Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:56

İlqar Rəsul "Bizim Anamız Vətəndir" HEKAYƏ


İstintaq təcridxanasında müstəntiq qarşıma bir kağız qoyub – imzala-dedi.

Mən - axı bunu mən yazmamışam.

Müstəntiq – Sən yazmısan!

Mənim xəttim belə deyil?!

Bundan sonra belə yazarsan, olar sənin xəttin…

Məhkəmə məni qadına təcavüzə cəhddə ittiham edib 5 il verdi.

Həbsxanada qadına sataşanlara yaxşı baxmırlar. Amma mənə heç nə eləmədilər.

Fikirləşdim yəqin buradakıların hamısı təcavüz üstündə həbs edilib.

Sonralar bildim ki, onlar cəzalandırmamışdan əvvəl özləri müstəqil təhqiqat aparırlar.

Hakimlərin arasında tapa bilmədiyim ədalət cinayətkarların arasında məni tapmışdı.

Canıma xoş bir istilik çökdü. Bir az rahatlandım.

Əslində çölün daha böyük içəri olduğunu anlamışdım.

Birdən mənə elə gəldi ki, yer kürrəsi nə vaxtsa ədalətsiz insanları öz üıtündən atmaq ümidilə fırlanır.

Və bu an beləlirndən yaxa qurtarmağın nə qədər çətin olduğunu dərk elədim.

60 milyon il bundan əvvəl dinozavrların axırına çıxmış bir planetin ədalətsiz hakimlərdən hələ də qurtara bilməməsinə təccüblənmədtim.

Bir il sonra prezidentimiz əfv fərmanı imzaladı. Səhhətimin əldən getməsindən bəxtim gətirdi.

Qanunlu içəridən qaydasız çölə çıxdığım bir il ərzində nə qədər çalışdım məni heç yerdə işə götürmədilər ki, keçmişin qaranlıqdır.

Amma mən bu minvalnan daha çox gələcəyimi qaranlıq görürdüm.

Çox maraqlıdır. İçəridə çöldən qocalırdım. Çöldə içəridən.

Həbsxanada saçım ağarmağa başlamışdı. Azadlıqda qanım qaralırdı.

Ürəyim tez-tez sancmağa başladı.

Bir il də keçdi. Televizorda dedilər ki, Milli Məclis keçmiş məhbusların cəmiyyətədə adaptasiyası üçün qanun qəbul edib. Bu onlarda yaxşı dəyişikliklər yaradacaq.

Aradan bir il də keçib, mən hələ də özümdə heç bir müsbət dəyişiklik hiss eləmirəm.

Böyrəklərim necə ağrıyırdısa elə də davm eliyir. Ürək sancıları artıb. Hələ üstəlik ayaqlarım da arada sözümə baxmır…

Ey, mənə oxşayan Adam!

Dəyiş!!!

Yoxsa sən heç vaxt ovçu olmayacaqsan. Sən ən yaxşı halda balıqçıya torpaqdan qurd çıxarıb verən birisi olacaqsan. O da hələ məlum deyil, tutduğu balığın ən balacasını sənə verəcək ya itinə aparacaq…

İndi mənimçün rüşvət alan yüksək vəzifəli məmurun balası ilə ölmüş heyvan ətini millətə yedirdən dönərsatanın, təqaüdçünün son qəpiklərini mənasız reseptlərlə apteklərdə əlindən aldıran adi həkimin balaları arasında heç bir fərq yoxdur.

Hamısı qarğışnan böyüyür.

Böyüyə böyüyə böyüdürlər hər şeyi.

Elə bil bizim məmləkət nadanları bağışlamaq və sevmək üçün doğur.….

Gör Qarabağ nə günə qalıb ki, onun işğaldan azad olmasını hamıdan çox istəyən mənəm.

Özü də billə billə ki, əlimizə keçsə paytaxtda İçəri şəhəri sökənlər dağların arasında Şuşanı nə günə qoyacaqlar.

Amma yenə istəyirəm. Arzulamıram a. Arzudan bezmişəm.

Elə 4 il əvvəl küçədə tanımadığım həmin qadına rast gəldiyim an da evdən arzu dalınca çıxmışdım. …

Əvvəl söz atdı, sonra söyüş söydü.

Gördü dinmirəm əl atdı saçımı yoldu, üz-gözümü cırmaqladı, köynəyimi cırdı, yaxşı bir şapalaq da vurdu sifətimə.

Burnumun qanını silib sakitcə dayanmışdım. Sonra öz üzünü qanatdı, yaxasını cırdı…

«Cinayət axtarış»dan iki nəfər gəlib özlərini təqdim etdilər. Sakitcə əllərimi uzatdım, qandalladılar.

Düz bir il sonra geri qayıtdım. Amma hələ də özümə qayıda bilməmişəm. Və yaxşı bilirəm ki, bundan sonra məni heç bəraət hökmü ilə də özümə qaytarmaq mümkün deyil…

Eh, bu da bir ömürdü, dünyanın tozunu götürdü…

Hara gedirəm arxamca bir qucaq arzu sürünür.

Heç biri indi mənə lazım olmayan arzular…

Arzular durnalar kimidi. Ölürlər qatarlanıb səndən uzağa uçmaqdan ötrü.

Sanki qatarlanıb uzaqlara uçanda daha maraqlı olduqlarını bilirlər.

Ulduzlar da belədi. Yaxında yandıran günəşdilər.

Uzaqda göz dolusu könül xoşluğu. Kim bilir kimlər onların arasında nələr gizlədir.

Mənimsə məhkumluq sirrim yaşadığım məmləkətin bütün insanlarının gözündən üzümə baxır.

Küçədə mənə diqqətlə baxan olanda uşaq kimi utanıram….

Uşaqlar dünyanın günahlarından götürməyə gəlirlər bu həyata.
Yalana insanlar göydə yoluxur.

Torpaq günahkarların materialıdı.

Onun üstündə həbsxanalar həmişə tikiləcək. Xüsusilə də bizim tərəflərdə…

Hərdən tualetdə balaca vaxtımı üz–gözünü turşudub oturan görürəm. Belə vaxtlarda anası deyir ki, gələndə dərman alarsan, uşağın qarnı ağrıyır.
Qapıdan çıxanda arxadan səs eşidirəm:

-Ay ana gəl məni yu!

Yadıma bəzən şam yeməyi zamanı meyvə şirəsi dolu bakallarımızın cingiltisi fonunda oğlumla mənim xorla ucadan dediyimiz ən sevimli “tost”umuz düşür:

Bizim anamız, VƏTƏNDİR!

(Amma bir dəfə də yumadı bizi. Elə batırdı ki, batırdı)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG