Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:04

«Lal-kar uşaqlarımı məktəbdə döyürlər»


«Qaynar xətt» sizin bizə müraciətləriniz əsasında hazırlanır
«Qaynar xətt» sizin bizə müraciətləriniz əsasında hazırlanır
Bakı sakini Sadiq Musayev iddia edir ki, onun iki uşağı oxuduğu məktəbdə işgəncələrlə üzləşib. Bu uşaqlar lal-kar olduğu üçün xüsusi məktəbə gedirlər. Uşaqlar hələ 9-10 yaşlarında olsalar da, artıq ikinci məktəb dəyişiblər:

- Gördüm ki, müəllim uşaqları döyür, ona görə də məktəbini dəyişdirdim.

Amma yeni məktəb də Sadiq Musayevə xoş gəlməyib. Həm məktəbin köhnə, həm də yeni rəhbərliyi ilə yola getməyib:

- Dözdüm, gördüm yox, burda da müəllimlər uşaqları döyməkdən əl çəkmirlər. İki oğlumu götürüb tərcüməçiylə danışdırdım. Onların dediklərini telefonumla videoya çəkdim. Kənarda da balaca uşaqlar var idi. Gördülər ki, söhbət uşaqların döyülməyindən gedir, onlar da yaxınlaşıb öz başlarına gələni danışdılar, bədənlərini açıb göstərdilər.

Sadiq Musayevin sözlərinə görə, uşaqlarının döyülməsiylə bağlı yerli polisə ə məhkəməyə şikayət edib. Amma bunun heç bir nəticəsi olmayıb:

- Məhkəmə ədalətli keçirilmədi. Heç uşaqları gətirib dindirmədilər. Məktəbin rəhbərliyi də gördü ki, mən şikayət eləyirəm, uşaqlarımın ruhi xəstə olması barədə saxta tibbi arayış hazırladılar. Bunun əsasında da uşaqlarımı məktəbdən çıxardılar.

VALİDEYN MÜƏLLİMİ ŞANTAJ EDİR?

3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova isə deyilənləri təkzib edir. Deyir ki, əksinə Sadiq Musayev bir valideyn kimi müəllimləri təngə gətirib, onları şantaj edir. Uşaqlara isə barmaqlarının ucuyla da toxunmurlar. Bahar Kərimova:

- Necə oldu ki, 300-dən çox uşağın valideyni şikayət eləmədi, bircə bu şəxsin uşağı döyüldü? Bizdə uşağa cəza vermək qadağandır. Bu valideyn hər yerə yazır, şikayət eləyir, polisə, məhkəməyə getdi, dedikləri öz təsdiqini tapmadı. Əgər onun uşağı döyülübsə, ekspertizadan kağız gətirsin ki, bəli, uşaq döyülüb.

- Bu valideynlə aranızdakı münaqişə nəylə bağlıdır?

- Heç bir münaqişə yoxdur. Əksinə, bu valideyn özü müəllimlərdən, hər şeydən narazıdır. Kollektiv dəfələrlə etiraz edib ki, onun əlindən bezmişik. Bizi şantaj edir.

- Şantaj edib nə istəyir?

- Eşitdiyimə görə, köhnə rəhbərlikdən pul istəyib. Mənim xəbərim yoxdu. Guya nələrisə deməmək üçün pul istəyib. İndi də ora-bura şikayət eləyir.

- Bəs onun uşaqları necə oxuyurlar?

- Biri yaxşı oxuyur, amma o biri narahat uşaqdır. Atası vaxtında müalicə elətdirmir, elə danışır ki, guya bizim ona borcumuz var.

Bahar xanım saxta tibbi arayışın olmadığını və uşaqların da məktəbdən atalarının ərizəsi əsasında çıxarıldığını deyir. Sadiq Musayev isə bunu təkzib eləyir, onun sözlərinə görə, Təhsil nazirinin adına ərizəni bir məqsədlə yazıb ki, uşaqların saxta tibbi arayış nəticəsində məktəbdən çıxarılmasıyla bağlı məhkəmə davasında onlar təhsilsiz qalmasınlar:

- Qiymət cədvəlini, əmrin surətini, bir də uşaqlarım haqqında xasiyyətnamə istəyirəm, amma rəhbərlik bunları mənə vermir.

UŞAQLAR TƏHSİLSİZ QALIBLAR

Təhsil Nazirliyinin məsul işçisi Əlvan Seyidov da deyir ki, valideyn Musayevin bu ittihamlarından xəbərdardırlar:

- Musayev özü könüllü uşaqlarının məktəbini dəyişməklə bağlı nazirə ərizə yazıb. İndi uşaqlar 1 saylı kar uşaqlar üçün məktəbin şagirdidirlər. Özü də çox intizamlı bir müəllimin sinfindədirlər. Amma valideyn uşaqlarını məktəbə buraxmır.

Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov isə deyir ki, valideynin rəsmi müraciəti əsasında onlar bu şagirdlərə cəza verilməsi iddiasını araşdıra bilərlər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG