Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:26

Seçkini udsun, sonra özünü udacaqlar


Vladimir Putin və Yuri Lujkov, 2 sentyabr 2007
Vladimir Putin və Yuri Lujkov, 2 sentyabr 2007
Moskvada varlılar kasıblardan 42 dəfə dövlətlidir, təbəqələr arasında uçurum gündən-günə dərinləşir, sosial partlayış qaçılmazdır. Moskva rüşvət, korrupsiya, qohumbazlıq içində batır, cinayətkarlıq baş alıb gedir və şəhər rəhbərliyi bunlara göz yumur, çünki bu, onlara sərf eləyir.

Müxalif «Solidarnost» Hərəkatının Moskva meriyasına 26 yaşlı namizədi İlya Yaşin seçki təbliğatını bu cür tənqidlər üzərində qurmuşdu. O əmin idi ki, bu platforma ilə Şəhər Dumasına - meriyaya seçilə bilər.

Amma nə Yaşin, nə də «Solidarnost»ın heç bir üzvü 11 oktyabrdakı seçkiyə buraxılmadı. Seçki komissiyası Yaşinin namizədliyini dəstəkləyən bütün imzaların saxta olduğunu bildirdi, başqa bir müxalif namizədin isə öz imzası da keçərsiz sayıldı. Müxalifət isə bunu postunu itirmək istəməyən mer Yuri Lujkovun siyasi sifarişi saydı.

Lujkov artıq 17 ildir ki, bu kresloda oturub. Şəhərdə görülən çoxlu abadlaşdırma işləri və yüksək pensiyalar sayəsində o populyarlığını saxlayır. Hətta bir vaxtlar Lujkovun Putindən sonra varis olacağını da düşünürdülər.

«SEÇKİ SEÇKİ DEYİL»

Odur ki, indi çoxları, məsələn, «Panorama» Araşdırmalar Mərkəzindən Vladimir Priblyovski düşünür ki, Kremlin də istəyiylə Lujkov və iqtidar partiyası «Vahid Rusiya» seçkiləri udacaq:

«Çünki əslində seçki seçki deyil. Seçkilər sadəcə Lujkovun diktə elədiyi nəticələri rəsmiləşdirməyə lazımdır. Məsələn, bilinmir ki, o liberal «Yabloko» Partiyasına yer verəcək ya yox, amma kommunistlərə 2-3 yer verəcək».

Amma son vaxtlar Lujkova qarşı siyasi hücumlar, dostlarının həbsləri, korrupsiya ittihamları artıb. Bu da həm merin populyarlığına, həm də artıq vəzifədən çıxarılacağıyla bağlı şayiələrin artmasına səbəb olub.

İlin əvvəlində Lujkovun yaxın dostu Telman İsmayılovun «Çerkizov» bazarı bağlandı və 2 milyard dollarlıq qaçaqmalının tutulduğu elan edildi. Sonra Moskvadakı ən iri tikintilərə nəzarət edən
Boris Nemtsov Moskva hökumətində korrupsiya əleyhinə təşkil olunmuş nümayişdə, oktyabr 2009
Şalva Çiqirinski biznesinin yarısını meriyanın güzəştlərinin əvəzində Lujkovun həyat yoldaşı Yelena Baturinaya verməkdə ittiham edildi.

HƏR KİLOMETRİ 500 MİLYON DOLLARLIQ YOL

Ötən həftə isə «Solidarnost»un həmsədri – keçmiş baş nazir və əsas müxalifət fiqurlarından Boris Nemtsov Lujkovu korrupsiya, mütəşəkkil cinayətkarlıq, insan traffiki və ekologiyanı çirkləndirməklə bağlı cinayətlərdə ittiham elədi. 42 səhifəlik hesabatda Nemtsov bir çox ittihamlarını sübut eləmək üçün sənədlər də təqdim elədi. Məsələn, Moskvanın 4-cü dairəvi yolunun tikintisinin az qala hər kilometrinə 500 milyon dollar xərcləmək adıyla vəsaitin mənimsənilməsindən:

«Avropa qitəsini Britaniya adasına birləşdirən İngilis kanalı sualtı tuneli dünyanın ən mürəkkəb tikinti layihəsiydi. Bu layihə ciddi mübahisələrə səbəb olmuşdu və Allah bilir neçə ilə tikildi. Amma Moskvanın dairəvi yoluyla müqayisədə qiyməti cəmi 300 milyon dollar idi».

Lujkov təbii ki, Nemtsovun iddialarını yalan adlandırıb və onu böhtana görə məhkəməyə verəcəyini deyib.

Ancaq indi Rusiyada çoxları Lujkovun bu cür addım atmayacağını düşünür. Çünki ekspertlərin fikrincə, Lujkova qarşı son bir ildəki hücumların heç biri təsadüfi deyil. Və əslində hakimiyyətin ondan yaxa qurtarmaq barədə düşündüyünü göstərir.

Bu cür düşünənlər misal kimi, Moskvanın uzun müddət vəzifədə olan, bu yaxınlarda polis rəisinin prezident Medvedev tərəfindən işdən çıxarılmasını və yerinə kənardan bir nəfərin təyin edilməsini xatırladırlar. Təzə gələn polis rəisi isə Moskvanın reklam departamentinin rəhbərini işindəki pozuntulara görə həbs elətdirib, şəhər rəsmilərinin bütün fəaliyyətilə bağlı təhqiqatın axıra kimi aparılacağını elan edib.

Priblyovskinin fikrincə, Kreml Lujkovun seçkidə qalib gəlməsini gözləyir. Bu baş verəndən bir müddət sonra gələn ilə merin indiyə qədər yığdığı bütün var-dövlətin, biznesin və hakimiyyətin əlindən alınması mümkündür.
XS
SM
MD
LG