Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

«Turan Servis» Vergilər Departamenti ilə məhkəmə çəkişməsində


Samir İsmayılov

Samir İsmayılov

«Turan Servis» şirkətiylə Vergilər Nazirliyinin bir-birinə qarşı apellyasiya şikayətlərinə dair qətnamə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi 1 saylı İqtisad Məhkəməsinin çıxardığı qətnaməni qüvvəsində saxlayıb. «Turan Servis» nazirliyin şirkətdə apardığı səyyar yoxlamaları qanunsuz sayır, nazirliksə əksini iddia edir. Məsələnin tarixçəsi belədir.

VERGİ ÖDƏ, SONRA DA CƏRİMƏ

2008-ci ilin iyul ayının 22-də Bakı Şəhər Vergilər Departamenti «Turan» İnformasiya Agentliyinin törəmə müəssisəsi olan «Turan Servis»də səyyar vergi yoxlamalarına başlayıb. İki aydan sonra - sentyabrın 18-də Departament tərəfindən şirkətə akt təqdim olunub. Aktda göstərilib ki, müəssisə mənfəət vergisindən 3821 manat yayınıb. Vergidən yayınmaya görə əlavə olaraq şirkətə 820 manat 42 qəpik maliyyə sanksiyası da tətbiq edilib. Lakin müəssisənin rəhbəri Samir İsmayılov aktı imzalamaqdan imtina edib.

Samir İsmayılov deyir ki, Vergilər Nazirliyinin nümayəndəsi məhkəmədə şirkətə qarşı həyata keçirilmiş yoxlamanın nəticəsində tətbiq etdiyi cərimənin səbəbini əsaslandıra bilməyib:

«Müfəttişin özündən də soruşanda ki, bu boyda yayınmanı sübut edə bilərsinizmi, o dedi yox, mən edə bilmərəm. Bu da ona əsas verir ki, bu insan tavandan götürüb yazıb, yazanda da heç nədən çəkinməyib. İstəsəydi bir az çox yazardı, istəsəydi az. Soruşduq ki, mənbəni göstər bu pul hardan yaranıb, deyir biz nə biləydik, siz bizi məhkəməyə verəcəksiz».

ƏSLİNDƏ NƏ QƏDƏR VERGİ ÖDƏNİB?

Qanunvericiliklə bir ay ərzində hüquqi qüvvəyə minməli olan aktın icrasına qanuni müddət gözlənilmədən başlanılıb. Şirkətlə bağlı təhqiqat, sonrakı mərhələdə isə cinayət işi başlanıb. Vergilər Nazirliyi müəssisənin bank hesabına sərəncam tətbiq edərək həmin məbləğin hissə-hissə hesabdan çıxarılmasına nail olub.

Vergidən yayınmadığını və ümumiyyətlə, aparılan səyyar vergi yoxlamasının qanunsuz olduğunu iddia edən «Turan Servis» məhkəməyə üz tutub. Şirkətin direktoru Samir İsmayılov deyir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 1 ay artıq aparılıb.

1 saylı Bakı İqtisad Məhkəməsi şirkətin iddiasını təmin edib. Lakin qismən.
Məhkəmə hesab edib ki, Bakı Şəhər Vergilər Departamentinin tərəflər arasında mübahisələr həll olunanadək şirkətin hesabına sərəncam tətbiq etməsi və hesabdan pul götürməsi qanunsuzdur. Məhkəmədə o da üzə çıxıb ki, «Turan Servis» nəinki vergidən yayınıb, əksinə, səhvən 2400 manat məbləğində artıq vergi ödəyib. Lakin məhkəmə iddianın səyyar vergi yoxlamasının qanunla müəyyən edilmiş müddətdən artıq aparılması ilə bağlı hissəsini təmin etməyib.

HƏR İKİ TƏRƏF NARAZIDIR

Şirkət iddiasının yarımçıq təmin olunmasından narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və iddianın tam təmin olunmasına çalışıb. Eyni zamanda, Şəhər Vergilər Departamenti də eyni məhkəmə instansiyasına müraciət edərək birinci məhkəmə instansiyasının qətnaməsinin ləğv olunmasını, səyyar vergi yoxlamasının tam qanuni keçirilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş edib.

Samir İsmayılov deyir ki, Vergilər Nazirliyinin sahibkarlara qarşı münasibəti başadüşülən deyil:

«Bugünkü qlobal maliyyə böhranı dövründə bütün səlahiyyətli orqanlar biznesin xilası üçün yollar axtarırlar. Biznesin inkişafına hansısa töhfələrini verirlər, iş yerlərinin bağlanmasının qarşısını alırlar. Bizim vergi orqanları isə 7 işçisi olan, dövlətdən, bankdan heç vaxt dəstək almayan bir müəssisənin boğulmasıyla məşğuldur».

Şirkət direktoru Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti verəcəklərini deyir. Əgər Ali Məhkəmə işə düzgün baxmasa, o zaman şirkət Avropa Məhkəməsinə üz tutacaq.

Məsələ ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərsək də, nazirlikdən məsələyə münasibət bildirmək istəmədilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG