi Elman Abbasov deyir ki, bölgədə fəaliyyət göstərən hər iki yerli telekanalın - həm Kanal 35, həm də Naxçıvan TV-nin efiri yalnız dövlət tədbirləri, ölkə başçısının fərmanlarının oxunması, həyata keçirilən abadlıq işlərinin nümayişi ilə doldurulur.

Başqa sözlə, elmi-publisistik, ictimai-siyasi müzakirələr, dəyirmi masalardan söhbət belə getmir. E.Abbasov deyir ki, monitorinq zamanı rastlaşdıqları başqa bir problem isə həmin telekanallarda çalışan jurnalistlərlə əlaqə yaratmaqdadır. Çünki onlar müstəqil qurumların təmsilçiləri ilə ünsiyyətdən qaçırlar, rəhbərliyin razılığı olmadan öz işləri ilə bağlı hər hansı sualı cavablandırmaqla iş yerlərini itirəcəklərindən çəkinirlər.

«ELƏ MÖVZULARA TOXUNURUQ Kİ, SƏHƏRİ GÜN PROBLEM ÇIXARMASIN»

Başqa bir regionda - Qubada fəaliyyət göstərən «Qütb» televiziyasının rəhbəri Mahir Orucov isə deyir ki, onlar bugünədək hər hansı kənar təzyiqlərə və ya təsirlərə məruz qalmayıblar, başqa sözlə, senzura ilə üzləşməyiblər. Çünki:

- Elə mövzulara toxunuruq ki, səhəri gün problem çıxarmasın. Əvvəlcədən özümüz müzakirə edirik ki, efirə hansı mövzuda, hansı səpkidə verilişlər çıxaraq ki, problem yaratmasın.

M.Orucov bu seçimlərini daxili senzura hesab etmir, deyir ki, bu, heç də jurnalistin müstəqil araşdırma aparmasına, istədiyi mövqedən çıxış etməsinə mane olmur. Amma söhbət əsnasında məlum olur ki, telekanal rəhbərinin senzura hesab etmədiyi bu qadağalar siyahısında siyasi mövzular da var. Başqa sözlə, telekanal siyasi mövzulardan yan keçir, siyasi verilişlər hazırlamırlar:

«BİZİM KANAL SİYASƏTDƏN UZAQDIR»

- Bizim kanal siyasətdən uzaqdır. Siyasi verilişlər hazırlamırıq. Yalnız seçkilər vaxtı istər müxalifət, istərsə də iqtidar tərəfə bərabər efir ayırırıq.

- Siyasi verilişlər hazırlamamağınıza səbəb tamaşaçı marağının olmamasıdır, yoxsa hər hansı yaranacaq problemdən qaçırsız?

- Həm o baxımdan, həm də mənə elə gəlir ki, insanlar siyasətdən yorulublar. Siyasətdən kənar verilişlər daha baxımlıdır.

«AZƏRBAYCAN TAMAŞAÇISI AZƏRBAYCAN TELEVİZİYASINI İZLƏMİR»

Media üzrə mütəxəssis Ələsgər Məmmədli Mahir Orucovun bu fikri ilə razılaşır. Deyir ki, düzdür, bu gün Azərbaycan tamaşaçısının siyasi verilişlərə marağı azdır, amma bu ona görədir ki, telekanallar balanslı, obyektiv, qərəzsiz jurnalist araşdırması ortaya çıxarmırlar:

- Bu problem nəinki regional, bütün ölkə televiziyalarında var. Artıq bu da bir reallıqdır ki, Azərbaycan tamaşaçısı getdikcə Azərbaycan televiziyasını izləmir.

Televiziya mütəxəssisi Qulu Məhərrəmli də deyir ki, indi region televiziyalarında hər hansı tənqidi verilişin varlığından heç söhbət gedə bilməz. Çünki yerli icra strukturları bu cür tənqidləri özlərinə qarşı qiyam hesab edirlər. Ona görə də, regional televiziyalar daha çox icra strukturunun PR işini aparan televiziya kimi çıxış edirlər. Amma mütəxəssis onu da deyir ki, buna baxmayaraq, region jurnalistlərinin peşəkarlıq səviyyəsi heç də aşağı deyil:

«ƏN BÖYÜK PROBLEM MÜSTƏQİLLİYİN OLMAMASIDIR»

- Nə qədər qəribə olsa da, bu TV-lərdə peşəkarlıq səviyyəsi artan xətlə müşayiət olunur. Çünki onların kadrları seminarlarda daha çox olurlar. Amma ən böyük problem müstəqilliyin, azadlığın olmaması ilə bağlıdır. Onlar üçün bir hədd cızılır və bu çərçivədə fəaliyyət göstərirlər. Amma onların azadlığı olsa bölgələrdə informasiya qıtlığı aradan qalxar, alternativ informasiyalar insanlara çatar.

Q.Məhərrəmli regionlarda alternativ, müstəqil yaradıcı mühitə malik telekanalların yaradılmasını vacib hesab edir.

Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyev isə mütəxəssislərin tənqidləri ilə razılaşmır. Onun fikrincə, regional televiziyalarda azad yaradıcı mühit mövcuddur, kimsə bundan yararlana bilmirsə, bu, artıq telekanalın peşəkar olmaması ilə bağlıdır:

«TAM YARADICILIQ SƏRBƏSTLİYİ VAR»

- Telekanallar lazımi şəkildə öz işini qura bilmirsə, orada kifayət qədər peşəkar əməkdaşlar yoxdursa, onda onlar kimdənsə asılı şəkilə düşə bilərlər. Əgər televiziyanın əməkdaşları peşəkardırsa onları heç kəs təsir dairəsinə sala bilməz. Tam yaradıcılıq sərbəstliyi var, sadəcə olaraq kimin peşəkarlığı nəyə çatır, o səviyyədə də problemlərə yanaşır.

Q.Cəbiyev deyir ki, yaxın gələcəkdə regional televiziyaların problemlərini daha yaxından öyrənmək, onların monitorinqini aparmaq üçün Şura nəzdində regional monitorinq mərkəzləri yaradılacaq. Bu zaman mövcud problemləri aradan qaldırmaq daha da asanlaşacaq.

Q.Cəbiyev yaxın gələcəkdə bəzi regionlarda, xüsusilə də, mərkəzi rayonlarda yeni televiziyaların yaradılacağını da deyir.

Hazırda Azərbaycanda 14 regional televiziya fəaliyyət göstərir.

Şərhləri göstər

XS
SM
MD
LG