Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55
Görəsən ölkədə fəaliyyət göstərən dini icmalardan dövlətçiliyin keşiyində dayanmaq tələb edilməyəcək ki?

Bu sualı bizimlə söhbətində adının çəkilməsini istəməyən bir dindar verdi.

Təəccüblənməyin, dini icmaların qeydiyyatı zamanı onların üzləşdikləri maneələr istər-istəməz bəzi dindar kəsimlərdə ilk baxışdan belə absurd görünən sualın yaranmasına səbəb olub.

«Dini etiqad azadlığı haqqında» qanuna edilən son dəyişiklikdən sonra dini qurumların qarşısına şərt qoyulub ki, onlar bu ilin sonuna kimi yenidən qeydiyyatdan keçməlidirlər. Ancaq hələ ki, ölkədə tanınmış dini icmaların bir çoxu qeydiyyatdan keçə bilməyiblər.

DİNİ İCMALARIN NİZAMNAMƏSİNİ ONLARIN ƏVƏZİNƏ KİMLƏR YAZIR?

«Məşədi Dadaş» Dini İcmasının rəhbəri Hacı Şahin Həsənli deyir ki, qeydiyyat üçün onlardan tələb edilən sənədlərin siyahısına nizamnamə daxil edilməyib. Onun fikrincə, indi belə çıxır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onlara özləri nizamnamə təklif edir:

- Nizamnaməni özləri hazırlayırlar və sonra icmaya təqdim edilir. Biz də bunu irad kimi bildirdik. Çünki nizamnamə hər ictimai təşkilatın öz toplantısında qəbul edilməlidir. Əslində, dini komitənin icmalara nizamnamə təklif etməsi ictimai təşkilatların ruhuna zidd olan bir məsələdir.

«Dini etiqad azadlığı haqqında» qanunda komitənin və ya QMİ-nin icmalara nizamnamə təklif etməsi ilə bağlı heç nə yoxdur. Qanuna görə, hər bir dini icma Qafqaz Müsəlmanları İdarəsindən müsbət təqdimat almalı və sonra onlar komitədə qeydiyyata alınmalıdırlar. Hacı Şahin Həsənli deyir ki, onların sənədləri artıq bir dəfə geri qaytarıb. İndi yenidən sənədləri qaydaya salmaq məcburiyyətindədirlər.

İCRA HAKİMİYYƏTİ «NƏRİMANOV» DİNİ İCMASINA RƏY VERMİR

Qeydiyyatdan keçmək istəyən dini icma Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməzdən əvvəl yerli icra hakimiyyəti orqanından da müsbət rəy almağa borcludur. Amma bu iş də müşkülə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
«Məşədi Dadaş» icması kimi, «Nərimanov rayon dini icması» da qeydiyyatdan keçə bilmir. Əvvəllər «Əbu-Bəkr» məscidində toplaşan icmanın imamı Hacı Qamət Süleyman deyir ki, artıq 2 həftədir müraciət etsələr də, Nərimanov Rayon İcra Hakimiyyəti onlara rəy vermir:

- İcra hakimiyyəti bizdən tələb etdi ki, gedin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bizə kağız gətirin, biz də rəy verək. Getdik komitəyə ki, icra hakimiyyəti belə deyir, onlar da dedilər ki, biz hər icma üçün ayrılıqda rəy vermirik.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyir ki, indiyə qədər təqribən 300-ə yaxın dini icma onlara müraciət edib. Bu dini icmalardan da təqribən 160-a yaxınına müsbət təqdimat veriblər. Ancaq Hacı Əlirza Qafarov dini icmalardan nizamnamə tələb edilmədiyi haqda iddiaları təsdiq etmir. Onun fikrincə, sadəcə bütün dini icmaların nizamnamələri Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə uyğunlaşdırılmalıdır. Odur ki, dini icmalara ümumi nizamnamə mətini təqdim edirlər:

- Onlar da öz nizamnamələrini bu nizamnaməyə uyğunlaşdırırlar. Bununla bağlı bizə heç bir narazılıq bildirmirlər.

QMİ İCRA HAKİMİYYƏTLƏRİN İŞİNƏ QARIŞMIR

Hacı Əlirza Qafarov deyir ki, QMİ icra hakimiyyətlərin işinə qarışmır. Onun fikrincə, əslində icra hakimiyyətlərinin dini icmalara niyə rəy vermədiklərini araşdırmaq onların vəzifəsi deyil:

- Bəlkə dövlətçilik amilindən və ya başqa bir səbəb üzündən heç istəmirlər ki, belə bir icma fəaliyyət göstərsin.

Elə yazının əvvəlindəki həmsöhbətim də bu məqamın ortaya çıxacağından qorxurdu. Qorxusu da o idi ki, görəsən, dünyəvi ölkədə bir dini icma dövlətçilik üçün faydalı olduğunu necə sübut edə bilər.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, heç bir dini icma dövlətçiliyə faydalı olmağını sübut etməyə borclu deyil. Dini icmalara ictimai təşkilatlar kimi yanaşılmalıdır. Əgər onların fəaliyyətində dövlətin təhlükəsizliyinə xələl gətirən amillər ortalığa çıxarsa, bundan sonra onların fəaliyyəti dayandırıla bilər.

«Məşədi Dadaş» din icmasının rəhbəri Hacı Şahin Həsənli isə düşünür ki, həm qanunvericilikdə qeydiyyat prosesinin çətinləşdirilməsinin, həm də qanundan kənar yaradılan maneələrin mahiyyətində bir məqsəd durur. Bəzi dövlət məmurları dini icmaları nəzarətə götürmək istəyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG