Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:40

«Heydər Əliyev Sarayının təmirinə 55, metropolitenə 33 milyon...»


Əyyub Hüseynov və İlham Hüseynli

Əyyub Hüseynov və İlham Hüseynli

«Dövlət kasıb təbəqədən əsirgədiyi vəsaitləri infrastruktur layihələrində göyə sovurur…».

Bunu «Panorama» verilişində iqtisadçı İlham Hüseynli dedi. Onun fikrincə, Tarif Şurasının birdən-birə metroda gediş haqlarını 3 dəfə qaldırması düzgün addım deyil:

«Bu il hökumət metropoliten idarəsinə 33 milyon manat dotasiya vermişdi. Görünür, metroya bu qədər dotasiya vermək istəmirlər. Dövlətin hər qəpiyinin qədrini bilməsi yaxşıdır. Ancaq bunu heç cürə başa düşmək olmur ki, təkcə Heydər Əliyev Sarayının təmirinə 55 milyon manat vəsait ayırmışdılar. Dövlət büdcə vəsaitlərini artırmaq üçün kasıb təbəqənin 5-10 manatına göz dikməməlidir. Əksinə, infrastruktur layihələrində mənimsəmə hallarının qarşısı alınmalıdır».

İlham Hüseynli deyir ki, infrastruktur layihələrində böyük korrupsiya halları müşahidə edilir:

«14 kilometrlik Əzizbəyov-Hava limanı yolu düz 250 milyon manata başa gəldi. Heç belə iş olar? İnkişaf etmiş Qərb ölkələrində bir kilometr yol 1-1.5 milyon manata başa gəlir. Belə çıxır ki, Əzizbəyov-Hava limanı yolunda hər kilometrdə 10 milyondan çox vəsait mənimsənilib. Elə bu pullarla metroya neçə illər dotasiya vermək olardı».

İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Əyyub Hüseynov isə deyir ki, şəffaf olmayan ölkələrdə bütün bunları təbii qarşılamaq lazımdır:

«Həmişə qaranlıq yerlərdə mikroblar inkişaf edir. Metropoliten idarəsinin gəlir və xərcləri ilə bağlı ictimaiyyətə bitkin məlumatlar verilmir. Hər yeraltı keçiddə ticarət şəbəkəsi qurulub. Bilinmir ordan əldə edilən vasitələr hara gedir. Bura reklam gəlirlərini də əlavə etmək olar».

Əyyub Hüseynovun fikrincə, Azərbaycanda istehlakçı hüquqları qorunmur:

«Ölkənin inkişaf dinamikası ilə daxili qiymətlər arasında böyük uçurum yaranıb. Necə olur ki, regionun ən zəif inkişaf etdiyi Ermənistanda metro xərcləri Azərbaycandan aşağıdır. Metro xərcləri Gürcüstanda da Azərbaycandakından ucuzdur»...

Şərhləri göstər

XS
SM
MD
LG