Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:13

Tələbənin universitet rəhbərliyinə qarşı iddiası təmin olunmayıb


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Röyal Cəbiyevin həmin universitetin prorektoru Rafiq Sadıqova qarşı vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair qaldırdığı iddia təmin olunmayıb. Oktyabrın 5-də Yasamal rayon Məhkəməsində keçirilən yekun məhkəmə iclasında hakim iddianın əsassız hesab edilməsinə dair qətnamə çıxarıb.

Universitetin 4-cü kurs tələbəsinin məhkəmədə iddia qaldırmasına səbəb hələ birinci kursda oxuyarkən «musiqili teatr aktyoru» ixtisasını «musiqili teatr rejissoru» ixtisasına dəyişmək istəməsi, lakin buna nail olmamasıdır.

Tələbəni məhkəmədə öz anası Mehriban Hüseynova təmsil edib. O, məhkəmənin nəzərinə çatdırıb ki, övladı ixtisasını dəyişmək üçün universitet rəhbərliyinə müraciət etsə də, ondan 3 min manat rüşvət istəyiblər. Lakin tələbə rüşvət vermədiyinə görə ixtisasını dəyişmək istəyi baş tutmayıb:

«Köçürmə ilə bağlı aktyor sənəti fakultəsinin dekanı Ötkəm İskəndərovla görüşərkən,o, mənə bu məsələdən ötrü prorektor Rafiq Sadıqova 3 min manat pul vermək lazım olduğunu dedi. Mən o qədər pulum olmadığını bildirdim. Onda dekan mənə təklif etdi ki, prorektorla danışıb qiyməti aşağı endirim».

Universitetin prorektoru Rafiq Sadıqov isə məhkəmənin nəzərinə çatdırıb ki, tələbə Röyal Cəbiyev birinci kursda səhnə danışığı fənnindən «2» qiyməti aldığına görə onun ixtisasını dəyişmək mümkün olmayıb.

Prorektor Röyal Cəbiyevin 1-ci kursdakı qiymət vərəqəsini də məhkəməyə təqdim edib. Lakin Mehriban Hüseynova məhkəməyə bildirib ki, prorektorun təqdim etdiyi qiymət vərəqəsi saxtadır. O, məhkəməyə oğlunun 1-ci kursda oxuyarkən səhnə danışığı fənnindən «4» qiyməti aldığını təsdiqləyən qiymət kitabçasını təqdim edib və qiymət vərəqəsi ilə qiymət kitabçasının ekspertizasını xahiş edib.

Prorektor Rafiq Sadıqov isə bildirib ki, tələbəyə «4» qiyməti Təhsil Nazirliyinin kuratoru İradə Quliyevanın tapşırığı əsasında yazılıb.

Hakimsə nə qiymət kitabçasının, nə də qiymət vərəqəsinin ekspertiza olunmasını tzmin etməyib və tələbənin universitet rəhbərliyinə qarşı iddiasının təmin olunmamasına dair qətnamə çıxarıb.

Tələbənin valideyni məhkəmə qətnaməsindən apellyasiya şikayəti verəcəyini bildirib.
XS
SM
MD
LG