Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Əfqanıstanda koalisiya qüvvələri geriləyir, Taliban güclənir


«Taliban» döyüşçüləri, 26 sentyabr 2008

«Taliban» döyüşçüləri, 26 sentyabr 2008

İndi Əfqanıstan ərazisinin 80 faizində «taliban»çılar var. Amma keçən il onlar ölkə ərazisinin 72, 2007-ci ildə isə 54 faizində idilər. İldən-ilə bu geriləmə nədir? Əfqanıstanda nə baş verir?

Bu sualın cavabını ABŞ-ın müdafiə naziri Robert Qeytsdən soruşublar. Corc Vaşinqton Universitetində Dövlət katibi Hillari Klintonla birlikdə ABŞ-ın xarici siyasətinin müzakirəsi zamanı verilən həmin suala müdafiə nazirinin cavabı:

«Reallıq bundan ibarətdir ki, biz və müttəfiqlərimiz Əfqanıstana lazımi qədər qoşun yollaya bilmirik. Görünür, indi zaman Əfqanıstanda «Taliban»ın xeyrinə işləyir».

Robert Qeyts deyir ki, Əfqanıstanda vəziyyət gərgindir və getdikcə də pisləşir.

Əfqanıstandakı ABŞ və NATO hərbi qüvvələrinin komandanı general Stenli MakKristal da keçən həftə bədbin fikirlər səsləndirib. O, Londonda bir tədbirdə çıxışında deyib ki, Əfqanıstana əlavə qüvvələr göndərilməsə, «Taliban» üzərində qələbəyə təminat yoxdur.

Hazırda Əfqanıstanda ABŞ və onun müttəfiqlərinin 60 minlik ordusu «Taliban»la döyüşür. Hələlik qeyri-rəsmi məlumatlara əsasən, Stenli MakKristal əlavə 40 min əsgər tələb edir. Yəni, «Taliban»ı məğlub etməyə 100 minlik ordu lazımdır.

Hillari Klinton və Robert Qeyts Corc Vaşinqton Universitetində, 5 oktyabr 2009
Əlavə 40 min əsgər göndərmək fikrinə isə hətta prezident Obamanın öz partiyasında kəskin əleyhdarlar var.

Müdafiə naziri Robert Qeyts deyir ki, son vaxtlar baş verən iki ciddi hadisə Əfqanıstanla bağlı siyasətə yenidən baxmaq zərurəti yaradıb. Onlardan birincisi, qoşunların komandanı, general Stenli MakKristalın əlavə qüvvələr istəməsi, ikincisi də Əfqanıstanda keçirilmiş prezident seçkilərinin «aşkar qüsurları». Bu iki amil siyasəti yeniləməyi tələb edir.

Universitetdəki müzakirədə iştirak edən Dövlət katibi Hillari Klinton da deyib ki, dəyişiklik olacaq, amma məqsəd eynilə qalır. Klinton bildirib ki, Əfqanıstana dair siyasətin məqsədini prezident Obama hələ keçən ilin martında müəyyən edib - «əl-Qaidə» darmadağın edilməlidir. İndi müzakirə edilən yeni yanaşmalarda həmin məqsəd olduğu kimi qalır, amma ola bilsin ki, bəzi taktiki və strateji addımlar dəyişdirilsin.

Amma hələlik dəyişikliyin mahiyyəti haqqında ABŞ rəsmiləri heç biri məlumat verməyiblər. Bildiriblər ki, bu müzakirələr hələlik ölkənin rəhbərliyi səviyyəsində aparılır və yəqin ki, yaxın həftələrdə prezident Obama öz qərarını elan edəcək. Oktyabrın 6-sı axşam prezident məsələni Konqresin rəhbərləri ilə müzakirə etməlidir.

Hələlik qeyri-rəsmi məlumatlara əsasən, müzakirə olunan variantlardan biri kimi koalisiya qüvvələrinin bütün ölkə boyu yayılmaması, yalnız Pakistanla sərhədə diqqət yetirməsi nəzərdə tutulur.

Müdafiə naziri Robert Qeyts bildirib ki, Əfqanıstanda məğlubiyyətin nəticələri hamıya aydındır. Bu halda «Taliban» və «əl-Qaidə» sıralarına daha çox adam cəlb edər, dünya üzrə cihadçılara olduqca güclü mesaj verərdi.

Corc Vaşinqton Universitetindəki müzakirələri lentə alan CNN televiziyası onu oktyabrın 7-si axşam yayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG