Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14
PREZİDENT SƏFƏRDƏ OLANDA QİYMƏTLƏR ARTIR. QANUNAUYĞUNLUQDUR?!

Metroda gediş haqlarının 3 dəfə artırılması ilə bağlı bloqlarda bir neçə yazıya rast gəlsəm də, Dərvişin postu mənə daha maraqlı gəldi (metro ilə gedib-gələn digər bloqqerlər məndən inciməsin).

Dərviş yazır ki, prezident xaricə ezamiyyətə gedən kimi Tarif Şurası toplaşıb, metroda gediş haqlarını qaldırıb. Baxmayaraq ki, Bakı Metropolitenin rəhbəri Tağı Əhmədov əvvəllər dəfələrlə tariflərin artırılmayacağını bəyan etmişdi:

«Bütün qiymət artımları İlham Əliyevin ölkədə olmadığı vaxt baş verir. Bu nə metoddur?
«Yaxşı hökmdara» inam sarsılmazdır. Beləliklə qiymətlər 3 dəfə artırılıb. Pisdir ya yaxşı?! Gediş haqqının 5 qəpikdən 15 qəpiyə artırılması bəlkə də qorxulu deyil. Əslində gedişin 5 qəpik olması simvolik ödənişdir. Və Moskva və Piter metrosu ilə (1 gediş 20 rubldur) müqayisə etsək, bir gediş üçün 15 qəpik bir o qədər də çox deyil. Əgər bir məsələ olmasaydı... Xalqın böyük əksəriyyətinin orta əmək haqqı və həyat səviyyəsi.

Məncə maraqlı yazıdır, istəsəniz davamını oxuyun.

DÖZÜMLÜ MİLLƏT BAŞ ALIB ƏLİYEV KANALLARINDAN QAÇIR

Roman Polanski ilə ərəb şeyxlərini müqayisə edəndən sonra İlqar Məmmədov bu dəfə də bloqunda Ramiz Mehdiyevin «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı yazısına öz münasibətini bildirib.

«Sayın Mehdiyev elə bilir ki, kanallarda yönətim pisdir deyə onlar gül açmamış solublar.

Allah Ramiz bəyin canını sağ eləsin! Uzun illərdir kanallarımıza göstərdiyi qayğısıyla, mənim kimilərin adlarını bütün qara siyahılara soxmağıyla ona nail olub ki, indi tək biz yox, iqtidar da xalqa öz sözünü televizordan çatdıra bilmir. Dözümlü millət baş alıb Əliyev kanallarından qaçır.

Biz, Respublikaçı Alternativ, hələ avqustda xoşxəbər olduq ki, milli kanallara baxış ilin əvvəlindən 20 faiz azalıb. Demək olar ümumi telebaxışda Azərbaycan kanallarının payı 50 faizdən aşağıya düşmək ərəfəsindədir və ya hətta düşüb! Bu kimi xeyirli fəaliyyətlərinə görə hətta istəyirdik sayın Mehdiyevə REAL-ın fəxri üzvlüyünü təklif edək...»

P.S. Hələ də ANS-in baş meneceri Seyfulla Mustafayevin qorxudan ağarmış sifəti və əsən əlləri gözümün qarısındadır: «İlqar canlı efirə çıxa bilməz!!! Çıxsa bizi bağlayacaqlar!!!» Nə var nə var, işçilərindən kimsə fikir vermədən məni az qala canlı efirə buraxırdı. Efirə iki dəqiqə qalmış veriliş qadağan edildi...»

PARİSLİ BAHALI MAŞINA EHTİYACI OLMADIĞINI NÜMAYİŞ ETDİRİR, AZƏRBAYCANLI İSƏ NƏHƏNG MAŞIN SÜRMƏKLƏ LOVĞALANIR

ScaryAzeri (Qorxmuş Azəri) adlı bloqçunun postu mənə ona görə maraqlı gəlir ki, o xaricdən yazır. Kənardan Azərbaycanı, onun «özəlliklərini» müqayisə edir, bu da postlarına fərqli rəng qatmış olur. Bu dəfə avropalılarla azərbaycanlıların maşın zövqlərini müqayisə edir.

«Qorxmuş Azəri» təəccüblənir ki, Fransada insanların maşınlara baxışı Böyük Britaniyadan fərqlidir. Parislilər bahalı maşına ehtiyacı olmadığını açıq nümayiş etdirməklə isə azərbaycanlıların tam əksidirlər.

«Necə olur ki, fransızlar bu qədər təmkinli olur və maşınlarına görə narahat olmurlar?..

Bu günlərdə Bakı ağla gəlməyən sayda nəhəng, qara və ağ maşınlarla dolub. Hummer, Range Rover və sair. Bu maşınlar 3-cü dünya ölkəsinə aid küçələr boyunca sürülür. Əlbəttə bu tək lovğalıq üçün deyil. Böyük və etibarlı avtomobili geriyə - evə sürməyin bir neçə praktik xüsusiyyəti də var. Siz başqalarından daha çox hörmət görürsünüz, (tez-tez kobud) sürücülər və polis sizə hörmət göstərir. Sizin sağ qalmaq şansınız da çoxdur – atasının pulu ilə sürücülük vəsiqəsi almış sərxoş gənc maşınını sizə çarparsa. Bundan savayı maşının arxası sizi çala-çuxur yollardan daha yaxşı qoruyacaq...»

Bloqer əlavə edir ki, maşınlara heç bir zaman «imic meykerlər» kimi baxmayıb. Amma burada vəziyyət fərqlidir. «Siz nəinki maşın alırsınız, özünüzü elan etmiş də olursunuz».

AZƏRBAYCAN MUSİQİÇİLƏRİNİN «CIĞALLIĞ»I

Uzun müddətdir bloqunu yeniləməyən Firudin Allahverdi nəhayət gündəliyi üçün vaxt və mövzu tapıb. Oktyabrın 2-də göndərdiyi son postunda Bakıda keçirilən «Qərb və Şərq orta əsrlərin qəhrəmanlıq eposlarında: Nibelunqlar nəğməsi və Kitabi Dədə Qorqud» simpoziumundan yazıb. Bloqqer tədbirdə Azərbaycan musiqiçilərinin «cığallıq» etdiklərini, orta əsr əvəzinə, 20-ci əsr musiqisini səsləndirdiklərini deyir.

QARANLIQ 28 MAY

Vəlvələ adlı bloqqer təzəlikcə itin öz yiyəsini tanımadığı məkanla tanış olduğundan yazır. 28 May metrosunun ətrafında gördüklərini oxusanız bəlkə sizlər də onun fikirləri ilə razılaşarsınız. Sadəcə bir əlavəm odur ki, postunda təsvir etdiyi hadisəyə nəinki 28 Mayda və ya onun ətrafında, Bakının az qala hər qarışında rastlaşmaq olar.

Vəlvələnin yazısından kiçik parça verib, həftəlik bloq icmalına nöqtə qoyuram.

«Bir çox qız dostlarım mənə deyəndə ki, valideynləri onları axşam saatlarında 28 may metrosunun ətrafından keçməyə qoymur. Çünki orada it yiyəsini tanımır. Çox təəccüblənirdim. Hətta bəzilərinə təsəlli də etməyə çalışırdım ki, siz nə danışırsınız. Axşam vaxtı 28 may metro stansiyasının ətrafında o qədər polis olur ki, orada yiyəsini tanımayan iti həmin dəqiqə zəncirləyib aparıb sahibinin ayaqlarının altına atarlar.
Axır ki mənim də yolum təsadüfən gecə saatlarında (21:00-da) sözü gedən metronun lap bir addımlığında yerləşən C. Cabbarlı parkının içindən keçdi. Yeni təmir olunmuş yeraltı keçidin Fizuli küçəsi tərəfə olan çıxışının qarşısında qoca bir rus qadının (qoca deməyim xətrinə dəyirsə üzr istəyirəm) nə vaxtsa özünün oxuduğu kitabları yerə qoyaraq satmağa çalışdığını gördüm».

Bu arada Vəlvələ daha öncəki postunda insanlara əxlaq dərsi keçib – çörəyi zibildən çıxanlar ... Zibilçilər yazısında.

Lüğət:

Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG