Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

Xaricdən dövlət hesabına gətirilən inəklər tələf olur


Almaniyadan gətirilən 770 cins mal Azərbaycanın 56 rayonunda fermerlərə satılıb

Almaniyadan gətirilən 770 cins mal Azərbaycanın 56 rayonunda fermerlərə satılıb

Büdcə vəsaitləri hesabına xarici ölkələrdən Azərbaycana gətirilən damazlıq inəklər tələf olmaqdadır. Kənd Təsərrüfatı Nazirliyinin bir qrup sabiq əməkdaşının prezidentə ünvanladığı məktubda belə deyilir.

250 İNƏKDƏN 74-Ü ÖLÜB

Məktubda qeyd olunur ki, prezidentin sərəncamı ilə Almaniyadan Azərbaycana gətirilən və 2 milyon manata başa gələn 250 inəkdən artıq 74-ü ölüb.

Müraciət müəllifləri qalan heyvanların da risk altında olduğunu bildirirlər. Onlar iddia edirlər ki, cavan heyvan adıyla rəsmiləşdirilən inəklər əslində yaşlı və xəstə olublar.

Kənd Təsərrüfatı Nazirliyində heyvanların öldüyünü təsdiqləyirlər, amma bunun deyilən qədər olmadığını bildirirlər. Nazirlik həm də səslənən rəqəmlərlə razı deyil. Nazir müavini İlham Quliyev deyir ki, Almaniyadan ölkəyə 770 baş cins inək gətirilib ki, buna da 3 milyon manat xərc çəkilib:

«Düzdür, orda müəyyən tələfatlar olub, bununla bağlı nazirliyin geniş toplantısı olub və bu işdə günahı olan mütəxəssislər cəzalandırılıb».

İlham Quliyev
İlham Quliyevin sözlərindən belə çıxır ki, bir inək təxminən 4 min manata alınıb. Prezidentə məktub yazmış sabiq nazirlik əməkdaşları iddia edirlər ki, 250 inəyə çəkilən xərcə əslində 4000 yerli inək almaq olardı.

«BİZ DƏ ŞİMAL RAYONLARINA GEDƏNDƏ XƏSTƏLƏNİRİK»

Nazirliyin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov heyvanların ölməsinin əsas səbəbini onların iqlimə uyğunlaşmaması ilə əlaqələndirir və bunu normal hal hesab edir:

«Biz özümüz də bəzən şimal rayonlarına gedəndə xəstələnirik, çünki o iqlimə birdən-birə uyğunlaşa bilmirik. Ümumiyyətlə, dünyanın hər yerində heyvandarlıqda 3 faiz ölüm normal haldır. Hələ 70-ci illərdə 70, 85-ci illərdə isə 150 min damazlıq heyvan alınıb gətirilib ki, belə ölüm halları onda da olub. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur».

Amma nazirlik nümayəndəsinə verdiyimiz təkidli suallara baxmayaraq, ölən heyvanların sayı açıqlanmadı. Əgər prezidentə müraciət edən baytarların dediyi rəqəmlər düzdürsə, onda Almaniyadan biri təxminən 4 min manata alınan heyvanlar arasında ölüm faizi 3 yox, 10 faizə qalxır. Bu isə nazirlik rəsmisinin bütün dünya üçün normal hesab elədiyi ölüm faizindən 7 faiz çoxdur.

Nazirliyin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov
Samux rayonundakı «Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Tərbiyə Yusifova bu inəklərdən 10-nu alıb. Amma deyir ki, bu qədər heyvana çəkilən xərci çıxarmaq və bununla gəlir əldə etmək xeyli çətindir. Üstəlik, hələ də heyvanların saxlanması və sağılması primitiv şəkildə həyata keçirilir:

«Hələ texniki və avtomatlaşdırılmış heç bir şey yoxdur».

«BU, «AT ALMAMIŞ, AXUR TİKMƏYƏ» OXŞAYIR»

Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Hafiz Babalı vəziyyətin belə bir həddə olmasını ölkədə mütəxəssis çatışmazlığı ilə əlaqələndirir. Deyir ki, ölkəyə daha məhsuldar mal-qaranın gətirilməsi müsbət haldır, amma ixtisaslı kadrların azlığı xərclənən pullara və görülən işlərə uyğun nəticə vermir. İqtisadçıya görə, bu, el məsəlində deyildiyi kimi, «at almamış, axur tikməyə» oxşayır:

«Yəni pul var gedib alıblar, amma növbəti addım kimi kadr olmalıdır. Əslində, 10 faizlik itki elə kadrların çatışmazlığının nəticəsidir».

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətindən (ASC) AzadlıqRadiosuna verilən məlumata görə, heyvanları tenderdə qalib gələn Almaniyanın «Interboves» şirkəti alır, onların Azərbaycana daşınmasını isə Böyük Britaniyanın «Rista Alliance» şirkəti həyata keçirir. «Aqrolizinq» ASC-də şöbə müdiri Kamil Şamilov deyir ki, hazırlanan təkliflər planında Azərbaycana ümumilikdə 40 min cins malın gətirilməsi nəzərdə tutulur.

Almaniyadan gətirilən 770 cins mal Azərbaycanın 56 rayonunda fermerlərə satılıb. İnəklər fermerlərə 50 faiz güzəştlə verilir. Fermerlərin dediyinə görə, hər bir inəyə sığorta ilə bir yerdə 2800 manat pul ödəyiblər.

Dövlət büdcəsi hesabına gətirilən heyvanlardan başqa iş adamları öz vəsaitləri hesabına Azərbaycana Hollandiyadan, Rusiya və Ukraynadan 1800 baş inək gətiriblər. Təkcə ötən ilin sonunda bir iş adamı Hollandiyadan 600 baş inək gətirib. Nazirlikdə ayrı-ayrı şəxslərin gətirdiyi bu heyvanlarla bağlı hər hansı problem olmadığını deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG