Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:29

İki jurnalist də həbs olundu


Fərəməz Allahverdiyev
«Nota» qəzetinin redaktoru Fərəməz Allahverdiyev və nəşrin əməkdaşı Sərdar Əlibəylini oktyabrın 8-də böhtan və təhqir ittihamı ilə hərəsi üç aylığına həbs ediblər. Bu haqda qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna istinadla «Turan» agentliyi yayıb.

Həbs olunan jurnalistlər barəsində şərti azadlıqdan məhrumetmə hökmü hələ iyulun 22-də Nizami rayon Məhkəməsində qəbul edilmişdi. Onlar təhqir və ağır cinayət törədilməsi haqqında böhtan maddələri ilə təqsirli bilinirdilər.

Qəzetin daha bir əməkdaşı Ramiz Tağıyev isə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə təqsirli bilinib və 6 ay islah işlərinə məhkum edilmişdi.

Lakin həmin vaxt hakim Ziya Əliyev hökmün icrasını müttəhimlərin apellyasiya şikayətinə baxılana qədər təxirə salmışdı. Oktyabrın 8-də Apellyasiya Məhkəməsi şikayəti təmin etmədikdən sonra Əlibəyli və Allahverdiyev elə məhkəmə zalında həbs ediliblər.

Bu şəxslər «Azadlıq hərəkatçıları birliyi» QHT-nin rəhbəri Təhmasib Novruzovun iddiası ilə həbs ediliblər. O, 2009-cu ilin mart-aprel aylarında «Nota» qəzetində dərc edilmiş T.Novruzovun maliyyə fırıldaqlarında iştirakı haqqında məqaləni təhqir hesab edib.

F.Allahverdiyev və S.Əlibəyli artıq bir dəfə böhtana görə həbs ediliblər. 2007-ci ilin yanvar ayında Allahverdiyev 2 il azadlıqdan məhrumetmə, Əlibəyli isə 1.5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Elə həmin ilin dekabrında Allahverdiyev əfv olunub.

Fərəməz Allahverdiyevə qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilmə haqqında daha bir iddia qaldırılıb. Bu iş üzrə iddiaçı hüquq müdafiəçisi Çingiz Qənizadədir. Bu iddiaya Nərimanov rayon Məhkəməsində baxılır.

Bundan başqa, bu il avqustun 19-da Nərimanov rayon Məhkəməsinin hakimi Arif İsmayılov hüquq müdafiəçisi Elçin Behbudovun F.Allahverdiyevə qarşı iddiası üzrə qərar çıxarıb. Məhkəmə onun üzərinə təkzib dərc etmək və 1500 manat cərimə ödəmək öhdəliyi qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG