Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:25

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi məhkəməyə verilib


Hüquq Maarifçiliyi Cəmiyyəti Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Hüquq Maarrifçiliyi Cəmiyyətinin direktoru İntiqam Əliyev Azadlıq Radiosuna bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu günədək Azərbaycanla bağlı ümumilikdə 16 qərar qəbul edilib. Həmin qərarların yerinə yetirilməsi ilə bağlı Azərbaycan dövlətinin üzərinə öhdəliklər qoyulub. İki ay əvvəl Hüquq Maarifçiliyi Cəmiyyəti 16 qərarın icrası vəziyyəti ilə bağlı Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəliyinə sorğu göndərib. Qanunvericilikdə sorğunun bir həftə ərzində cavablandırılması nəzərdə tutulsa da Hüquq Maarifçiliyi Cəmiyyəti sorğusuna bu günədək cavab ala bilməyib. Buna görə də Cəmiyyətin direktoru Səbail rayon Məhkəməsinə Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərova qarşı iddia qaldırıb:

«Biz suallar vermişdik ki, dövlət Avropa Şurasının tövsiyələrinə uyğun olaraq hansı tədbirlər görüb. Çünki cəmiyyətdə bu məlumatlar yoxdur. Çingiz Əsgərovun bizim sorğumuza cavab vermək vəzifəsi var. Hesab edirik ki, məlumatların verilməməsi bizim hüquqlarımızın pozulması deməkdir. Bununla bağlı məhkəmədə iddia qaldırmışıq. Bir dəfə məhkəmədən ərizəni bir bəhanə ilə geri qaytardılar. Biz həmin dırnaqarası iradı düzəldib ərizəni yenidən məhkəməyə təqdim etdik».

İntiqam Əliyevin sözlərinə görə, ümumiyyətlə, məhkəmələr maksimum çalışırlar ki, bu cür iddiaları icraata götürməsinlər. Hüquqşünasın fikrincə, səbəb bu cür məhkəmə proseslərində dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələlərin müzakirəyə çıxarılması ilə bağlıdır:

«Belə məhkəmə prosesləri keçiriləndə ictimaiyyət, jurnalistlər, beynəlxalq təşkilatlar bu proseslər barədə məlumat alırlar. Belə proseslərdə dövlətin bu sahədə üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirib-yetirməməsi məsələsi çıxır ortalığa. Hakimiyyətdə olan adamlara bu müzakirələr sərf eləmir».

Səbail rayon Məhkəməsindən AzadlıqRadiosuna bildiriblər ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərova qarşı iddiası hakim Elnur Həsənovun icraatına verilib. Məhkəmə prosesi ilə bağlı konkret tarix təyin olunmasa da işə yaxın vaxtlarda baxılacağı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG