Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

Əsgər yoldaşlarını öldürən çavuşun istintaqı başa çatıb


Respublika Hərbi Prokurorluğu 3 əsgəri öldürməkdə, 2 əsgəri isə yaralamaqda təqsirləndirilən kiçik çavuş Orxan Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, bu il mayın 23-də Müdafiə Nazirliyinin Şəmkirdəki N saylı hərbi hissəsinin əsgərləri həmin rayon ərazisindəki Seyfəli poliqonunda təlim keçərkən kiçik çavuş Orxan Səfərov xidməti avtomatdan açdığı davamlı atəş nəticəsində əsgər yoldaşları – Mustafa Seyfəlovu, Taleh Hidayətovu və Nəriman Əsgərxanovu öldürüb. Digər əsgərlər - Ravil Ataşovla Şəhriyar Həsənovu isə yaralayıb.

Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələrilə ittiham olunan əsgər özünü qismən təqsirli bilib.

İbtidai istintaqa verdiyi ifadəsində göstərib ki, atəş açmasına səbəb hadisədən bir neçə gün əvvəl həmin əsgərlər tərəfindən davamlı şəkildə təhqiramiz hərəkətlərə məruz qalmasıdır. Əsgərin ifadəsinə görə, mayın 22-dən 23-nə keçən gecə yatmış vəziyyətdə olarkən çavuş Mustafa Seyfəlov onun üstünə sidik ifraz edib. Digər əsgərlər isə Mustafa Seyfəlovun bu təhqiramiz hərəkətini dəstəkləyərək təhqir olunmuş əsgəri məsxərəyə qoyublar. Səhər saat 11 radələrində poliqonda təlim keçərkən əsgər onu təhqir etmiş yoldaşlarından intiqam almaq fikrinə düşüb və avtomatı onlara tərəf çevirərək davamlı atəş açıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, iç materialları hakim Mürsəl Əliyevin icraatına verilib. Məhkəmə baxışı isə oktyabrın 9-na təyin edilib.
XS
SM
MD
LG